Mədəniyyət və turizm
naziri Nyu-Yorkda BMT rəsmiləri
ilə görüşüb
Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunda BMT rəhbərliyinin
təmsil olunması və Foruma
hazırlıq müzakirə olunub
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mayın 4-dən 6-dək Bakı şəhərində keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu və tədbir çərçivəsində təşkil ediləcək Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Görüşü ilə bağlı müzakirələr aparmaq üçün Nyu-Yorkda səfərdədir.
Səfər çərçivəsində nazir ilk olaraq BMT baş katibinin kabinet rəhbəri Maria Luiza Ribeiro Viotti ilə görüşüb. Xanım Viotti BMT baş katibinin səfərdə olduğunu qeyd edərək, nazirlə görüşməkdən məmnunluğunu bildirib.
Görüşdə Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “Bakı prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verərək, dünyanın ən yüksək və nüfuzlu təşkilatı olan BMT-ni bu prosesdə fəal olmağa dəvət edib. Görüşdə BMT baş katibinin və yaxud onun yüksək səviyyəli nümayəndəsinin Bakı Forumunda iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.
Sonra nazir BMT baş katibinin siyasi məsələlər üzrə müavini Jefri Feltman ilə görüşüb. J.Feltman keçən il Bakıya səfəri zamanı nazirlə görüşünü xatırlayaraq, paytaxtımızın gözəlliyinin onda xoş təəssüratlar yaratdığını vurğulayıb. Nazir “Bakı prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin fəaliyyəti üçün əhəmiyyəti barədə J.Feltmana da məlumat verərək tədbirin mövzusunun “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” olduğunu diqqətə çatdırıb. Bu mövzunun BMT-nin “Davamlı İnkişaf Gündəliyi 2030” ilə tam uzlaşdığını qeyd edən nazir təşkilatın rəhbərliyinin tədbirdə yüksək səviyyədə təmsil olunmasının vacibliyini bildirib.
Jefri Feltman da tədbirin əhəmiyyətini, ümumiyyətlə, “Bakı prosesi”nin vacibliyini qeyd edərək və bu barədə baş katiblə müzakirə aparacağını söyləyib.
Görüşlərdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Yaşar Əliyev və digər şəxslər iştirak edib.
Daha
sonra nümayəndə heyəti təşkilatın
ali orqanlarından biri
- BMT-nin İqtisadi və
Sosial Şurası - ECOSOC-un
prezidenti Frederik Makamure Şava ilə, həmçinin
BMT Sivilizasiyalar Alyansının rəsmiləri
ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycanın dünya
mədəniyyətinə töhfəsi, dialoq
və əməkdaşlıq layihələri, “Bakı prosesi” və IV Dünya Mədəniyyətlərarası
Dialoq Forumuna
hazırlıq məsələləri müzakirə olunub.
Mədəniyyət.- 2017.- 5 aprel.-
S.3.