Sadələşdirilmiş viza rejimi ölkəyə turist axınını artırır

 

Fevralın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün ölkəmizin hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin ediləcək

 

Yanvarın 26-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Holiday İnn Baku" hotelində elektron turist vizalarının rəsmiləşdirilməsinə həsr olunmuş tədbir keçirildi.

 

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin rəsmiləri, həmçinin ölkəmizdə gəlmə turizmi sahəsində ixtisaslaşmış və elektron turist vizaları vermək hüququ olan 56 turizm şirkətinin təmsilçiləri iştirak edirdi.

Əvvəlcə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizm sənayesi ilə sektorunun müdiri Bəxtiyar Qılıncov çıxış edərək tədbir haqqında məlumat verdi. Bildirdi ki, görüşün əsas məqsədi ölkəmizdə gəlmə turizminin mövcud vəziyyəti, problem və perspektivləri, elektron viza sisteminin tətbiqinin bu sahənin inkişafına təsirinin müzakirə edilməsidir.

Qeyd olundu ki, “Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq 2013-cü ilin 15 mart tarixindən ölkəmizə turizm məqsədilə gələn turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir. Həmçinin Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli qərarı ilə “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası” təsdiq edilib.

Elektron turist vizalarının verilməsi sisteminin tətbiqindən sonra Avropadan ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunur. Hazırda elektron vizaların verilməsi ən geci 10 günündə həyata keçirilir. Bu müddətin 5 gününə kimi azaldılması üçün Mədəniyyət və Turizm NazirliyiXarici İşlər Nazirliyi birgə Nazirlər Kabinetinə təkliflər göndərib. Bununla bağlı yaxın gələcəkdə qanunvericilikdə dəyişiklik ediləcək.

Bəxtiyar Qılıncov bildirdi ki, elektron viza sistemi fəaliyyətə başlayandan bu vaxtadək akkreditasiyadan keçmiş 56 turizm şirkəti tərəfindən 47477 turist üçün elektron viza rəsmiləşdirilib.

Sektor müdiri onu da diqqətə çatdırdı ki, Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, MalayziyaSinqapur vətəndaşlarına 1 fevral 2016-cı il tarixindən etibarən ölkəmizin bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin ediləcək.

Xarici İşlər Nazirliyinin Viza şöbəsinin müdiri Elmar Qədimov elektron viza sisteminin fəaliyyətindən danışdı, bu sahədə turizm şirkətlərinə bir sıra tövsiyələr verdi. Qeyd etdi ki, 2015-ci il ərzində turizm şirkətləri tərəfindən 24872 xarici turistə elektron viza verilməsini həyata keçiriblər. Bildirdi ki, 10 noyabr 2015-ci il tarixindən etibarən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına sadələşdirilmiş viza rejimi tətbiq edilib. Həmin vaxtdan bu günə kimi bu ölkədən 3 min nəfərdən çox vətəndaş Azərbaycana turist səfəri edib.

Sonra turizm şirkətlərinin nümayəndələri üçün elektron vizaların rəsmiləşdirilməsi məsələləri ilə bağlı treninq keçirildi. Bu zaman ortaya çıxan problemlər və onların aradan qaldırılması yolları izah olundu. Turizm şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırıldı.

 

Fariz

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 12.