Hüdudsuzluğa ünvanlananSöz

 

   Aprelin 1-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Söz” ədəbi layihəsinin növbəti poeziya məclisi keçirildi. Bu dəfə poeziya həvəskarları Azərbaycan Dövlət Yuğ Teatrında (Dövlət Kukla Teatrının binasında) toplaşmışdılar.

   Layihənin rəhbəri Nigar Həsənzadə şair və nasirlərin ədəbi yaradıcılığı ilə tanışlıq, ədəbiyyata diqqəti artırmaq, milli mədəniyyəti təbliğ etmək, yeni istedadlı yazarları geniş kütləyə tanıtmaq məqsədli yeni tədbiri «Bespredel», yəni «Hüdudsuz» adlandırmışdı. Yeddi gənc şair: Səbinə Vəlibəyova, Səidə Sübhi, Leyla Qurbanova, Atika Əliyeva, Solmaz Süleymanova, Əmir Əmirov və İrena Tasalova öz poetik düşüncələrini toplaşanlarla bölüşdülər. Bu çıxışlar göstərdi ki, müasir Azərbaycan şairləri öz hisslərini, düşüncələrini, hər kəsin içindəki «mən»ini axtarmaqdan, eləcə də sənət dünyasında öz missiyalarını müəyyən edib yaratmaqdan çəkinmirlər. Sevindirici haldır ki, səslənən şeirlərdə daha çox şəxsi iztirabların təsviri olsa da, bədbinlik və küskünlük notları yox idi.

   Təbii ki, daha təcrübəli söz adamları, dinləyici-tamaşaçı alqışına alışmış sənətçilər bu meydanda gəncləri tək qoymamışdılar. Milli bard sənətinin tanınmış siması olan rejissor Cavid İmamverdiyevin ifası, rejissor-ssenaristyazar, hazırda İsraildə yaşayan həmyerlimiz Yefim Abramovun miniatürləri, Çexiya rusdilli yazıçılar birliyinin üzvü, soydaşımız Leyla Bəyimin şeirləri, təbii ki, layihənin bütün tədbirlərinin bir-birindən fərqli olmasına çalışan Nigar Həsənzadənin aparıcılığı “Yuğ” teatrına toplaşanlara ədəbi zövq yaşatdı.

  

   Gülcahan

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.4.