İki əlamətdar yeniliklə yadda qalan gün

 

 

   Bakı Şopinq Festivalının açılışına milli rəqslərdən ibarət möhtəşəm proqram öz möhürünü vurdu

  

   Aprelin 10-da Azərbaycanda ilk Ticarət festivalına - “Baku Shopping Festival”a start verildi. Ölkə başçısının 2016-cı il 1 sentyabr tarixliAzərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqındasərəncama əsasən keçirilən festivalın təşkili Mədəniyyət Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə olunub.  

   Festivala qoşulanlar «həm ziyarət, həm ticarət» el məsəli ilə desək, mədəniyyət ocaqlarına, istirahət məkanlarına üz tutacaq, sərfəli alış-verişdən sonra fərqli zövq sahiblərinin ruhuna uyğun gələn mədəni əyləncə tapa biləcəklər.

   Şopinq festivalının açılışı münasibətilə Heydər Əliyev Sarayında keçirilən tədbirdə əvvəlcə mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış etdi. Salona toplaşanları salamlayan nazir dedi ki, bu gün biz mədəniyyət ilə turizmin vəhdətinə şahidlik edirik. Nəinki Azərbaycanda, həm MDB məkanında ilk şopinq festivalı başlayır. Ölkəmizə gələn turistlər güzəştli qiymətlərə alış-veriş edə biləcəklər ki, bu da Azərbaycana turist axınına, ticarət dövriyyəsinin stimullaşdırılmasına öz müsbət təsirini göstərəcək. Üstəlik, cənab Prezidentin qərarına əsasən, dünya təcrübəsində ilk dəfə olaraq, festivalın şərtləri Azərbaycan vətəndaşlarına da şamil ediləcək.

   Bu festival həm özünəməxsus yeniliklər, mədəni tədbirlər sürprizlər ilə zəngindir. Azərbaycanın zəngin mədəniyyətini, turizm imkanlarını, ticarət potensialını əks etdirən festival əyləncə ilə alış-verişin vəhdəti olacaq. Hər həftəsonu böyük ticarət əyləncə mərkəzlərində müxtəlif mədəni tədbirlərin, şouların keçirilməsi isə həm mənəvi qazanc əldə etmək imkanıdır.

   Nazir çıxışını belə tamamladı: “Bugünkü açılış mərasimi həm qeyri-adi bir konsertlə davam edəcək. Təxminən bir ildir ki, beynəlxalq mübadilə proqramı çərçivəsində Rusiya Federasiyasının Xalq artisti, tanınmış rəqqas baletmeyster Dikalu Muzakayev Azərbaycana dəvət edilib, Dövlət Rəqs Ansamblının bədii rəhbəri kimi çalışır. Yeni proqramda Azərbaycanın ən gözəl, unudulmuş rəqslərinin bərpası ilə yanaşı, eyni zamanda yeni rəqsləri görə biləcəksiniz. Xüsusi qeyd etmək istəyirəm ki, kollektivi Vüqar Camalzadənin rəhbərliyi altında orkestr rəqsləri müşayiət edəcək. Bir sözlə, bu gün yeniliklər günüdür. Ümidvaram ki, siz vaxtınızı səmərəli keçirəcəksiniz. İnanıram ki, siz Şopinq festivalında fəal iştirak edəcək, Azərbaycan iqtisadiyyatına öz töhfənizi verəcəksiniz. Alış-veriş edərkən mədəni proqramlardan faydalanmağı da unutmayın. Festivala xoş gəlmisiniz!”

   * * *

   ...Beləliklə, Azərbaycan rəqslərinin dünyanın ən gözəl milli rəqslərindən olduğuna inanan, lakin öz kollektivlərimizin dünya səhnələrində görünməməsinə təəssüf edən, həyatı rəqs sənəti ilə az-çox bağlı olan, ya da sadəcə, rəqs sənətini sevən hər kəsin çoxdan gözlədiyi konsert başladı.

   «Mənim Azərbaycanım» süitası ilə başlayan proqramda «Şələqoy», «Yaylıqla rəqs», «Çayçı», «Gənclik», «Tərəkəmə», «Qazağı», «Bahar», «Qaytağı», «Tənzərə Naxçıvan yallısı», « çiçək», «Nağara ilə rəqs», «Toy», «Qavalla rəqs» bir-birini əvəz etdi. Cəmi 30 kişi, 24 qadın rəqqasın çıxış etdiyi nömrələr elə sıralanmışdı ki, həm rəqqaslar geyimlərini dəyişə bilsinlər, lirik ovqat tamaşaçını yormamış məzəli süjetlə əvəz olunsun, xanımların romantik ruhlu incə süzmələri kişilərin qan coşduran iti oyunları ilə ruhu oxşasın. Bu proqramın hazırlıq prosesindən, məşq prosesindən oxucularımıza məlumat vermişik deyə, sadəcə, konsertədək görmədiyimiz məqamlara diqqət yetirəcəyik.

