“Ünvansız qatar” sərnişininin
qəribliyi bitməz...
Bir tamaşa da təhvil verildi və öz səhnə həyatına başladı. Adı «Ünvansız qatar», müəllifi Əməkdar incəsənət xadimi Əli Əmirli, səhnə məkanı da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı. Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, rejissorları Gülnar Hacıyeva və Qasım İbrahimov, quruluşçu rəssamı Solmaz Qarayeva, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşanın ilk nümayişi üçün 31 mart - Azərbaycanlıların soyqırımı günü təsadüfən seçilməmişdi.
Tamaşadan öncə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, müəllif və quruluşçu rejissor səhnəyə çıxdılar. M.Həmidov söylədi ki, «Ünvansız qatar»ın 1918-ci ilin mart hadisələrinə birbaşa aidiyyəti olmasa da, erməni qəsbkarları üzündən qaçqınlığa məruz qalmış soydaşlarımızın taleyindən, onların vətən içində qaçqınlıq taleyinin başlamasından bəhs edir.
Yazıçı-dramaturq Əli Əmirli və Bəhram Osmanov da çoxlarının demək və eşitmək istədiyi həqiqətlərin məhz «Ünvansız qatar»dan səsləndiyini, səhnədən salona, salondan cəmiyyətə ötürüləcəyinə ümid bəslədiklərini dedilər.
Janrı ikihissəli “həqiqətlər dramı” kimi müəyyən edilmiş «Ünvansız qatar» Xocalı faciəsinin (1992) ardınca genişlənən erməni işğalı nəticəsində yurd-yuvalarından didərgin düşənlərdən danışır.
...Köçənlər isə çoxdur. Bədir kişi (Əməkdar artist Qurban İsmayılov), arvadı Xoşbəxt (Əməkdar artist Şəfəq Əliyeva) və nəvəsi Ayla (Türkan Şahmarlı) ilə Bakıda yaxşı gün-güzəran düzəltmiş, tanınmış adam olmuş Familin (Manaf Dadaşov) ardınca gəldiyi atası Səməd (Elşən Çarhanlı) və anası Qumru (Əməkdar artist Naibə Allahverdiyeva), kənd müəllimləri Teyyub (Kərəm Hadızadə) ilə Tamamın (Əməkdar artist Gülər Nəbiyeva) qızları - Bakıda ali təhsil alan Həlimə (Zümrud Quliyeva) ilə balaca Aynur (Xəyalə Meydanova), kənd ağsaqqalı (Ədalət Əbdulsəməd) və onun ağbirçək arvadı (Əməkdar artist Lətifə Əliyeva), Səriyyə (Əməkdar artist Leyli Vəliyeva) və onun döyüşdə yaralanmış qəhrəman oğlu Mixaylo (Vahid Orucoğlu), bir-birini tanıyan bu sadə insanlara heç qoşulmayan Manya (Əməkdar artist Qəmər Məmmədova) və onun iki qızı: Klara (Zülfiyyə Alhüseynova) və Lyuba (Gülbəniz Mustafayeva). Onların hamısı doğma yurdu nigaran tərk edir. Gələcək talelərindən bədgüman halda Bakıya üz tuturlar.
Yollarda hər cür situasiya və hər insan tipi ilə rastlaşmaqdan üzünün həyası getmiş Bələdçi (Xalidə Əliməmmədova) davranışı, əxlaq prioritetləri ilə bu dramın dodaqqaçdısıdırsa, yurdunu, yeganə övladını itirmiş, kəndi ən sonuncular arasında tərk etdiyinə hər cür vəhşiliyə şahid olmuş Telli (Yasəmən Malik) bu köçün diri ağısıdır.
Burda hər cür adam
var. Ya da belə bir situasiyaya
düşmüş çaşqın
insanların heç özlərinə də bəlli olmayan xüsusiyyətləri üzə
çıxır... Səriyyə müəllimənin dediyi
kimi, oxuduqlarımızla
gördüklərimiz üst-üstə
düşmür. İnsanlar başlarına
gələn olayların
ucbatından dəyişirlər.
Məsələn, bəlkə də
Famil çox yaxşı oğlandır.
Amma işğal və köçkünlüklə bağlı
bilib-düşündüklərini deyən kimi Mixaylo onu düşmən
təbliğatçısı adlandırıb yaralı canı ilə yaxşıca əzişdirir.
Bununla belə, Familin öz valideynlərini Bakıya salamat çatdırmağa pulu,
onları normal güzəranla
təmin edəcək
imkanı var.
