Tədris ocaqlarında tarixi anma

 

 

   Azərbaycan TurizmMenecment Universitetində 1918-ci ildə erməni dəstələrinin azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi soyqırımının 99-cu ildönümü ilə bağlı anım tədbiri təşkil olunub. ATMU-da rektor səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin “Böyük Ermənistan” adlı qondarma ideyanın gerçəkləşməsi yolunda azərbaycanlılara qarşı törətdikləri qətliam və soyqırımı aktlarından bəhs edib. Prezident Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla bu tarixə siyasi qiymət verildiyi diqqətə çatdırılıb.

   * * *

   Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirdə tədris ocağının rektoru, professor Fərhad Bədəlbəyli, elmi işlər üzrə prorektor, professor Gülnaz Abdullazadə, professorlar Tərlan Quliyev, Telman Hacıyev çıxış edib. BMA tələbələrinin ifasında C.Hacıyevin “Ballada”, C.Uilyamsın “Şindlerin siyahısı” kinofilmindən musiqi səslənib.

   * * *

   Mədəniyyət və İncəsənət Universitetində də Azərbaycanlıların soyqırımı günü qeyd olunub. Universitetin rektoru, professor Fərəh Əliyeva, kulturologiya üzrə fəlsəfə doktoru Xaləddin Sofiyev və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli çıxış ediblər. Tədbirin qonağı, Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) layihə koordinatoru, “Visions of Azerbaijan” jurnalının redaktoru jurnalist İan Pierta Azərbaycanın müstəqillik illərində baş verən hadisələri yaxından izlədiyini deyib, Xocalı haqqında kitablarını universitetin Kitabxana-informasiya mərkəzinə hədiyyə edib. Sonda litvalı rejissor Andreas Brokasın Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.

   * * *

   Mingəçevir Turizm Kollecində Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş konfrans keçirilib. Kollecin direktoru Əyyub Əyyubov, müəllimlər Eldar Dərişov, Gülşən İsmayılova və Şəms Məmmədova tədbirdə çıxış ediblər. Tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.

   * * *

   Bakı Slavyan Universitetində (BSU) keçirilən “Qan yaddaşımız” mövzulu tədbirdə mərhum kinorejissor, BSU-nun Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin müəllimi işləmiş Ələkbər Muradovun “Yaddaşın rəmzi” sənədli filmi nümayiş olunub. Mövzu ilə bağlı məruzələr dinlənilib.

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.6.