Şahdağ Turizm Mərkəzində yay mövsümünə hazırlıqlar başlanır

 

 

 

   Şahdağ Turizm Mərkəzi 3 apreldə sayca 5-ci qış mövsümünü bağlı elan edib. Bununla bağlı yayılan məlumatda bildirilir ki, bu mövsüm ərzində də daha mükəmməl xidmət göstərmək, “Şahdağ” adını regional brend kimi tanıtmaq üçün bir sıra tədbirlər görülüb, mərkəz Türkiyə, Küveyt, Rusiya, Britaniyada keçirilən beynəlxalq seminar, konfrans və sərgilərdə təmsil olunub, turizm şirkətləri üçün info-turlar təşkil edilib.

   Bu tədbirlərin nəticəsi olaraq, Şahdağ Turizm Mərkəzi Rusiyanın məşhur hotel axtarış saytı olanroomguru.ru” saytının araşdırmalarına əsasən dağ-xizək kurortları arasında rusiyalı turistlər tərəfindən 5 ən çox ziyarət olunan ailəvi istirahət mərkəzindən biri seçilib, beynəlxalq hotel bron sistemi olan “booking.com”da qonaqların qiymətləndirməsinə əsasən “Şahdağ HotelSpa” 9.0 bal alaraq, Azərbaycan üzrə 3-cü, şimal regionunda isə birinci yeri tutub.

   Mövsüm ərzində turizm mərkəzini 95 mindən çox turist ziyarət edib ki, bunun 40%-dən çoxunu əcnəbi turistlər təşkil edib. Təkcə Yeni il bayramı günlərində mərkəz 20 mindən çox turist qəbul edib.

   Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Şahdağ Turizm Mərkəzinin işçi heyətinə mövsüm ərzində müxtəlif təlimlər keçilib, xidmət sahəsində çalışacaq gələcək peşəkarların yetişdirilməsinə yönəlmiş Qusar Peşə Liseyi şagirdləri üçün “Mətbəx və qidalanma üzrə xidmət” mövzuları üzrə 3 aylıq master-klass layihəsi həyata keçirilib. Bundan başqa, mərkəzin peşəkar işçi bazası nəzərə alınaraq 2017/2018-ci tədris ilində Azərbaycan TurizmMenecment Universitetinin nəzdində Şahdağ Regional Turizm Peşə Məktəbinin fəaliyyətə başlaması planlaşdırılır.

   Artıq turizm mərkəzində yay mövsümü üçün hazırlıqlara start verilib. İyun ayından sentyabr ayına kimi davam edəcək yay mövsümünün açılışınadək isə mərkəzdə fəaliyyət göstərən “Şahdağ HotelSpa” qonaqların ixtiyarında olacaq.

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.8.