Cümhuriyyətin
100 illiyi ilə bağlı elektron məlumat bazası yaradılacaq
Yanvarın 28-də Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Gürcüstan Milli Parlament Kitabxanasının baş direktoru Giorgi Kekelidze, biblioqrafik resurslar üzrə direktor müavini Levan Taktakişvili və şöbə müdiri Rusudan Asatiani ilə görüşüb.
Görüşdə əməkdaşlıq məsələləri, birgə layihələrin işlənməsi mexanizmi müzakirə olunub. 1918-1920-ci illərdə, Azərbaycan və Gürcüstanın ilk milli respublikaları dövründə Bakıda və Tbilisidə çap olunan qəzet və jurnalların tam komplektlərindən ibarət elektron məlumat bazasının yaradılması ilə əlaqədar müştərək layihənin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Həmin illərdə Bakıda və Tbilisidə çap olunan dövri mətbuat nümunələrini özündə tam əks etdirəcək bu layihə hər iki respublikanın 100 illiyi ərəfəsində oxucuların və mütəxəssislərin ixtiyarına veriləcək. Sayt Azərbaycan, gürcü, ingilis və rus dillərində tərtib ediləcək.
Layihənin təqdimatının aprelin sonlarında Tbilisidə iki
ölkənin milli kitabxana
direktorlarının və alimlərinin iştirakı ilə
keçirilməsi planlaşdırılır. Layihə 2018-ci
ilin əvvəlində müstəqil sayt şəklində təqdim olunacaq.
Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 3.