Bütün dünya bir sərgidə
“AİTF
2017” stendlərində dünyanın dörd
yanına onlarla marşrut
təklif olunurdu
... Belə deyirlər ki, ilk təəssürat güclü olsa da, gərək nəyinsə, kiminsə barəsində təəssüratlarını dərhal paylaşmayasan. Ki ilk təəssüratın çılğınlığı, bəzən isə hətta yanlışlığı obyektiv rəyə mane olmasın. Bu baxımdan 6-8 aprel tarixində Bakı Ekspo Mərkəzində keçirilən 16-cı Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi (AİTF 2017) barədə təəssüratları, zənnimizcə, bölüşməyin vaxtıdır.
Beləliklə, sərginin ikinci günü yolumuzu Bakı Ekspo Mərkəzindən saldıq...
Truskavesə kim gedəcək?
Yazıçı Maqsud İbrahimbəyovun povesti əsasında çəkilmiş belə adda filmi bir vaxtlar televiziya ilə tez-tez göstərərdilər. Gülərüz Ukrayna gözəllərini, bu ölkənin stendini bəzəyən gözəl mənzərələri, bir də onun qarşısındakı qələbəliyi görüncə, bu sualı ürəyimdə təkrarlayıram. Çox yaraşıqlı bir xanım - Tatyana Qrısak Truskavesdəki «Karpatı» mehmanxana-kurort kompleksini təmsil edir.
- Bizim kompleks Azərbaycanda çox məşhurdur. Sanatoriyamız isə təklif edilən xidmətlərin sayına və keyfiyyətinə görə Lvov vilayətindəki ən yaxşı müalicə ocaqlarındandır. «Karpatı» sanatoriyasında Ukrayna-Azərbaycan assosiasiyası da var. Artıq bu il Azərbaycandan 1500 nəfər «Karpatı»da dincəlib, sağlamlığını bərpa edib. Çoxları təkrar-təkrar Truskavesə gəlir. Yeri gəlmişkən, hazırda biz tərəfdə hava Bakıdakından istidir. Amma Bakı çox gözəl şəhərdir. Azərbaycana ilk gəlişim olsa da, əminəm ki, axırıncı olmayacaq.
Hevizə gəl, Hevizə...
Sağlamlıq baxımından XXI əsr insanının düçar olduğu bəlalar Azərbaycan əhalisindən də yan ötməyib. Hər il nə qədər insan şəkərli diabetdən, onurğa problemlərindən əziyyət çəkdiyi üçün daha yaxşı, həm də kimyəvi preparatlarsız müalicə ocağı axtarır. Sərgidə çoxumuzun tanımadığı Heviz gölü ətrafında yaradılmış sağlamlıq kompleksinə dair stend diqqətimizi çəkir. Macarıstanın eyniadlı şəhərciyi də elə Heviz gölünün ətrafında salınıb. Bizim üçün Macarıstan daha çox Balaton gölü assosiasiya olunsa da, Heviz gölünün suyu min dərdin dərmanıymış. Hələ eramızdan 2 min il əvvəl qədim romalılar Hevizin suyunda yuyunmaqla şəfa taparmışlar. Bütün bunları şəfa ocağının təmsilçisi Anastasiya Marofeyeva dedi:
- Macarıstanda
Azərbaycanı çox sevirlər.
Əslində bizim sevgimiz
qarşılıqlıdır. Təəssüf ki, burada da
bizim potensial xəstələrimiz
çoxdur. Buna
görə də sizləri Macarıstana adi
turist kimi yox, həm də müalicə məqsədi
ilə gəlib şəfa tapan turist kimi görmək istəyirik.
Heviz gölünün
suyu iki termal və bir mineral su mənbəyindən yaranır. Mağara
dəliyindən vuran
38 və 42 dərəcədə
isti, 19 dərəcədə
mineral su bulaqları bir-birinə qarışaraq
çox effektli təsir göstərir. Üstəlik, istirahət proqramı
da elə qurulub ki, ilboyu
Hevizdə keçirilən
müxtəlif bayramlar,
festivallar dincələnləri
darıxmağa qoymur.
«Kuba libra» gözəl dadır!..
Kuba Respublikasına həsr
olunmuş stendin qarşısında yerli turoperatorlardan birinin yanında kubalı olduğu görkəmindən
anlaşılan bir nəfər hər kəslə mehriban danışır. Demə, həmin
şəxs elə Kubanın ölkəmizdəki
səfiri Alfredo Fidel Niyeve
Portuondo imiş.
Səfirin rus dilində
sərbəst danışması
söhbətimizin asan
tutacağına bir işarədir. Lakin cənab Portuondonun bir şərti var: əvvəlcə gərək onun şəxsən hazırladığı
«Kuba libra» kokteylinin dadına baxasan. Rom, limon
şirəsi, bir də kola. Kola sevən
olmasam da, kokteyli bəyənirəm.
