25 ilin 10 ili
Mədəniyyət və Turizm Nazirliyinin 10 yaşı tamam olur
Müstəqillik tariximizin son dekadası ölkəmizdə mədəniyyət və turizmin ahəngdar inkişafı ilə yadda qalıb
Bu il Azərbaycanın
dövlət müstəqilliyini bərpa etməsinin 25 ili
tamam olur. Müstəqillik illərində
ölkəmiz bütün sahələrdə tarixi inkişaf
yolu keçmiş, o cümlədən mədəniyyətimiz,
incəsənətimiz daha da zənginləşmiş,
dünyada daha geniş miqyasda tanınmış, füsunkar təbiətə,
əlverişli iqlim şəraitinə sahib respublikamız
dünya turizm xəritəsində layiqli yer tutmuşdur.
Tarix üçün 25 il kiçik zaman kəsiyidir və yalnız zəngin tarixi-mədəni irsə, güclü potensiala malik ölkələr müstəqillik bəyanından sonra belə qısa zamanda böyük inkişafa nail olurlar. Azərbaycan xalqını əsrlər boyu yaşadan və bugünlərə gətirən də milli-mənəvi və mədəni irsimiz olmuşdur. Prezident İlham Əliyev bu tarixi məqamı çox dəqiq şəkildə ifadə etmişdir: “Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər”.
Hər bir inkişaf özündən əvvəlki təmələ söykənir. Ötən əsrin sonunda milli dövlətçiliyini bərpa edən Azərbaycanın müstəqil inkişaf yolunda qazandığı nailiyyətlərin, mədəniyyət sahəsində uğurlarımızın da təməli böyük ölçüdə 70-80-ci illərdə ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə qoyulmuşdur. Keçmiş SSRİ-nin şəhərlərində xalqımızın görkəmli şəxsiyyətlərinin yubileylərinin, Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, ədəbiyyat, incəsənət xadimlərinin Sovet İttifaqının yüksək fəxri adlarına, təltiflərinə layiq görülməsi, Bakının dünyanın müxtəlif şəhərləri ilə qardaşlaşması və bu zəmində xaricdə Azərbaycanı təbliğ edən tədbirlərin təşkili - bütün bunlar böyük azərbaycanlı və böyük vətənpərvər Heydər Əliyevin tarixi xidmətləridir. Ulu öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də daima mədəniyyətimizin himayədarı, yüksək sənət xiridarı kimi bu sahəyə diqqət və qayğısını əsirgəməmişdir. Onun təməlini qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müasirlik, yeniləşmə ruhunda daha da zənginləşir.
Prezident İlham Əliyevin respublikaya rəhbərliyi ilk illərdən tarixi irsə bağlılıqla yanaşı modernləşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi və idarəetmədə islahatlarla müşayiət olunmuşdur. Dövlət başçısı bununla bağlı bildirmişdir: “Müasirlik, yenilik və eyni zamanda milli dəyərlərə, milli köklərə bağlılıq. Bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq”.
Möhtərəm Prezidentin 2006-cı il 30 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaradılması da dövlət idarəetmə sistemində islahatların davamı, mədəniyyət və turizm sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədi daşıyan bir qərar idi. Çağdaş dünyada bu sahələrin inkişafı bir-birinə sıx bağlıdır və zəngin mədəni irs, rəngarəng incəsənət ölkəyə turist cəlb edilməsində mühüm rol oynadığı qədər turizm sektorunun yüksəlişi də mədəniyyətin təbliğinə, ölkənin tanınmasına əlavə zəmindir. 2006-cı ildə ölkə başçısı tərəfindən Mədəniyyət və Turizm Nazirliyi qarşısında qoyulan vəzifələr məhz bu prioritetləri ehtiva edirdi.
