Təsviri sənətdəki
döyüşlər
Batal janrı Azərbaycan rəssamlığında
da geniş
yayılıb
Rəssamlığın ən çətin sahələrindən olan batal (fransızca bataille - döyüş) janrı təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunur. İbtidai insan rəssamlığa başladığı gündən savaş mövzusuna müraciət edib. Bizim Qobustan qayalarında ibtidai insanın cızdığı ov və döyüş səhnələri buna örnəkdir.
Batal janrında qanlı savaşlar, döyüş səhnələri olduğu kimi kəskinliyi ilə təsvir edilir, eyni zamanda xalq qəhrəmanları, tarixi şəxsiyyətlərin döyüş zəfərləri sənətin bənzərsiz gücüylə tərənnüm edilir. XV-XIX yüzillərdə Qərbi Avropada batal janrının ən yaxşı örnəklərini Dieqo Velaskes, Piter Paul Rubens, Fransisko Qoyya, Ejen Delakrua və başqaları yaradıblar.
Rus təsviri sənətində də batal janrı çox böyük yer tutur. Rusiyanın imperiya olaraq başqa ölkələrlə ardıcıl savaşlar aparması, bu döyüşlərdə rus ordusunun qazandığı qələbələr rəssamların əsərlərində də öz bədii əksini tapıb. XVIII-XIX yüzillərdə Rusiyada sayılıb-seçilən batalistlər yetişib. Onların içərisində Aleksandır İvanov, Karl Bryullov, Kozmiç Şebuyev, Vladimir Moşkov, Aleksandr Kotsebu, Adolf Şarleman, Qriqori Qaqarin, Vasili Timm özəlliklə seçilirlər.
Qardaş Türkiyənin batal sənətinə gəldikdə maraqlı məqamlar ortaya çıxır. I Dünya savaşı (1914-1918) illərində İstanbulun Şişli bölgəsində Osmanlı dövləti tərəfindən savaş əsərləri yaradılması üçün bir emalatxana qurulmuşdu. Bu barədə göstərişi hərbi nazir Ənvər Paşa vermişdi. Burada ölkənin ən güclü rəssamları döyüş səhnələri ilə zəngin və əsgərlərin qəhrəmanlıqlarını göstərən sanballı əsərlər yaradırdılar. Həmin əsərlər ilk dəfə 1918-ci ildə ölkədə göstərildikdən sonra Vyana və Berlində də sərgilənmiş, almanca mətnlə kataloqu da buraxılmışdı.
Dünyada çağımızın ən məşhur batalist rəssamlarından biri polşalı illüstrator Mariusz Kozikdir. O, “Lacedemon” imzası ilə dünyada geniş tanınmaqdadır. Əsərlərini daha çox kompüter vasitəsilə yaradan rəssamın bütün tabloları savaş mövzusuna həsr olunub. Ən başlıcası, bu əsərlərdə rəssam son dərəcə dəqiq və incəliyə gedərək obrazların xarakterlərini ustalıqla verə bilib.
Azərbaycan rəssamlığında da
batal janrı ayrıca yer tutur. Bir çox rəssamlarımız
əsərlərində savaş
səhnələrini canlı
şəkildə, böyük
ustalıqla təsvir ediblər. Ortaçağ Azərbaycan kitab
miniatürlərində, eləcə
də XVIII yüzil milli memarlıq abidəsi olan Şəki Xan sarayının divar rəsmlərində döyüş
səhnələri geniş
yer tutur. Sarayın əsas tərtibatçısı-rəssamı nəqqaş usta Abbasqulu olub.
Böyük Vətən müharibəsi
illərində (1941-1945) demək
olar, rəssamların
çoxu müharibədə
sovet ordusunun qələbəsini tərənnüm
edən əsərlər
yaradıblar. Həmin fırça
ustalarının çoxu
müharibədə düşmənlə
mübarizə aparmış,
savaşın dəhşətlərini
öz gözləriylə
görmüşdülər.
Məşhur rəssam Əbdülxalıqın
Xürrəmilər hərəkatının
başçısı, böyük
sərkərdə Babəkə
həsr etdiyi “Xalq qəhrəmanı”, Xalq rəssamı Səttar Bəhlulzadənin
eyni mövzuda çəkdiyi “Babək”,
Sadıq Şərifzadə,
Mikayıl Abdullayev, Böyükağa Mirzəzadənin
birlikdə yaratdıqları
“Babəkin yürüşü”
əsərləri diqqətəlayiqdir.
Xalq rəssamları Tağı Tağıyevin
“Koroğlunun döyüşü”,
Tahir Salahovun
“416-cı diviziya döyüşdə”,
Cahangir Rüstəmovun
“Müharibə illəri”
əsərləri də
Azərbaycan təsviri
sənətində batal
janrının gözəl
örnəkləri kimi
məşhurdur.