   Rəqqasların səhnədə nümayiş etdirdikləri fiziki hazırlıq, ifa texnikası, hərəkət sinxronluğu, özlərini bütün varlıqları ilə rəqsdə hiss etməsi diqqətdən yayınmadı. Geyimlərdə artıq bər-bəzəkdən imtina, sadəlik, kişi rəqqasların milli şalvarda çıxış etməsi, rəqsin ritminə ruhuna uyğun olaraq, bellərinə ya qurşaq bağlayıb, ya da xəncər taxması, başlarına şişpapaq, sürpapaq, araqçın, təsək, ya da dəbilqə qoyması həm rəqqasların, həm rəqsin görkəminə xüsusi gözəllik verirdi. Qadınların geyimində bu fərqlilik xüsusi incəliklə gözlənilmişdi. Məsələn, «Bahar» rəqsində ilk səhnəyə çıxan rəqqasələr yaşıl (çəmən misalı), onların ardınca gələnlər isə şux bənövşəyi (qar altından ilk çıxan bənövşə çiçəyi kimi) libas geyinmişdi. «Toy» rəqsi üçün seçilmiş donlardakı firuzəyi-mərcanı rəng tandemi uğurlu idi. Solo ifaçı rəqqasə Gülnarə Xanbabayevanın əynindəki arxalığın mərcanı rəngi səhnə işıqlarının təsiri altında ifaçının görünüşünə flaminqo zərifliyi qatırdı. Xalq artisti Roza Cəlilovanın quruluş verdiyi, bir zamanların çox məşhur rəqsi olmuş « çiçək» rəqsi isə təkcə rəqs elementlərinə görə deyil, həm bəyaz geyimli xanımların belindəki açıq çəhrayı çiçək bəzəkləri ilə göz oxşayırdı. Təbii ki, geyimlərin əsl milli ruhu, rəng seçimi, biçim forması rəssam Nazim Yunusovun zəhmətinin bəhrəsidir. Əslində ansambl üçün tikilmiş geyimləri tam kolleksiya adlandırmaq daha düzgün olar.

   Nəhayət, çoxdan gözlədiyimiz «Koroğlu» başladı... 9 el havasının - «Çoban bayatı», «Əlində sazın qurbanı», «Qoç Koroğlu», «Xançobanı», «Cığatayı», «Misri», «Koroğlu nağarası», «Laçın», «Qaladan-qalaya yallısı» melodiyaları Əməkdar incəsənət xadimi, bəstəkar Vüqar Camalzadənin aranjimanında bitkin kompozisiya təsiri bağışlayırdı. Bu baletdə əsas ağırlıq kişi qrupunun üzərinə düşürdü. Döyüş səhnələri, akrobatik elementlərin bolluğu iti hərəkət ritmi, bir itməyən sinxronluq, əsas rolun ifaçısı - Xalq artisti Rüfət Xəlilzadənin müdrik qəhrəman Koroğlusu, Rauf Zeynalovun uçuşu istedad zəhmətin, güclü fiziki hazırlığın təxəyyülün vəhdətinin bəhrəsi idi.

   Bu məqamda Vüqar Camalzadənin rəhbərlik etdiyi 16 nəfərlik orkestrin çıxışını vurğulamaq lazımdır. Üstəlik, «Koroğlu»dan əvvəl bəstəkar ilə qarmon çalan Ramin Hüseynovun bircə aranjiman etdiyi «Arşın mal alan» kompozisiyası maraqlı keçidləri Üzeyir bəyin bu çox sevimli əsərinin musiqi motivlərində indiyədək eşitmədiyimiz gəzişmələri ilə ayrıca konsert proqramı təsiri bağışladı bayaqdan bəri rəqqasları alqışlamaqdan yorulmayan salondan öz halal alqış payını qopardı.

  

   ...Hər başlanğıc bir vəddir. Yaxşı başlanğıc isə böyük vəd iddiadır. Azərbaycan Dövlət Rəqs Ansamblı uzun fasilədən sonra yeni konsert proqramı ilə öz taleyində fərqli başlanğıc etdi. Biz isə növbəti, daha uğurlu konsert proqramları görməyə iddialı olduq.

   * * *

   P.S. Əslində, mən hər hansı tamaşanın, konsert proqramının bir neçə səhnə nümayişindən sonra televiziya ilə göstərilməsini məqbul saymıram. Qoy insanlar teatra, konsertə getməyi yadırğamasınlar. «Televizorda görmüşəm» deyib sənət ocaqlarından uzaq düşməsinlər. Amma Azərbaycan Dövlət Rəqs Ansamblının bu konsertinin lent yazısını bütün telekanallarda, həm tez-tez göstərmək lazımdır! Həm toy-büsatda qol açıb oynayanların rəqs mədəniyyətini yüksəltmək, milli ölçü meyarlara yaxınlaşdırmaq üçün. Rəqs müntəxəbatını tez-tez «vərəqləməyin» hər kəsə xeyri var.

  

   Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2017.- 12 aprel.- S.3.