Bütün dünya - bir sərgi”

 

 

 

   Azərbaycan paytaxtı 16-cı dəfə regionun ən böyük turizm sərgisinə ev sahibliyi edir. Aprelin 6-da Bakı Ekspo Mərkəzində işə başlayan Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində (AİTF 2017) 22 ölkənin turizm imkanları, istirahət məkanları və marşrutlar, çeşidli turizm növləri nümayiş olunur.

   KolumbiyaKuba ilk dəfə olaraq AİTF sərgisində təmsil olunur. Həmçinin sərgidə Sloveniyanın “Roqaşka Slatina”, Rusiya Federasiyasının Stavropol vilayəti, Dağıstan Respublikası, Kazan şəhəri və Ukraynanın Odessa vilayətinin regional stendləri yer alır.

   Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ekspozisiyalarında Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim edilir. Əzəli vətən yurdunun gözəlliyini nümayiş etdirən Qarabağ stendi sərginin ənənəvi iştirakçısıdır. Sərgidə Lənkəran, Masallı, Şəki, İsmayıllı, Xaçmaz və Sumqayıt regional mədəniyyət və turizm idarələri iştirak edir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendində bölgənin təbiəti, tarixi yerləri, mehmanxana və müalicə mərkəzləri təqdim olunur. 20-yə yaxın şirkət - turizm agentlikləri, hotel və sanatoriyaları öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyasında isə Azərbaycan və xaricdə turizm təkliflərinin geniş çeşidi təklif olunur.

   Bu il fəaliyyətə başlayan “ASAN Viza” - elektron viza portalı ilk dəfə sərgidə öz stendi ilə iştirak edir. Sərgidə həmçinin ilk dəfə 2017-ci il aprelin 10-dan mayın 10-dək Bakıda keçiriləcək Bakı Şopinq Festivalı da (Baku Shopping Festival) öz stendi ilə iştirak edir. Stenddə festival barədə ətraflı məlumat almaq, iştirakçı olmaq üçün müraciət etmək, festivala qoşulmuş mağaza və digər obyektlər haqda məlumat əldə etmək, ƏDV qaytarılması (“Tax free”) sisteminin işləmə mexanizmi ilə tanış olmaq mümkündür.

   AİTF hər il tibbi turizm və sağlamlıq turizmi istiqamətini inkişaf etdirir. Sərgidə Azərbaycan, Belarus, Macarıstan, Gürcüstan, Çexiya, Rusiya, Sloveniya, Türkiyə və digər ölkələri təmsil edən tibb mərkəzləri, sanatoriyalar, müalicə-sağlamlıq və spa turizmi üzrə ən son nailiyyətlər təqdim olunur.

   Aprelin 8-dək davam edəcək “AİTF 2017” sərgisi ilə yanaşı, 11-ci Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” (Horex Caucasus 2017) sərgisi də ziyarətçiləri qəbul edir.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 7 aprel.- S.16.