* * *
2006-cı il iyulun 31-də Nazirlər Kabinetinin iclasında çıxış edən Prezident İlham Əliyev respublikamızın qədəm qoyduğu iqtisadi tərəqqinin tempinə uyğun olaraq digər sahələrin, o cümlədən mədəniyyət və turizmin inkişaf etdirilməsi ilə bağlı tapşırıqlar verdi. Qarşıya qoyulan ilk vəzifələrdən biri mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi ziyarət məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı idi. İclasda ölkənin mədəniyyət və turizm sahələrinin ümumi vəziyyəti və perspektivləri diqqətə çatdırıldı, o cümlədən turizmlə bağlı strateji xarakter daşıyan genişmiqyaslı layihələrin, bu sahənin bütöv regionları əhatə edən proqramlar əsasında inkişaf etdirilməsinin zəruriliyi vurğulandı. 2006-cı il mədəniyyət və turizm sahələrində yeni mərhələyə keçid dövrü oldu.
Ötən 10 ildə mədəniyyət və turizm ölkə başçısının ən çox diqqət ayırdığı sahələrdən olmuşdur. Təkcə bir faktı qeyd edək ki, 2006-2015-ci illərdə cənab Prezident bu sahələrlə bağlı 500-dən çox fərman və sərəncam imzalamışdır. Mədəniyyət və turizm siyasətinin qanunvericilik bazası yeni sənədlərlə zənginləşmiş, ayrı-ayrı sahələr üzrə dövlət proqramları qəbul edilmişdir.
Mədəniyyətə diqqət və qayğıdan danışarkən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın bu sahədə müstəsna xidmətlərini qeyd etməliyik. Hər zaman mədəniyyətimizin himayədarı olmuş Mehriban xanımın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi mədəni irsimizin dünyada tanıdılmasında yeni üfüqlər açmışdır.
2007-ci ildə Qobustan qayaüstü rəsmləri, 2009-cu ildə Azərbaycan aşıq sənəti, Novruz bayramı, 2010-cu ildə xalçaçılıq sənətimiz, 2012-ci ildə tar ifaçılığı, 2013-cü ildə çövkən milli oyunu, 2014-cü ildə kəlağayı sənəti, 2015-ci ildə də Lahıc misgərlik sənəti UNESCO-nun müvafiq siyahılarına salınaraq ümumbəşəri irs statusu qazanmışdır. Bu irs nümunələrimizlə bağlı fayllar Azərbaycanın birinci xanımının dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, digər əlaqədar qurumların birgə əməkdaşlığı ilə hazırlanmışdır.
Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən mədəniyyət sahəsində görülən işlər hamımız üçün örnək sayılacaq fəaliyyətdir. Fondun istər ölkəmizdə, istərsə də xaricdə həyata keçirdiyi layihələrdə Mədəniyyət və Turizm Nazirliyi də fəal iştirak edir. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulan “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı (2009), Qəbələ Beynəlxalq Musiqi Festivalı (2009), Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı (2010) artıq ənənəyə çevrilərək müasir mədəniyyət tariximizə yeni səhifələr yazmışdır.
Ötən 10 ildə ölkəmizin mədəni həyatı bir çox belə səhifələrlə zənginləşmişdir. 2006-2015-ci illərdə keçirilən Bakı Caz Festivalı, Beynəlxalq Rostropoviç Musiqi Festivalı, “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Müasir Musiqi Festivalı, Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi müxtəlif ölkələrdən tanınmış ifaçıları, kollektivləri bir araya gətirən, dünya musiqi xəritəsində Azərbaycanın adını tanıdan layihələrə çevrilmişdir. Bu illərdə Azərbaycan musiqi sənəti ən müxtəlif janr və çalarları ilə dünya səhnələrini fəth etmiş, ifaçılarımız yüzlərlə sənət yarışmasında uğur qazanmışdır. TÜRKSOY-un təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildə Ü.Hacıbəylinin “Koroğlu” operası türkdilli ölkə sənətçilərinin iştirakı ilə tamaşaya qoyulmuş, 2006-cı ildə Üzeyir bəyin “Arşın mal alan” operettası Vyanada, 2014-cü ildə Qara Qarayevin “Yeddi gözəl” baleti ilk dəfə ABŞ-da səhnə həyatı qazanmışdır.