Xalq rəssamı Toğrul
Nərimanbəyovun böyük
qardaşı Vidadi Nərimanbəyov Azərbaycanda
batal janrına ən çox müraciət edən rəssam olub. Ötən ilin yayında Milli İncəsənət
Muzeyində mərhum rəssamın 32 əsərdən
ibarət anım sərgisi keçirildi.
Sərgilənən əsərlərin mövzu baxımından çoxu müəllifin iştirakçısı olduğu
II Dünya müharibəsinə
həsr etdiyi tablolar idi. Sözügedən tablolar həm
də sərt üslubda işlənməsinə
görə seçilir.
Obrazların üzlərində, əllərində, hətta
geyimlərin qırışlarında
dərin bir sərtlik görünür.
Rəssam bəlkə də
savaşın ağrı-acısını
daha qabarıq vermək üçün
sərt üsluba müraciət edib.
“1941-ci il”, “Bakılıların
xatirəsinə”, “Müharibə
yollarında”, “1945-ci ilin
baharı”, “Adsız yüksəkliklərdə”, “Yolasalma”,
“Bayraq” əsərlərində
insanda müharibəyə
qarşı dərin nifrət, döyüşməyə
çağıran məqamlar
daha qabarıqdır. Adıçəkilən əsərlərdə qara və qırmızı
rənglərin üstünlüyü
aydınca sezilir.
Bu rəsmlər həm də onu göstərir ki, V.Nərimanbəyov sovet dönəminin bir çox yaradıcı insanları
kimi ideologiyanın yalan təbliğatına ürəkdən inanaraq onun yolunda öz
böyük istedadını
sərf edib.
Rəssamın Azərbaycanın müstəqilliyini tərənnüm
edən əsəri də diqqətçəkəndir.
Bu baxımdan onun “Vətən bayrağı altında” əsəri maraq doğurur. İrihəcmli əsərdə üçrəngli bayrağımızın
altında döyüşkən
Azərbaycan əsgərləri
təsvir olunub.
Mərhum fırça ustası
Fəxrəddin Məmmədvəliyev
rəssamlıq tariximizdə
ən çox tarixi mövzulara müraciət edən rəssamlarımızdan olub.
Onun
“Nadir şahın Hindistana
yürüşü” əsəri
miniatür üslubuna
yaxın olsa da, realist əsərdir.
Burada obrazların çoxluğu,
eləcə də döyüş səhnəsinin
gərginliyi əsərdə
təbii qarışıqlıq
yaradıb. Əsər həm
də incə işlənməsilə diqqəti
çəkir. Rəssamın “Kitabi-Dədə Qorqud” dastanlarının motivləri
əsasında yaratdığı
bir çox əsərlərində gərgin
döyüş səhnələri
yer alıb.
Çağdaş
Azərbaycan rəssamlığında
da bu janra
müraciət edən
fırça ustalarımız
az da
olsa, var. Batal janrında son dönəmlər
daha çox əsər yaradan rəssamlarımızdan biri
Qarabağ müharibəsinin
iştirakçısı olmuş
İntiqam Ağayevdir.
Müharibənin ağrı-acısını dərindən duyan rəssamın döyüşə
həsr etdiyi əsərləri milli koloriti və inandırıcılığı ilə seçilir. Onun bu mövzudakı
əsərləri rəssamın
ötən il
keçirilən fərdi
sərgisində sənətsevərlərə
təqdim olundu.
Rəssam Ramiz Abbasov realistdir. Onun bəzi çoxfiqurlu
kompozisiyalarında döyüş
səhnələri ayrıca
yer tutur. Həm də keramika ustası olan Ramizin gildən düzəltdiyi müxtəlif
döyüşçü obrazları da diqqət çəkir.
Miniatürçü-rəssamlar Fəxrəddin Əlinin,
Pərinisə Əsgərovanın
incə zövqlə işlənmiş əsərlərində
döyüş motivlərinə
də rast gəlinir. Türkiyədə yaşayan soydaşımız,
Əməkdar incəsənət
xadimi Rafiq Əzizovun türk dəniz qüvvələrinə
həsr etdiyi əsərlər bu qəbildəndir və muzeylərdə saxlanılır.
Rəssam Elrəng Əliyevin
“Babək” əsəri
ayrıca diqqət çəkir. Əsərin mərkəzində qəhrəmanın
yenilməz görkəmi,
döyüşün gərginliyi,
hərəkətliyi və
psixologiyası insanı
əsərə inandıra
bilir.
Sənət savaşdan danışanda
belə insanda həyata inam yaradır. Sənət
bizə deyir ki, savaşı yox, qələbəni sevin!
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 7 aprel.-
S.15.