Mədəni turizm məhsulunda
milli ornamentlərin təbliği
Aprelin 4-də Mədəniyyət və
Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz və AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun birgə
təşkilatçılığı ilə “Mədəni turizm məhsulunda milli ornamentlərin təbliği” mövzusunda
elmi konfrans keçirildi. Tədbir zamanı hər
iki müəssisə
arasında əməkdaşlıq
haqqında anlaşma memorandumu da imzalandı.
İştirakçılar
əvvəlcə milli
sənətkarlıq nümunələrindən
ibarət sərgi ilə tanış
oldular.
Konfransda çıxış edən Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bildirdi ki, mədəni turizm məhsulunda milli ornamentlərin təbliğində əsas məqsəd xalq sənətinin populyarlaşdırılmasıdır. Birgə əməkdaşlıq nəticəsində isə metodiki və elmi tədqiqat, sənətin təbliği bir araya gələcək, mədəni irs nümunələrimizin tədqiqinə və təbliğinə şərait yaranacaq. Ornament millətin imzasıdır. Bu sahənin araşdırılması, tədqiqi və təbliği çox mühüm addımdır.
Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək qurumun fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, “Yenilikləri gətirməklə ənənələri qoruyaq” devizi ilə fəaliyyət göstərən mərkəz bir sıra yerli və xarici təşkilatlarla əməkdaşlıq qurub, bu zəmində müxtəlif layihələr həyata keçirilir.
Vurğulandı ki, milli naxışlar Azərbaycan xalqının tarixi, incəsənəti, ədəbiyyatı, memarlığı, bədii miniatür və dekorativ-tətbiqi sənəti ilə bağlıdır: “Mədəni turizm məhsullarının hazırlanmasında naxışlardan istifadə vacibdir. Azərbaycan milli naxışlarının forması, texnikası, süjeti, rəng və kompozisiyası hədiyyəlik məhsullar vasitəsilə turistlərə təbliğ edilməlidir. Elmdə olan potensialı biz metodikada birləşdirərək milli irsimizi təbliğ etməyi bacarmalıyıq. Müasir turisti cəlb etməyin bir çox yolları var ki, onlardan biri də özünəməxsusluğu ilə seçilən ornamentlərin əks olunduğu suvenirlərdir. İnformasiya mübarizəsində, milli mədəni irsin qorunmasında təbliğat əhəmiyyətli rola malikdir. İnanıram ki, bu mübarizədə elm və təcrübə vəhdət şəkildə öz töhfəsini verəcək”.
Sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalandı.
Konfrans işini məruzələrlə davam etdirdi. Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova “Hədiyyəlik məhsullar üzərində Azərbaycan tarixinin və mədəniyyətinin brendi - naxışlar”, Elmi-Metodik Mərkəzin əməkdaşı Məhbubə Əbilova “Azərbaycanın bədii sənətkarlıq nümunələri dünya muzeylərində”, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Aidə Sadıqova “Azərbaycan xalçaçılıq məktəbi ənənə və müasirlik kontekstində”, Fəridə Quliyeva “Azərbaycan milli ornamentləri” mövzularında məruzələrlə çıxış etdilər.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 5 aprel.-
S.8.