Siyəzən rayon ictimaiyyət nümayəndələrinin
iştirakı ilə müşavirə
Yanvarın 28-də
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
Siyəzən şəhərindəki Mədəniyyət
evində müşavirə keçirdi.
Müşavirədə rayon ictimaiyyətinin
nümayəndələri, ziyalılar, mədəniyyət və
turizm sahəsində çalışan insanlar iştirak edirdi.
Tədbirdə çıxış edən Əbülfəs Qarayev ölkəmizin 25 illik müstəqillik tarixində keçdiyi inkişaf yolundan, bu yolda qarşıya çıxan çətinliklərdən danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə Azərbaycanın strateji inkişaf xətti müəyyən edildi, respublikamız müstəqilliyin ilk illərinin ağır böhranından çıxdı, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün fəsadlarının aradan qaldırılması, müharibədən ən çox əziyyət çəkən qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görüldü, iqtisadi islahatlar həyata keçirildi.
Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni inkişaf yoluna qədəm qoyub. Dinamik iqtisadi tərəqqi, bütün sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanın dünyada nüfuzunun artmasına, o cümlədən tarixi-mədəni irsimizin, zəngin incəsənətimizin daha geniş miqyasda tanıdılması və təbliğinə də zəmin yaradıb. Bu gün ölkəmiz regionun lider dövlətinə çevrilib. Azərbaycan "Eurovision-2012" mahnı müsabiqəsi, I Avropa Oyunları, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər böyük beynəlxalq tədbirlərə, festival, müsabiqə və sərgilərə ev sahibliyi edir.
Nazir vurğuladı ki, ölkəmiz xalqların sülh, qardaşlıq və mehriban şəraitdə yaşaması ilə bütün dünyaya tolerantlıq nümunəsidir. Son illər ölkəmizdə bu istiqamətdə mühüm layihələr, mötəbər tədbirlər gerçəkləşib. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi təsadüfi deyil.
Əbülfəs Qarayev son dövrlər dünyada yaşanan qlobal iqtisadi böhranın, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin ölkəmizə də təsirindən danışdı. Qeyd etdi ki, milli valyutamızın devalvasiyaya uğraması nəticəsində yaşanan proseslər əhalidə müəyyən narahatlıq yaradır. Amma biz inanırıq ki, bu müvəqqəti çətinliklərdən də layiqincə çıxacağıq. Prezident İlham Əliyev tərəfindən bütün əlaqədar qurumlara bu çətinliklərin aradan qaldırılması, süni qiymət artımına son qoyulması barədə tapşırıqlar verilib, iqtisadiyyatın qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi ilə bağlı mühüm addımlar atılır.
Nazir bu xüsusda turizm sahəsinin inkişafına daha böyük diqqət ayrıldığını diqqətə çatdırdı. Bildirdi ki, ölkəmizin şimal bölgəsinin geniş turizm imkanları var. Siyəzən rayonunda da turizmin inkişaf etdirilməsi üçün işlər görüləcək.
Sonda nazir ictimaiyyət nümayəndələrini maraqlandıran sualları cavablandırdı.
F.Hüseynov
Mədəniyyət.- 2016.- 29
yanvar.- S. 8.