Ötən 10 il Azərbaycan teatrları üçün xüsusilə yaddaqalan dövr olmuşdur. MDB məkanında ilk dəfə Azərbaycanda "Teatr və teatr fəaliyyəti haqqında" qanun (2006), habelə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı qəbul edilmişdir. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə paytaxtdakı beş teatrın (Kukla, Rus Dram, Gənc Tamaşaçılar, Milli Dram, Musiqili teatrlar), eləcə də Mingəçevir, Füzuli, Ağdam, Şəki dram, Gəncə kukla teatrlarının binaları əsaslı şəkildə təmir-bərpa olunmuş, Sumqayıt, İrəvan, Şuşa, Pantomima teatrlarına binalar verilmişdir. Bu illər ərzində teatrlarımız 28 ölkədə qastrol səfərlərində olmuşlar. Ölkəmiz teatrla bağlı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bakı Beynəlxalq Teatr Konfransı (2010, 2012, 2014) və Kukla Teatrları Festivalının (2011, 2013) sırasına 2014-cü ildə Şəki I Beynəlxalq Teatr Festivalı da qoşulmuşdur.
* * *
Qeyd etmək lazımdır ki, ölkəmizin mədəni həyatında bölgələrimizin fəal şəkildə iştirakı, paytaxtla regionların sosial-iqtisadi, mədəni mənzərəsində ahəngdarlığın təmin olunması, yerlərdə ən yüksək standartlar səviyyəsində mədəniyyət ocaqlarının yaradılması Azərbaycan Prezidentinin mədəniyyət siyasətinin prioritet istiqamətlərindəndir. Bu gün bütün dünyada qabaqcıl yer tutmaq istəyən dövlət özünün iqtisadi, siyasi gücü ilə yanaşı, mədəniyyəti, incəsənəti ilə də tanınmağı bacarmalıdır. Dövlət başçısı 2013-cü ildə Şəki Dram Teatrının binasında aparılan təmir və yenidənqurma işləri ilə tanış olarkən bu məqamı xüsusi diqqətə çatdırmışdır: “Azərbaycanın mədəni həyatı bütün dövrlərdə çox zəngin olub, bu gün də belədir. Müsəlman aləmində ilk teatr, ilk opera məhz Azərbaycanda yaranmışdır. Bu, bizim böyük sərvətimizdir. Çünki hər bir ölkənin inkişafı təkcə iqtisadi göstəricilərlə ölçülmür”.
2004-cü ildən həyata keçirilən regionların inkişafı üzrə dövlət proqramlarının, eləcə də 2011-ci ildən icra olunan Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində yüzlərlə mədəniyyət ocağı təmir-bərpa olunmuş, yeniləri inşa edilmiş, turizm və xidmət müəssisələri yaradılmışdır. Dövlət başçısının bölgələrə hər səfəri yeni mədəniyyət və istirahət obyektlərinin açılışı ilə yadda qalır.
Son 10 ildə Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin də başlıca istiqamətlərindən biri regionlarla bağlı olmuş, mədəniyyət evləri, muzey, kitabxana, musiqi və incəsənət məktəblərinin yenidən qurulması, tarixi-mədəni abidələrin təmir-bərpası ilə yanaşı, dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsində təcrübəsi nəzərə alınaraq yeni proqramlar hazırlanmışdır. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi məqsədilə 2010-cu ildən reallaşdırılan “Xalq Yaradıcılığı Paytaxtları” proqramı bu qəbildəndir. Regionların mədəni həyatına yeni ilmələr qazandıran proqrama əsasən beş il ərzində 15 şəhər və rayon “əfsanələr” (Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ), “folklor” (Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən) və “sənətkarlıq” (Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron) nominasiyaları üzrə “paytaxt” seçilmiş, çoxsaylı tədbirlər, layihələr həyata keçirilmişdir. 2015-ci ildə “Ədəbiyyat Paytaxtı” və “Milli Mətbəx Paytaxtı” kimi yeni nominasiyalar elan edilmişdir.
