Müsabiqə başa
çatır, sənət yolu
başlayır
Vokal və estrada oxuma üzrə respublika
müsabiqəsinin qalibləri elan edildi
Aprelin 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Uşaq və gənclər arasında vokal və estrada oxuma üzrə respublika müsabiqəsinin yekun konserti keçirildi.
Məlumat üçün deyək ki, bu ilin mart ayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda 8-18 yaşlı uşaq və gənclər arasında 2 nominasiya (vokal və estrada oxuma) üzrə 2 yaş qrupunda müsabiqə keçirilib. Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Samir Cəfərovun sədrlik etdiyi münsiflər heyəti respublikanın uşaq musiqi və incəsənət məktəblərində, Azərbaycan Milli Konservatoriyasında və onun tərkibindəki İncəsənət gimnaziyasında təhsil alan 70-dək şagird və tələbənin ifasını dinləyib.
Nəhayət, qaliblərin elan edildiyi gün yetişdi.
Səhnəyə
dəvət edilən
mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva qalibləri,
onların müəllimlərini
təbrik edərək
söylədi ki, zəngin ənənələri
olan milli vokal məktəbimizin onlarla yetirməsinin adı Azərbaycan musiqi sənəti tarixinə qızıl hərflərlə yazılıb.
Vokalçılarımızın səsləri həm
də xarici ölkələrin opera səhnələrindən,
konsert salonlarından gəlir. Sevindirici haldır ki, bu gün ölkəmizdə
həm akademik vokal, həm də estrada
sahəsində istedadlı
gənclər çoxdur.
Bu müsabiqəni keçirməkdə məqsəd
gənc istedadları aşkara çıxarmaq,
onların ifaçılıq
səviyyəsini yüksəltmək
və dəstəkləməkdir.
Nazir müavini vurğuladı
ki, ölkə başçısı İlham
Əliyev daim istedadlı gənclərə,
uşaq yaradıcılığının
inkişafına böyük
diqqət və qayğı göstərir.
Belə ki, son illər onlarla istedadlı uşaq və yeniyetmənin adı Azərbaycanın gənc istedadlarının
«Qızıl kitabı»na
salınıb, onlar Azərbaycan Respublikası
Prezidentinin xüsusi təqaüdünə layiq
görülüb.
Sonra Mədəniyyət və
Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri
Yaşar Əliyev qaliblərin adlarını
elan etdi. Bildirildi ki, 4 nəfər - İsmayıl
Əsədli, Əhməd
Əmirli, İsgəndər
Həsənzadə və
Nihad Orucov I dərəcəli diplom və müsabiqənin laureatı adına, Suel Baxşəliyeva, Dürdanə Məmmədzadə,
Atilla Məmmədov,
Sara Nəsirova, Emil İsmayılov,
Qaya Nəsibzadə və Talıb İsgəndərli II dərəcəli
diplom və laureat adına layiq görülüblər.
Daha 12 nəfər uşaq və gəncin çıxışı isə
III dərəcəli diplom
və müsabiqənin
laureatı adı ilə qiymətləndirilib.
Xalq artisti Samir Cəfərov, Əməkdar
artist, beynəlxalq müsabiqələr
laureatı İlham Nəzərov və təcrübəli mütəxəssis
Solmaz Qasımovadan ibarət münsiflər heyəti müsabiqə iştirakçılarını bu sənət yarışına hazırlaşdıran
müəllim və konsertmeysterləri də unutmayıb. Daha çox
fərqlənmiş 22 müəllim
və 16 konsertmeyster mükafatlandırılıb.
Qaliblər elan edildikdən
sonra konsert başlandı. Konsertdə çıxış
edən hər qalibin ifasının alqışlarla qarşılanması
göstərdi ki, münsiflər heyəti sənət yarışına
qatılanlar arasından
ən istedadlılarını
seçiblər. Uşaq
və gənclərin
vokal və estrada oxuma
üzrə respublika müsabiqəsi qaliblərinin
arasında bölgə
məktəblilərinin də
olması sevindirici haldır.
Konsertdən sonra qaliblər Mahnı Teatrının qarşısında, ölməz
müğənni, Azərbaycan
vokal və estrada musiqisini
dünyada tanıtmış
SSRİ Xalq artisti Rəşid Behbudovun heykəli önündə
xatirə şəkli
çəkdirdilər.
G.Mirməmməd
Mədəniyyət.- 2017.- 7 aprel.-
S.5.