Turizmin inkişafı daha sürətlə getməlidir

 

Avropa Oyunlarından sonra Azərbaycana dünyada maraq daha da artdı. Biz bundan istifadə etməliyik”

 

“Azərbaycan bu illər ərzində dünyada multikulturalizmin inkişafına çox böyük töhfələr vermişdir. Təsadüfi deyil ki, bu il Bakıda Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcəkdir. Bu, qlobal forumdur, BMT-nin himayəsi altında keçiriləcəkdir. Budur bizim uğurlarımız, töhfəmiz, reallıqlarımız. Əminəm ki, bu il biz uğurlu inkişafı təmin edəcəyik”.

Prezident İlham Əliyev bu sözləri yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Konfransda nitq söyləyən Prezident bildirib ki, 2015-ci ildə dünyada iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq, Azərbaycanda bir çox məsələlər uğurla həll olunub. Asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alsaq bu, bizim böyük uğurumuzdur”, - deyən dövlət başçısı regionda baş verən münaqişələrin və Avropadakı miqrant böhranının radikal qüvvələrin güclənməsinə səbəb olduğunu, bunun da dünya üçün böyük təhlükə yaratdığını diqqətə çatdırıb. “Biz bu vəziyyətdə daha fəal işləməli, ölkə qarşısında duran məsələləri həll etməliyik”, - deyən Prezident Azərbaycanın beynəlxalq nüfuzunun artdığını vurğulayıb.

Prezident ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunubununla bağlı tədbirlərin icra edildiyini diqqətə çatdırıb.

Ötən il ölkəmizin iqtisadi inkişafının təmin olunduğunu söyləyən Azərbaycan Prezidenti qeyri-neft sənayesinin artdığını vurğulayıb: “Baxmayaraq ki, əvvəlki illərlə müqayisədə ümumi daxili məhsulun artması o qədər də böyük rəqəmlərlə ölçülmür, cəmi 1,1 faiz artmışdır. Ancaq indiki vəziyyətdə neftin qiymətinin dörd dəfə düşməsini nəzərə alaraq, hesab edirəm ki, bu, müsbət nəticədir. Ən müsbət nəticə isə ondan ibarətdir ki, qeyri-neft sənayemiz 8,4 faiz artmışdır. Bax, budur, əsas göstərici. Çünki bu, onu göstərir ki, ölkəmizdə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir”.

Azərbaycanın artıq böyük enerjikosmik layihələri icra edən bir ölkəyə çevrildiyini bildirən dövlət başçısı nəqliyyat sektorunda da mühüm addımların atıldığını, Azərbaycanın əvəzolunmaz nəqliyyat mərkəzinə çevrildiyini deyib.

Ötən il bütün sosial proqramların icra olunduğunu xatırladan Prezident bildirib ki, qarşıdakı dövrdə heç bir sosial layihə ixtisar olunmayacaq, 2016-cı il ciddi iqtisadi islahatlar dövrü olacaq: Görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda, çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır. Artıq müvafiq qərarlar qəbul edilmiş, qanunvericiliyə dəyişikliklər olunmuşdur. Mən bir neçə fərman, sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, biz bunu birgə səylərlə təmin edəcəyik”.

Prezident ölkədə son illərdə sahibkarlığın inkişafı ilə bağlı böyük işlərin görüldüyünü, regionlarda nəzərdə tutulan infrastruktur layihələrinin icrasının əhəmiyyətini vurğulayıb.

Yerli istehsalın sürətləndirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bildirib ki, dövlət qurumları və özəl sektor yerlərinin bağlandığı bölgələrdə bu məsələnin həllini diqqət mərkəzində saxlamalıdırlar. Biznesinvestisiya mühitinin yaxşılaşdırılması ilə bağlı məsələlər diqqət mərkəzində saxlanmalı, vergigömrük orqanlarının fəaliyyəti tam şəffaf olmalıdır.

Daxili bazarın, yerli istehsalın qorunması, inhisarçılığa yol verilməməsi ilə bağlı fikirlərini bildirən dövlətimizin başçısı idxal qarşısında duran süni maneələrin aradan qaldırılması və qiymətlərin tənzimlənməsi ilə bağlı tapşırıqlarını verib.

Prezident İlham Əliyev investisiyaların təşviqi, ixracın stimullaşdırılması, geniş özəlləşdirmə proqramının icrası, bank sektorunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsinin vacibliyini bildirib, bu il hər bir rayonda sənaye zonalarının yaradılmasına dair tapşırıq verib.

Dövlət başçısı ekoloji məsələlərin həlli, turizmin inkişafı ilə bağlı tədbirlərin sürətləndirilməsinin vacibliyini bildirib: “Turizmin inkişafı daha sürətlə getməlidir. Xüsusilə, Avropa Oyunlarından sonra Azərbaycana dünyada maraq daha da artdı. Biz bundan istifadə etməliyik. Nə qədər çox turist gəlsə, Azərbaycanı o qədər də çox adam tanıyacaq və turistlər ölkəmizə valyuta gətirəcəklər. Son 12 il ərzində Azərbaycanda 300-ə yaxın mehmanxana tikilmişdir. Bizim indi dünya səviyyəli kurortlarımız var - Şahdağ kurortu, Naftalan kurortu. Qəbələ beynəlxalq kurort mərkəzinə çevrilibdir və Qalaaltı müalicəvi kurort mərkəzidir. Naxçıvanda Duzdağ kurort mərkəzi yaradılıbdır. Sadəcə daha fəal olmalıyıq ki, turistləri cəlb edək. Burada vizaların sadələşdirilməsi işində əlavə tədbirlər görülüb ki, biz daha da çox turist axınını təmin edək. Azərbaycanın turistləri maraqlandıran ənənəvi sənət növləri də inkişaf etməlidir, o cümlədən xalçaçılıq. Bu, bizim böyük milli sərvətimizdir. Hesab edirəm ki, indi, xüsusilə kəndlərdə şərait yaradılmalıdır ki, qadınlar xalçaçılıqla məşğul olsunlar. Onlar materiallarla, dəzgahlarla, iplərlə təmin olunmalıdırlar, xalça toxusunlar, pul qazansınlar və biz bu malları da xarici bazarlara çıxara bilək”.

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 2.