Bu illərdə proqram üzrə həyata keçirilən bir sıra layihələr geniş vüsət qazanaraq beynəlxalq mədəniyyət tədbirlərinə çevrilmişdir. Masallıda folklor festivalı, Qəbələdə mürəbbə festivalı buna nümunədir. Sevindirici haldır ki, “Xalq Yaradıcılığı Paytaxtları” proqramında uğurla təmsil olunan bəzi bölgələrimiz sonradan yeni, artıq beynəlxalq təşkilatlar formatında “mədəniyyət paytaxtı” adını qazanmışdır. 2013-cü ildə Qəbələnin “MDB-nin mədəniyyət paytaxtı” olması, Şəki şəhərinin 2016-cı il üçün TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi regionlarımızın mədəni irsinin tanıdılmasına mühüm töhfədir.
Bölgələrimizdə xalq yaradıcılığının qorunub saxlanılması, təbliği məqsədi daşıyan layihələrdən biri də 2010 və 2014-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi, nazirliyin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq aşıq festivalları olmuşdur. Nazirliyin 2015-ci ildə başladığı “Bölgələrdən paytaxta” layihəsi şəhər və rayonlarımızın sosial-iqtisadi inkişafı, mədəni irsi və turizm imkanlarının tanıdılmasına xidmət edir. İl ərzində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz və Zaqatala rayonlarının Bakıda təqdimatları keçirilmiş və böyük maraqla qarşılanmışdır. Ötən ilin sonunda “Paytaxtdan bölgələrə” adlı yeni layihənin icrasına başlanılmışdır. Layihənin məqsədi paytaxtın aparıcı muzey və qalereyalarında saxlanılan sənət incilərinin yerlərdə nümayişini, tanınmış sənətkarların və kollektivlərin çıxışlarını təşkil etməkdir.
Azərbaycanın mədəni zənginliyinin üstün cəhətlərindən biri də şəhər və rayonlarımızda yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin, adət-ənənələrinin qorunub saxlanılmasıdır. Nazirlik tərəfindən “Azərbaycan - doğma diyar” devizi altında 2006, 2008, 2011 və 2014-cü illərdə keçirilmiş milli azlıqların incəsənət festivalları bu mərama xidmət edir. Xalqımızın qeyri-maddi mədəni irsinin yaşadılması və təbliği məqsədilə 2006-cı ildən ənənəvi olaraq keçirilən Prezident kuboku uğrunda çövkən oyunu və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalına da bölgələrimizin marağı getdikcə artmaqdadır. Ötən ilin dekabrında gerçəkləşən Prezident kuboku yarışmasında paytaxtla yanaşı, 22 bölgəmiz təmsil olunmuşdur.
* * *
Müasir inkişaf, yeni texnologiyalar mədəniyyət siyasətində, mədəniyyət müəssisələrinin fəaliyyətində də islahatların aparılmasını zəruri edir. Ötən dövrdə bu sahədə atılan addımlardan biri də "Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması" layihəsidir. Layihəyə əsasən, klub sistemində mərkəzləşdirilmə və profilləşdirilmə üzrə əsaslı islahatlar aparılır, şəhər (rayon) mədəniyyət evləri əsasında mədəniyyət mərkəzləri və onların diyarşünaslıq, folklor, sənətkarlıq və digər profilli filialları yaradılır.
