Molla Nəsrəddin” - Azərbaycan xalqının milli Qəlb məcmuəsi...

 

 

 

   Nəşrinin 105 illiyində (2011-də) bu böyük milli-mənəvi aynamızı, bani satirik jurnalımızı “Turan aləminin alovlu Azərbaycan Qələmi” adlandırmışdım və indi bu yazını o alovun getdikcə daha da gurlaşan işığında davam etməyimin fərqindəyəm...

   Zəmanəsinin ümumareal-aynası, Yaxın Şərq mənzilli qələm-artilleriyası idi, daşıdığı yarıreal-yarıəfsanəvi ad sahibi qədər ovqat-gülüşsaçan, ümummilli problem azar-bezarlarının təbiilərini öz “xısın-xısın yumoru, sünilərini qılınc satirası ilə müalicə edən, üz tutub gəldiyi “keçəl-küçəl” qardaşlarını “mürur” ilə qandıran”, “Dəmdəməki” kimi xəyal-obrazları, “Xortdan”, “Xoxan”, “Lağlağı” sayaq imzaları ilə real mental düşmənlərimizin dədəsini yandıran “Molla Nəsrəddin”!..

   Hər dəfə göz gəzdirdikcə, bu xalqın (ümumən insanlığın) dünənindən yazıb, sabahına ünvanladığı yazılarla tanış olduqca, belə bir qənaət də hasil olur ki, hələlik 111 yaşı tamam olan bu mənəvi Qala əbədi qalası...

   Bəli, “Bu qala bizim qala” bayatısındakı maddiliklər də zaman-zaman aşınacaq, yeniləri inşa ediləcək. Bu mənəvi qala isə, o bayatının son misrasında söylənildiyi kimi - “Qaldıqca bizim qalacaq. Əlbəttə, öz memarı Cəlil Məmmədquluzadə ilə birgə...

   Bilirik ki, bu millətin ilahi alın yazısına edilmiş siyasimental müdaxilələri bütün ömrü uzunu publisistik və ədəbi-bədii redaktələr etmiş Mirzə Cəlil bu məcmuəni özünün yox, dövrün məhsulu kimi qələmə verib. Zaman isə bu dahi hekayənəvis, dahi yazıçı-dramaturq və dahi ziyalını xalqa dahi publisist, jurnalist kimi də təqdim etdi...

   Bəli, qoca Şərqin müdrik təfəkkür təmsilçisi, lətif lətifələr-baməzəliklər kanı, əbədi şifahilik “ədib”i Molla Nəsrəddin ötən əsrin əvvəllərindən bu dahi Mirzəmizin timsalında Yaxın Şərq xalqların yazılı təfəkkürünə çevrildi. 1906-cı il aprelin 7-də - öndə Azərbaycan olmaqla, düz 25 il türk-müsəlman dünyasına milli əxlaq, oyanış, maarifçilik aşılayan, bu böyük arealın mədəni-mənəvi aləmini işıqlandıran “Molla Nəsrəddin” jurnalı işıq üzü gördü. Ədəbi-bədii və xüsusən mətbu dünyaya Gürcüstan paytaxtında göz açan məcmuə “Tiflis, 7 aprel” adlı ilk məqalə-bəyannaməsilə “bizi deyib gəlməyə” - digər jurnallardan fərqli olaraq, sadəcə, “çıxmağa” yox, çaxmağa, işıq saçmağa, ziyalanmağa başladı!

   Bəs niyə Bakıda yox, -

  

   Tiflisdə?..

   

   Bunun bir sıra “tarixi-müqəddəm” səbəblərilə yanaşı, elə həmin jurnalda çıxan “Dəmdəməki” sərlövhəli felyetonda ərz edilən “əmma”ları da vardı. O Dəmdəməki ki, Mirzə Cəlil jurnal səhifələrində bu təxəyyül qəhrəmanı ilə tez-tez “məktub”laşır, belə-belə mükalimələşirdi: “Ay Dəmdəməki, bu nə zadlardı sən yazıb göndərirsən bizə? Bəs heç fikirləşmirsənmi ki, mən də ehtiyatsızlıq edib, bunları məcmuəmizdə çap edəm (guya çap etmir, ha!), Bakı qoçuları da namusa dolub çıxaralar tapançanı və səni ordasonra da gəlib məni burda qanımıza qəltan edələr?!”

   Daha bir səbəbi onun dahi məsləkdaşı Üzeyir bəy Hacıbəylinin bir felyetonundan da görmək olar: “Başqa ölkələrdə qəzet bağlansa, noolar? Biri deyər: - Vay, kor oldum! Biri deyər: - Vay, kar oldum! O biri deyər: - Vay, lal oldum! Bəs bizdə qəzet bağlansa, olar? Heç zad. Bir məşədi digərinə deyər: - Məşədi, bəs şorumuzu nəyə büküb satacağıq?”

   Tarixən vətənlərindən gedənlərin əksəri birdəfəlik gedirdisə bizim bu ümummilli Mirzəmiz böyük gəliş üçün getmişdi. Özündən öncə isə, milyonlarla evə, beyinə, mənəviyyata astaca-ustaca daxil ola bilən bir elçisini, bütün maddi-humanitar yardımların fövqündə olan milli-mənəviyardım”ını - “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” deyənMolla Nəsrəddin”ini göndərmişdi.