Xoşbəxtlə Bədir də
qızları Raifənin
(Nuriyyə Əliyeva)
evinə gedəcəklər.
Raifənin əvvəllər
Raya olduğu barədə
sirri 9 yaşlı qızına açması,
Xoşbəxtin ani bədbəxtliyi, lakin doğma balası kimi böyütdüyü
qızın çölün
düzündə gəlib
onları tapması, imkanlı övladının
valideynlərinə rahat
qocalıq vəd edən gəlişi yenidən onun qəlbində analıq duyğusunu oyadır və duyğu bütün incikliklərin
üstündən xətt
çəkir.
Tamaşanın
səhnə quruluşunda
çöl ovqatı,
bir qatar ilə yol gedərkən
qarşıdan gələn
qatarın hərəkətini
izləyərkən yaranan
qarışıq təsvir
effektinin səhnənin
arxa divarındakı ekranda iti sürətlə
verilməsi, üzbəüz
gələn qatarın
işığının tamaşaçıların
gözlərini qamaşdırması
səhnədə oynanılan
faciənin bizə nə qədər tanış olmasına, tamaşaçıların bu
faciənin qəhrəmanına
çevrilməsinə işarə
idi. Bələdçinin
qatar pilləkənini
əvəz edən nərdivandan istifadə etməsi, Lyubanın intihar səhnəsinin sadəcə ağ mələfə ilə (sallanan mələfə ağ bayrağa oxşadığı üçün
həm də bir növ təslim
simvolu kimi qavranılır), qadınlıq
və analıq qismətinə düşənlərin
sındırdığı didərgin Manyanın torpaqla oynaması kimi detallar, səhnədə mizanların
dəyişməsinin yanıb-sönən
işıqlarla verilməsi,
heç şübhəsiz
ki, tamaşanın təsir gücünü artıran məqamlardır.
Lakin tamaşada müəyyən
qədər ikimənalı
məqamı qeyd etməyi özümüzə
borc bilirik. O da hamı kimi
didərgin düşmüş
Səriyyə müəllimənin
gənc qızlarla, xüsusən də oğlunun Bakıda tanıdığı ağıllı
tələbə Həlimə
ilə söhbətində
məhz dinə tapınaraq, ibadətə
gəlməklə qəlbin
rahatlıq tapmasını
təlqin etməyə
çalışmasıdır. Şübhəsiz ki, Leyli Vəliyeva güclü aktrisadır və onun bu söhbəti
sənətçinin dilində
daha inandırıcı
və bir qədər də didaktik səslənir.
Əslində artıq televiziya
verilişlərinə, hətta
məktəb dərslik
və dərs vəsaitlərinə yol açmış dini didaktikanın səhnədən
qabardılması o qədər
də arzulanan hal deyil. Bununla belə, ayıq tamaşaçı Səriyyəni
o qədər də bacarıqlı təbliğatçı
kimi qəbul etmir. Çünki gənc qızlar,
evdar qadınlarla müdrik kəlamlarla danışan Səriyyənin
öz ailəsində
təsiri güclü
deyil; o, oğlunu hətta çöllükdə
də zinadan qoruya bilmir. Təbii ki, bütün bunlar açıq-aşkar
deyilib göstərilmir.
Lakin onu təhqir etmiş Famili kötəkləyən
Mixayloya rəğbətini
gizlətməyən Bələdçinin
- aktrisa Xalidə Əliməmmədovanın yaratdığı
tipajın gənc oğlana dedikləri, dünyagörmüş Xoşbəxtin
eyhamla «oğlun gecə vaqonda da yox idi»
deməsi nələrin
baş verdiyini arif tamaşaçıya asanlıqla çatdırır.
Aktyorların ifasına gəlincə, gərgin zəhmət, faciənin hər birimizə, qaçqınlıq
taleyi yaşayanlara da, yaşamayanlara da doğma olması,
aktyorların bir komanda kimi çalışması,
hər kəsin, hətta ən kiçik epizodda çıxış edən,
tamaşa boyu ağzını açıb
danışmayan epizodik
rolların ifaçılarının
can yanğısı əsərin
ovqatının tamaşa
salonuna köçməsini,
hisslərə təsir
etməsini şərtləndirir...
Tamaşanın sonunda səhnəyə
qar yağır.
Tamaşa iştirakçıları bu qarı bir
möcüzə, paklıq,
saflıq rəmzi, Tanrının neməti kimi qarşılayırlar.
Amma bir həqiqət də var ki,
qar üzərində
izlər daha aydın görünür.
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2017.- 5 aprel.-
S.7.