Yerlərdə muzey işinin günün tələbləri səviyyəsində qurulması, muzey ekspozisiyalarının zənginləşməsi, yeni texnologiyaların tətbiqi də diqqət mərkəzindədir. Prezident İlham Əliyev tərəfindən 2006-cı ildə nazirlik qarşısında qoyulan vəzifələrdən biri şəhər və rayonlarda tarix-diyarşünaslıq muzeyləri şəbəkəsinin genişləndirilməsi ilə bağlı idi. Prezidentin ölkədə muzey işinin yaxşılaşdırılması haqqında 2007 və 2009-cu illərdə imzaladığı sərəncamların icrası ilə bağlı bu istiqamətdə tədbirlər həyata keçirilmişdir. Hazırda nazirliyin tabeliyində 219 muzey fəaliyyət göstərir və onların 71-i tarix-diyarşünaslıq muzeyləridir. Dövlət başçısı bölgələrə səfərləri zamanı təmir-bərpa olunmuş, yeni binaları inşa edilmiş muzeylərin fəaliyyəti ilə də tanış olur. Muzey işinin genişlənməsində yerlərdə yaradılan Heydər Əliyev mərkəzləri də mühüm rol oynayır, hazırda ölkə üzrə 60 belə mədəniyyət ocağı fəaliyyət göstərir. Qobustan Milli Tarixi-Bədii Qoruğunun yeni muzey kompleksi, Qız qalasında yaradılan ekspozisiya bu sahədə müasir texnologiyaların uğurlu tətbiqinin nəticəsidir. İnşası dövlət başçısının daim diqqət mərkəzində olan və 2014-cü ildə açılışı keçirilən Xalça Muzeyinin yeni binası paytaxtımızın müasir memarlıq nümunələrindən birinə çevrilmişdir.
Ötən müddətdə müasir texnologiyaların, yeni standartların tətbiqi ilə mühüm inkişaf yolu keçən sahələrdən biri nəşriyyat və kitabxana-informasiya sahəsidir. 2006-cı ildən başlayaraq Azərbaycan kitabları müxtəlif ölkələrdə onlarla sərgi-yarmarkada təqdim olunmuş, nəfis tərtibatlı kitab sənəti nümunələrimiz beynəlxalq mükafatlara layiq görülmüşdür. 2009-cu ildə Bakıda ilk beynəlxalq kitab sərgi-yarmarkası keçirilmiş, iki ildən bir (2011, 2013, 2015) gerçəkləşən bu layihə Azərbaycan paytaxtını da dünyanın kitab sərgilərinin sırasına yazmışdır. 2015-ci ildə keçirilən IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 30 ölkənin təmsilçiləri və ölkəmizin 100-dən çox təşkilatı iştirak etmişdir.
“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” bu sahədə ciddi yeniləşməyə zəmin olmuşdur. Bu gün kitabxana-informasiya sahəsi dünyanın qabaqcıl ölkələri ilə müqayisə ediləcək səviyyədə yenidən qurulur. Azərbaycan Milli Kitabxana-İnformasiya Mərkəzi (AZLİBNET) yaradılmışdır. Bu sahədə digər mühüm layihə Azərbaycan kitabxanalarını vahid məkanda birləşdirən mərkəzləşdirilmiş elektron kitabxana sisteminin (ALİSA) qurulmasıdır. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin şəbəkəsinə 3000-ə yaxın kitabxana daxildir. Müasir dövrdə kitabxana sadəcə kitab saxlanılan yer deyil, informasiya və təbliğat məkanıdır. 60-dək şəhər (rayon) mərkəzi kitabxanasında turizm informasiya guşələrinin yaradılması bu mədəniyyət ocaqlarının yeni imkanlarının göstəricisidir. Nazirlik tərəfindən müvafiq reklam-çap məhsulları ilə təmin olunan guşələrdə oxucular yaşadıqları şəhər və rayonun, eləcə də respublikamızın digər bölgələrinin turizmi haqqında məlumat əldə edə bilərlər.
