Soyqırımı memorial kompleksində kütləvi ziyarət

 

 

   31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində müxtəlif tədbirlər təşkil edilib.

   Soyqırımı qurbanlarının xatirəsinin anıldığı əsas məkan Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə yaradılmış Quba Soyqırımı memorial kompleksi olub. 1918-ci il may ayında Quba əhalisinə qarşı törədilmiş amansız cinayətin əyani sübutu olan kütləvi məzarlıq üzərində qurulmuş memorial kompleks yalnız Quba qırğınlarının deyil, 1918-ci ildə Azərbaycanın bütün ərazisində erməni terrorçuları tərəfindən törədilmiş faciələrin unudulmadığının və soyqırımı qurbanlarının xatirəsinin əziz tutulduğunun nümunəsidir. İl ərzində minlərlə həmvətənlimiz və xarici qonaqlar kompleksi ziyarət edirlər.

   Memorial kompleksdə keçirilən tədbir izdihamlı yürüşlə müşayiət olunub. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, QubaXaçmaz rayon icra hakimiyyətləri, Azərbaycan Milli Elmlər Akademiyası, digər qurumların nümayəndələri, universitet tələbələri, Daxili Qoşunların əsgər və zabit heyəti, Fransanın Nitsa şəhərindən olan qonaqlar, ictimaiyyət və digər qonaqlar iştirak ediblər.

   Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) təşəbbüsü, Bilik Fondunun təşkilatçılığı ilə akademiyanın Tələbə Gənclər Təşkilatının fəalları və fondun nəzdində yaradılan “Tariximizi öyrənək və öyrədək” gənclər klubunun üzvləri də memorial kompleksi ziyarət ediblər.

   DİA-nın prorektoru Mehdi Abdullayev tələbələrə erməni millətçilərinin XX əsrin əvvəllərindən etibarən Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər barədə məlumat verib. Bildirib ki, 1918-ci ilin yaz-payız aylarında on minlərlə günahsız insan - Azərbaycan türkləri, ləzgilər, talışlar, dağ yəhudiləri, tatlar, kürdlər qətlə yetirilib. Prezident Heydər Əliyevin tarixi həqiqətləri ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanının əhəmiyyəti də diqqətə çatdırılıb.

   Gənclər rayondakı Qırmızı qəsəbədə yerləşən sinaqoqu və şəhərin mərkəzində fəaliyyət göstərən məscidi də ziyarət ediblər.

 

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.12.