Turizm sektorunda inkişaf illəri
Turizm sənayesi müasir
dövrdə iqtisadiyyatın ən gəlirli sahələrindən
birinə çevrilib və bir sıra ölkələrin milli
gəlirlərinin formalaşmasında xüsusi
əhəmiyyət daşıyır. Zəngin tarixi irsi, mədəniyyəti,
mətbəxi, əhalisinin qonaqpərvərliyi ilə
seçilən Azərbaycanda da bu sahənin inkişafı üçün
geniş potensial və
təbii resurslar var. Son illərdə Azərbaycan turizm
sənayesi bir sıra böyük
hadisələrlə yadda qalıb.
2006-cı ildən ölkəmizdə turizm sahəsində dövlət siyasətini Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir. Nazirlik ölkəmizin mövcud turizm potensialının tanıdılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, xarici turist axınının təmin olunması, bu sahədə normativ-hüquqi aktların qəbulu, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi kimi məqsədyönlü işləri həyata keçirir.
Prezident İlham Əliyev qeyri-neft sektorun prioritet istiqamətlərindən olan bu sahəyə xüsusi diqqət göstərir. Ölkə başçısının 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”n icrası sektor üçün yeni bir mərhələ oldu. Prezidentin 15 fevral 2011-ci il tarixli sərəncamı ilə 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan edilməsi dövlətin bu sahəyə nə qədər önəm verdiyinin göstəricisi idi.
Ötən dövrdə turizm sahəsində kadr hazırlığı, peşə və ali təhsilin inkişafı istiqamətində də müvafiq addımlar atıldı. Hazırda bu sahədə Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kolleci fəaliyyət göstərir. Ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlər, o cümlədən “Eurovision -2012” mahnı müsabiqəsi, “Bakı-2015” I Avropa Oyunları xarici turistlərin ölkəmizə marağını daha da artırmış oldu.
Daxili turizmin inkişaf istiqamətləri
10 il ərzində daxili turizmin inkişafı, ölkəmizə daha geniş miqyasda xarici turist səfərlərinin təşviq edilməsi əsas istiqamətlərdən olub. Qusarda “Şahdağ” Turizm Mərkəzinin, Qəbələdə “Tufandağ” qış-yay turizm kompleksinin yaradılması ölkəmizdə turizmin mövsümiliyinin aradan qalxmasına səbəb olub. Azərbaycanda işgüzar (MİCE) turizmin inkişaf etdirilməsi məqsədilə dövlət və özəl sektorun partnyorluq modeli üzrə Azərbaycan Konqreslər Bürosu yaradılıb.
Azərbaycana müxtəlif ölkələrdən turistlərin cəlb edilməsi, yerli və xarici turistlərin məlumatlandırılması, həmçinin turizm marşrutlarının yaradılması məqsədilə turizm informasiya mərkəzləri yaradılıb. Hazırda ölkə üzrə 13 (Bakı, Gəncə, Naxçıvan, Şamaxı, Şəki, Lənkəran, Quba, Zaqatala, Xaçmaz, Qəbələ, Qusar, İsmayıllı və Bərdə) turizm informasiya mərkəzi fəaliyyət göstərir.
Azərbaycanda fəaliyyət göstərən turoperatorlar və media nümayəndələri üçün mütəmadi olaraq şəhər və rayonlara infoturlar həyata keçirilir. Bu infoturlar nəticəsində turizm şirkətləri ilə mehmanxanalar arasında əməkdaşlıq daha da genişlənir.
Daxili turizmin inkişaf etdirilməsi məqsədilə müxtəlif tarixi abidələr turist marşrutlarına salınıb, “Qala” Dövlət Tarix-Etnoqrafiya Muzeyi yaradılıb, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda genişmiqyaslı bərpa və konservasiya, elmi tədqiqat, abadlaşdırılma, Şabran və Lahıc tarixi-mədəni qoruqlarında turizm infrastrukturunun yaradılması istiqamətində işlər həyata keçirilib. Ölkə ərazisində arxeoloji, atçılıq, safari avto-tur, Bakıda “Şəhər turu”, Orta əsr Ağsu şəhərinə arxeoloji tur, xalça turu kimi turizm marşrutları da turistlərin marağına səbəb olur.
2015-ci ildə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 285-ə, hotellərin sayı 535-ə çatıb. Bu müddətdə Azərbaycanda turizmin davamlı inkişafı özünü ölkənin beynəlxalq reytinqlərində də göstərib. Dünya İqtisadi Forumunun (DİF) 2015-ci il üçün “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerə layiq görülüb.