* * *
Bu gün dünya ölkələrinin təcrübəsinə nəzər salsaq görərik ki, turizmin inkişafı üç başlıca məqama söykənir: infrastruktur, xidmət keyfiyyəti və təbliğat. Ölkə başçısı turizm sahəsini qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri elan etmişdir və ötən illərdə turizmlə bağlı həyata keçirilən layihələr bunun təsdiqidir. Turizmin inkişafı üçün zəruri infrastruktur və təsislərin yaradılması, yol-kommunikasiya layihələrinin icrası sahəsində dövlət üzərinə düşən bütün işləri görür. Ötən müddətdə Qusar rayonu ərazisində regionun ən iri qış turizm kompleksi - “Şahdağ” Turizm Mərkəzi dövlət dəstəyi ilə yaradılmışdır. 2006-cı ildə nazirlik yaradılarkən Azərbaycan Prezidentinin bu sahədə qarşıya qoyduğu vəzifələrdən biri ölkənin ayrı-ayrı bölgələrində turizm klasterlərinin - kompleks xidmət təşkil edən zonaların formalaşması ilə bağlı idi, dövlətin infrastruktur dəstəyi sayəsində artıq bu gerçəkləşir.
“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası, 2011-ci ilin Prezident tərəfindən Azərbaycanda “Turizm ili” elan edilməsi də dövlətin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Dövlətin dəstəyi ilə ölkəmizdə turizmin müxtəlif növləri, o cümlədən böyük potensiala malik müalicə turizmi inkişaf etdirilir, Naftalan kurortu əvvəlki şöhrətini bərpa edir, Şabranda (Qalaaltı), Qəbələdə (Yengicə) müasir müalicə-turizm kompleksləri istifadəyə verilib.
Ölkəmizin turizm imkanları hər il nazirliyin iştirakı, eləcə də sektor təmsilçilərinə dəstəyi ilə müxtəlif ölkələrdə onlarla turizm sərgisində nümayiş olunur. 2001-ci ildən etibarən Bakıda ənənəvi Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF) təşkil olunur. 2015-ci ildə sərgiyə 40 ölkədən 300-dən çox şirkət qatılmışdır. Azərbaycan turizm sənayesinin inkişafı, bu sahədə imkanların tanıdılması məqsədilə 2006-cı ildən etibarən dünyanın aparıcı telekanallarında reklam çarxları yayımlanır. Ötən müddətdə 10 xarici dildə 60-dan çox növ reklam-çap məhsulu hazırlanmışdır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yaradılmış GoMap.az elektron naviqatoru Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda yaradılmış ilk elektron xəritədir. Turistlərin ölkəmizdə rahat səyahətinin təşkilinə imkan verən naviqasiya sisteminin elektron xəritəsində 8730 yaşayış məntəqəsi, 5 min tarixi-memarlıq abidəsi və s. əhatə olunmuşdur.
Sahənin inkişafı statistik rəqəmlərdə də özünü göstərir. 2015-ci ildə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 10 il əvvələ nisbətən 1,5 dəfə artaraq 285-ə, mehmanxanaların sayı 2 dəfədən çox artaraq 535-ə çatmışdır. Sözsüz ki, sayı ilbəil artan turizm müəssisələri üçün kadr potensialı günün vacib məsələsidir. Sektorda xidmət keyfiyyəti kadr hazırlığına bağlıdır. Ölkə Prezidentinin təşəbbüsü ilə 2006-cı ildə yaradılan Azərbaycan Turizm İnstitutu bu müddətdə sahə üçün yüksəkixtisaslı kadr hazırlığına mühüm töhfələr vermiş, 2014-cü ildə dövlət başçısının fərmanı ilə Azərbaycan Turizm və Menecment Universitetinə çevrilmişdir. İlk tədris ilinə bir fakültə və 3 ixtisas üzrə 200 tələbə ilə başlayan ali məktəbdə bu gün 3 fakültə və 12 ixtisas üzrə bakalavr və magistr pilləsində 1800-dən çox mütəxəssis hazırlanır. 2006-cı ildə fəaliyyətə başlayan Mingəçevir Turizm Kolleci, 2011-ci ildə yaradılan Bakı Turizm Peşə Məktəbi ötən dövrdə peşə yönlü yüzlərlə kadr hazırlamışdır.