   Bu “müsəlman qardaşlaryalnız elə qəzet-jurnal oxumaq kimiqeyri-vacib işlər”i buraxıbdaha vacib əməllər”in (xoruz döyüşdürmək, it boğuşdurmaq, hamamda yatmaq s.) dalınca gedənkeçəl-keçəllər”dən ibarət idimi? Yox, onlar həm bir boynuyoğun, yekəqarın adam görən kimi, onu məmur, qorxulu bəndə hesab edib oturduğu yerdən dik atılaraq, təzim edənən ayıq, ən xoşbəxtmüsəlmanlar (“İrəvan müsəlmanları”), bütün milli, xəlqi dərdləri unudub, üstünə milçək ləkəsi düşmüş bir ərəb əlifbası hərfinin məna dəyişiminin (uşaqolub”, yoxsaölüb”?!) “çort”una getmişhəriflər” (“Nigarançılığın sonu”), beş-üç il Rusiyada yaşayıb, geri qayıdarkən ağzıdualı anasına küftə əvəzinəqoftabişirməyi təklif edənabrazovannı”lar idi. Bu dərdlərin ən obrazlı izharı isə böyük jurnalist-publisistinMeşədə gördüklərimfelyetonunda əks olunub: “Bir əcnəbi redaksiyamıza gəlib, Şirvan bölgəmizdən silsilə yazılar hazırlamaq istəyilə məcmuəmizin vəsiqəsini istədi. Verdik. Getdi tez-tez yazılar göndərməyə başladı. Onun məqalələrinin mövzusu müxtəlif olsa da, başlıqları eynidir: “Meşədə gördüklərim...”

   O dövrdə bu məcmuə həm bir -

  

   Milli Ocaq...

   

   Bu Ocağın başına canları millətin çeşid-çeşid problemlərindən buz bağlamış ədiblər, ziyalılar, ictimai dərd ortaqları toplaşmışdı: Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzə Əli Möcüz...

   Bu jurnal dövrün universal nəşriyyatı rolunu oynayırdı. Müəlliflər, oxucular, bütün dərd-sərlilər ürək-diləklərindən keçən hər mətləbi bu xiridarnəşriyyat”da çap etdirirdilər. Bu məhsulların hər birisə ümumxalq mənəviyyat-mədəniyyətbazar”ının baş matahı dəyərində, milli səhhət mahiyyətində!

   1906-cı ildən Tiflisdə alovlanan bu Azərbaycan dilli, ümummilli misilli ocağımız 1918-ci ilədək orada nəşr olundu. 1921-ci ildə sovet-bolşevik küləyindən sönmə ehtimalı ilə Təbrizə köçdü. 1922-ci ildə yenidən Bakı... 1931-ci ilə - böyük naşirin vəfatına qədər burada nəşr edildi.

   Saylarının sayı-hesabı bəlli olsa da, mənəvi-mədəni qədir-qiyməti, milli oyanışımızda oynadığı rolu intəhasız olan bu jurnal haqda mənim sözüm bu qədər bir qədər -

  

   Başqalarından

  

   Böyük Mirzəmizin öz leksiko-üslubuyca desək, bu milli mənəviyyat Qapımızın bağlanmaqlıqları haqda.

   Düz beş il (1923-1928) “Molla Nəsrəddin”də işləmiş Qulam Məmmədli deyirdi ki, “Molla Nəsrəddin”i birinci dəfə Osmanlı Sultanı Əbdülhəmid bağlatdırmışdı: “1907-ci ilin iyununda jurnalda C.Məmmədquluzadənin imzasıyla “Erməni və müsəlman övrətləri” adlı bir felyeton çıxdı və digər mətbuat səhifələrində ruhanilər bu yazının əleyhinə, ziyalılar lehinə çıxış etdilər. Bu aradaMolla Nəsrəddin”i bağladılar və ziyalılar bunun səbəbini möminlərin yazıları, moizə və donoslarında gördülər. Bir ay sonra tapdığımız sənədlərdən məlum oldu ki, bu xətər Osmanlıdan gəlib. Sultan Əbdülhəmid Rusiya imperatoru II Nikolaya yazmışdı ki, sənin ölkəndə çıxan “Molla Nəsrəddin” adlı bir jurnal öz yazıları və karikaturaları ilə məni rüsvay edir. Xahiş edirəm, onu bağlatdırasan...

   İkinci dəfə jurnal 1917-ci il oktyabr inqilabından bir ay sonra bağlandı. Mirzə tez-tez yazırdı ki, “Biz belə deməmişdik”, Türkiyə və İrandan qayıdarkən yol uzunu kənd və şəhərlərimizi talayan rus soldatları barədə Əliqulu Qəmküsar yazdı ki, “Dinmə, danışma ona, saldatdı o” və s. bağladılar jurnalı.

   Hər dövrün siyasiüz qaralığı” kimi tarixə düşən buüçüncü dəfə İranda (təəssüf ki, “ünvani-Təbrizdə”) baş verir. 1920-ci il 28 Aprel taleyimizdən sonra Həmidə xanımın “mal-dövlətimizi də götürüb İrana köçək” dirənişlərinə əməl etməli olan Mirzə Cəlil oradaMolla Nəsrəddin”in azərbaycanca, İran hökuməti isə farsca nəşr edilməsini istəyir. Sonda M.Cəlil deyir: “Təbrizdə ermənilər ermənicə qəzet çıxarır, bizə isə Azərbaycan dilində jurnal nəşr etməyə icazə vermirsiniz...”.

   bu milli aynamızın sonrakı Azərbaycan SSR taleyi oxucularımızın bugünkü qədirbilən nəsli-qisminə də bəlli...

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.- 7 aprel.- S.13.