Adı isə lap gözəldir: «Kuba libra», yəni «Azad Kuba». İndi də cənab Portuondo sualıma cavab verir:
- Cəmi üç aydır ki, Bakıdayam. Amma bu müddətdə
kubalılarla azərbaycanlıların
oxşar cəhətlərini
tapmışam: üzügülərlik,
qonaqpərvərlik, temperamentli
rəqsləri, bir də dənizi sevmək! Bilirsiniz, siz də,
biz də cənubluyuq.
Cənubluların hamısında oxşar
cəhətlər var. Mən
öz ölkəmin Azərbaycanda, Gürcüstanda
və Türkmənistandakı
rəsmi elçisiyəm.
Azərbaycan və Kuba arasında turist mübadiləsi aydan-aya artsa da, hələlik
bu üç ölkə arasında Kubaya səfər baxımından birincilik Gürcüstandadır.
Rus dili və «Qağayı»
İtaliyaya aparar...
İtaliyanın «Larus Viaggi»
tur-operatorunu AİTF sərgisinin
veteranlarından hesab etmək olar. İlk sərgidən başlayaraq,
Azərbaycanda davamlı
təmsil olunan «Larus Viaggi İtaly»
1984-cü ildən dünya
turizm bazarındadır.
Şirkətin 1995-ci ildən Moskvada
yaradılmış bürosu
isə həm də keçmiş ittifaq respublikalarının
vətəndaşlarına xidmət edir. Bu səfərlərdə rusdilli bələdçilər
öz qonaqlarını
İtaliyada qəribsəməyə
qoymurlar. Moskva bürosunun rəhbəri Olqa Sabaşkova deyir:
- Təxminən
on il olar
ki, Azərbaycanın turoperatorları ilə əməkdaşlıq edirik.
Artıq
dostlaşmışıq. Əgər dünəndən
etibarən birgə çalışdığımız insanlar yaxınlaşıb
hal-əhval tuturlarsa,
dost kimi görüşürlərsə,
deməli, işimizi vicdanla yerinə yetiririk. Düzü, bizim xəttimizlə
Azərbaycandan nə qədər insanın İtaliyaya getdiyini deyə bilmərəm.
Moskva bürosu yalnız tur-operatorlar ilə işləyir və səfərin məqsədindən
asılı olaraq onları İtaliyadakı
həmkarlarımıza yönləndirir.
Bu arada
öyrənirəm ki,
larus italyan dilində qağayı, viaggi isə səyahət deməkdir.
Maraqlıdır, görəsən, Adriatik, ya da
Aralıq dənizi qağayıları Xəzər
qağayılarına çox
oxşayır?
Turist axınından danışmaq
hələ tezdir...
Qırmızı rəngli sapla
işlənmiş monoxrom
milli naxışlı
dəsmalları harada
görsəniz, bilin ki, söhbət Belarus milli mədəniyyətindən
gedir. Bu ölkənin
stendinin qarşısında
adam çoxdur.
Həm bir neçə təşkilat böyük
bir stenddə birləşiblər, həm
də sərgi ziyarətçilərinə səxavətlə
şokolad, kolbasa və qara çörəkdən
buterbrod təklif edirlər. Belarus Həmkarlar
İttifaqı Federasiyası
«Belarus turist» turist-ekskursiya
müəssisəsinin təmsilçisi
Olqa Volşova:
- Bakı mənim bütün gözləntilərimi üstələdi.
Bu şəhərdə Şərq və Qərb memarlığının
tandeminə vurulmuşam.
Yəqin
ki, sərginin bağlanışından sonra
Bakını yaxşı-yaxşı
gəzəcəyik. Sovet İttifaqı
dağılandan sonra bir-birimizdən çox aralandıq. Amma dövlət
səviyyəsində dostluğumuz
davam edir. Məncə,
Belarus ilə Azərbaycan
arasında turizm münasibətlərini də
inkişaf etdirməyə
dəyər. Hər
iki ölkədə qarşılıqlı tarixi,
etno, eko, müalicəvi, mədəni
turizm səfərləri
üçün geniş
imkanlar var. Düzdür,
hələlik turist axınından danışmaq
tezdir, amma, məncə, sərgi buna təkan verəcək və biz növbəti sərgidə
konkret rəqəmlər
söyləyə biləcəyik.
* * *
... Daha bir turizm və səyahət sərgisi başa çatdı. Yəqin
ki, oxucularımız da sərgidən götürdükləri prospekt
və bukletlərlə
ötən həftəsonu
rahat tanış
olublar. Düzünü
deyin, hara getməyi planlaşdırırsınız?
Məsələn, mən Hevizə,
bir də Tailandın Pxuket adasına gedərdim.
Birincidə səhhətimə yüngülcə əl gəzdirərdim. İkincidə
isə... Düzü,
Pxuketdəki kəpənək
fermasını gəzmək,
Kratxu bölgəsində
milli parkda pələngləri sığallamaq
təklifi məni yaman cəlb edir...
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2017.- 12
aprel.- S.9.