Müasir tələblərə cavab verən kadr hazırlığı, mədəniyyətimizi, incəsənətimizi daha da irəliyə aparacaq peşəkarların yetişdirilməsi nazirliyin daim diqqət mərkəzindədir. Hazırda nazirlik sistemində 243 təhsil-tədris müəssisəsi, o cümlədən 183 uşaq musiqi, 51 uşaq incəsənət məktəbi fəaliyyət göstərir. 85 illik tarixə malik Bakı Xoreoqrafiya Məktəbinin bazasında 2014-cü ildə ölkə başçısının sərəncamı ilə ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılmışdır.
* * *
Ötən 10 ilə nəzər salarkən mədəniyyətin bütün sahələrində nailiyyətlərin, yeniliklərin şahidi oluruq.
Bu illərdə milli kino salnaməsinə uğurlu səhifələr yazılmışdır. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” yeni layihələrə zəmin olmuş, gənclərə geniş meydan açılmışdır. Bu illər ərzində 60-dan çox rejissor özünün ilk ekran əsərini çəkmişdir. Ümumilikdə 2006-2015-ci illərdə 39 tammetrajlı, 48 qısametrajlı bədii film, 155 sənədli ekran əsəri lentə alınmışdır. Müqayisə üçün qeyd edək ki, 1996-2005 illərdə 16 tammetrajlı və 4 qısametrajlı bədii film çəkilmişdi. Kino sahəsində inkişaf ekran nümunələrimizin müxtəlif festival və müsabiqələrdə qazandığı uğurlarda da özünü göstərir. Ötən 10 ildə filmlərimiz 40-dan artıq ölkədə 100-dən çox festivalda iştirak etmişdir. Dövlət Proqramı çərçivəsində istifadəyə verilən Azərbaycan Dövlət Film Fondunun binası texniki imkanlarına görə son illərdə dünyada inşa edilmiş ən müasir kino-arxiv müəssisələrindən biridir. Əsaslı yenidənqurma işlərindən sonra 2011-ci ildə Bakıda Nizami Kino Mərkəzinin istifadəyə verilməsi ölkəmizdə müasir səviyyəli kino prokatının əsasını qoymuşdur. Təsadüfi deyil ki, dövlətin bu sahədə nümunə olan addımından sonra yüksək standartlara cavab verən özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başladı.
Bu illər ərzində Azərbaycanın zəngin mədəni irsinin qorunub-saxlanılması, tarix-mədəniyyət abidələrinin öyrənilməsi və mühafizəsi ilə bağlı çoxsaylı layihələr icra olunmuşdur. Prezidentin müvafiq sərəncamları ilə 2007-ci ildə Qobustan Dövlət Tarix-Bədii Qoruğuna “Milli qoruq” statusu verilşmiş, Abşeron rayonunda “Yanardağ”, Ağstafa rayonunda “Keşikçidağ”, Bakının Suraxanı rayonunda “Atəşgah məbədi”, Quba rayonunda “Xınalıq” tarix-mədəniyyət, tarix memarlıq və etnoqrafiya qoruqları yaradılmışdır. “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın qəbul edilməsi milli-mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olmuşdur. Prezidentin müvafiq fərmanı (2014) ilə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılmışdır.
Mədəni inkişaf təsviri və dekorativ sənət sahəsində də əksini tapmışdır, 2007-ci ildən başlayaraq ölkəmiz Venesiya Biennalesində öz pavilyonu ilə iştirak edir. 2013-cü ildə Bakıda Cənubi Qafqaz üzrə ilk “Kukla” art qalereyası açılmış, 2011, 2013 və 2015-ci illərdə “Fusion doll” Bakı Beynəlxalq Kukla Biennalesi keçirilmişdir. Ötən 10 ildə respublika və beynəlxalq əhəmiyyətli ümumilikdə 500-dən çox sərgi təşkil edilmişdir.