Turizm şirkətlərinin fəaliyyətinin inkişaf etdirilməsi, onların işində mövcud olan problemlərin həlli, yerli və beynəlxalq tədbirlərdə iştirakı koordinasiya etmək məqsədilə Azərbaycan Turizm Şirkətləri Assosiasiyası yaradılıb. Müalicəvi turizmin inkişafı, çatışmazlıqların əlaqəli şəkildə aradan qaldırılması üçün 2013-cü ildə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi təsis edilib. Ölkəmiz həmçinin turizm fəaliyyəti ilə məşğul olan bir çox beynəlxalq təşkilatlarda da fəal təmsil olunur. Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyasının (“Skal İnternational”) Bakı klubu da uğurla fəaliyyət göstərir. Bu sırada yeni yaradılan qurumlardan biri də Yaşıl Kənd Turizmi Assosiasiyasıdır.
Turizm sənayesinin inkişaf etdirilməsi istiqamətində elektron xidmətlərdən istifadə olunması genişlənib, xarici turistlərə qısa müddətdə online vizaların verilməsi təmin olunub. Azərbaycanın turizm potensialını təbliğ edən www.azerbaijan.tourism.az saytı mütəmadi yenilənir. Bundan başqa, turist zonaları, abidələr və s. əhatə edən GoMap naviqasiya sistemi fəaliyyət göstərir.
Beynəlxalq əlaqələr, turizm sərgiləri
Son 10 il ərzində Azərbaycanla bir sıra ölkələr arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər bağlanıb, xarici ölkələrlə turizm sahəsində ikitərəfli əlaqələrin qurulması istiqamətində müvafiq işlər aparılır. 2013-cü ildə Azərbaycanın Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasına üzv seçilməsi dünya turizm ictimaiyyəti tərəfindən ölkəmizə verilən dəyərin göstəricisidir. İslam dünyası ilə mədəniyyət və turizm sahələrində çoxtərəfli əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf edir. Bu əməkdaşlıq həm İslam Əməkdaşlıq Təşkilatı, həm də onun ixtisaslaşmış institutları olan İSESCO, İRCİCA və s. təşkilatlar çərçivəsində həyata keçirilir. Nazirlik digər beynəlxalq təşkilatlarla turizm sahəsində əməkdaşlıq, turizm sahələrində mövcud proqramlarda iştirak istiqamətində fəaliyyətini davam etdirir.
Nazirliyin sifarişi ilə son on il ərzində ölkəmizin turizm imkanlarını əks etdirən rus, ingilis, fransız, ərəb, yapon, çin, alman, ispan və s. dillərdə reklam-çap məhsulları, CD və DVD disklər hazırlanmışdır. Bu reklam-çap məhsulları beynəlxalq turizm sərgilərində ziyarətçilərə, respublikamızın xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinə çatdırılır. Azərbaycan mədəniyyətini və turizmini təbliğ etmək məqsədilə “Euronews”, “National Geographic”, CNN, BBC, CNBC, “World Travel Channel” və s. telekanallarda reklam çarxları nümayiş olunur.
Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi əsas tədbirlərdən biri də beynəlxalq mədəni turizm marşrutları vasitəsilə Azərbaycan turizminin beynəlxalq turizm bazarına inteqrasiyasını təmin etməkdir. Bununla bağlı Avropa Şurasının müvafiq layihəsi çərçivəsində “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab yolları”, “İpək Yolu” və “Yəhudi irsi üzrə Avropa marşrutu”, “Alman yaşayış məskənləri” kimi beynəlxalq turizm marşrutları həyata keçirilir. Ötən müddətdə Fransa, Almaniya, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan, Ukrayna və digər ölkələrin aparıcı turizm şirkətlərinin nümayəndələri üçün ölkəmizdə info-turlar təşkil olunub.
Son illər nazirliyin iştirak etdiyi beynəlxalq turizm sərgilərinin coğrafiyası genişlənir. Bu müddət ərzində London, Nyu-York, Berlin, Milan, Madrid, İstanbul, Tokio, Dubay və digər şəhərlərdə keçirilən beynəlxalq turizm sərgilərində ölkəmiz layiqincə təmsil olunub. 2016-cı ildə 16 beynəlxalq turizm sərgilərində iştirak nəzərdə tutulub. Eyni zamanda hər il Bakıda Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF) keçirilir. 2010 və 2011-ci illərdə AİTF sərgisi çərçivəsində nazirliyin təşkilatçılığı ilə I və II Ümumrespublika Daxili Turizm Sərgisi də gerçəkləşib. Sərgiyə qatılan iştirakçıların sayı da ilbəil artmaqdadır. 2015-ci ildə sərgiyə 42 ölkədən 370 şirkət qatılıb.
Ölkəmizdə turizmin gələcək perspektivləri də diqqət mərkəzindədir. Nazirlik tərəfindən Azərbaycanda turizm siyasətinin planlaşdırılmasının və inkişafının əsas istiqamətlərini müəyyən edən “2016-2025-ci illər üçün Azərbaycanda Turizmin İnkişaf Strategiyası”nın layihəsi hazırlanaraq müvafiq qurumlarla razılaşdırılıb.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 29
yanvar.- S. 13.