* * *
Ötən 10 il mədəni irsimizin dünyada təbliğində yeni səhifələrlə yadda qalmışdır. Xalça ustası Lətif Kərimovun (2006), Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının (2008), “Arşın mal alan” operettasının (2013), görkəmli yazıçı Mir Cəlal Paşayevin (2008), Xalq rəssamı Səttar Bəhlulzadənin (2009), Xalq yazıçısı İlyas Əfəndiyevin (2014) 100 illik yubileyləri, böyük mütəfəkkir Seyid Yəhya Bakuvinin vəfatının 550, şairə Məhsəti Gəncəvinin yaradıcılığının 900 (2013), “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsi və nəşrinin 200 illiyi (2015) UNESCO səviyyəsində qeyd edilmişdir. 2006-2014-cü illərdə 21 ölkədə Azərbaycan mədəniyyəti günləri təşkil edilmiş, 14 ölkə öz mədəniyyətini Azərbaycanda təqdim etmişdir. “Bakı-2015” birinci Avropa Oyunları ölkəmizin zəngin mədəni irsinin dünyaya tanıdılması baxımından böyük bir fürsət olmuş, bu sahədə yeni layihələrə zəmin yaratmışdır.
10 il ərzində dünyanın müxtəlif ölkələri ilə mədəniyyət və turizm sahələrində əməkdaşlıqla bağlı ümumilikdə 70 müqavilə (51-i mədəniyyət, 19-u turizm sahəsi üzrə) bağlanmışdır. Azərbaycan BMT, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İSESCO, MDB, TÜRKSOY və başqa beynəlxalq təşkilatlarla mədəniyyət və turizm sahəsində səmərəli əməkdaşlıq qurmuşdur. Ölkəmiz beynəlxalq miqyaslı ən mötəbər tədbirlərə uğurla ev sahibliyi edir. 2009-cu ildə İSESCO-nun qərarı ilə “İslam mədəniyyətinin paytaxtı” elan olunan Bakı 2011-ci ildən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir, mədəniyyətlər və sivilizasiyalararası dialoq məkanı kimi tanınır. 2015-ci ilin noyabrında Bakıda İSESCO-nun Baş Konfransı və İcraiyyə Şurasının toplantıları keçirilmişdir, bu ilin aprelində isə paytaxtımız BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu qəbul edəcək.
Bütün bunlar dünya birliyi tərəfindən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə, ölkəmizdə tarixi ənənələri olan tolerantlıq mühitinə, bugünkü inkişaf və quruculuğa verilən dəyər, Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqi deməkdir. Müstəqilliyinin 25 yaşını tamamlayan Azərbaycan bu gün narahat, böhranlı, ziddiyyətli, münaqişələrin artdığı, maraqların toqquşduğu dünyaya barış, tolerantlıq mesajı, mədəni müxtəliflik, mədəni dəyərləri paylaşmaq nümunəsi verir. 2016-cı ilin dövlət başçısı tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ölkəmizin mədəniyyətlər və sivilizasiyalararası dialoqa, ümumbəşəri dəyərlərə bağlılığının göstəricisidir.
* * *
Tarix üçün
25 il, 10 il bir an deyib keçiləcək qədər
qısadır. Azərbaycanın əbədi və
dönməz müstəqilliyinin gələcək tarixi hələ
çox belə zaman dilimlərini, qərinələri, əsrləri
arxada qoyacaq. 10 ilini arxada qoyan Mədəniyyət
və Turizm Nazirliyinin fəaliyyəti də irəlidəki
zaman və bundan sonra görüləcək işlər
qarşısında, sadəcə, tarixə düşən
bir neçə sətirdir. Ötən 10
ildə mədəniyyət və turizm sahələrinə
bağlı 70 min vətəndaşımız bu sətirləri
layiqincə, əməli işlərlə yazmağa
çalışıb. Çalışıblar
ki, növbəti illərin, onilliklərin sətirləri daha
dolğun, daha zəngin olsun.
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Mədəniyyət.- 2016.- 29
yanvar.- S. 3.