Amsterdamda Firəngiz Əlizadənin əsərinin
premyerası olub
Niderlandın paytaxtındakı “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin Kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti
ilə görkəmli
bəstəkar, Azərbaycanın
Xalq artisti, professor Firəngiz Əlizadənin
“Nasimi passion” əsərinin
premyerası olub.
Avropanın nüfuzlu mədəniyyət
təşkilatlarından olan
“Amsterdam Royal Concertgebouw” tərəfindən
son illərdə müxtəlif
dinlərlə bağlı
“İlahilər” layihəsi
həyata keçirilir.
Layihə çərçivəsində
dünyanın müxtəlif
dinlərinə məxsus
bəstəkarlara əsərlər
sifariş olunur və səsləndirilir.
2015-ci ildə islam dininə aid ilahilərin bəstələnməsi
professor Firəngiz Əlizadəyə
həvalə edilib və “Nasimi passion” (“Nəsimi ehtirası”) ərsəyə gəlib.
Əsərin premyerasından əvvəl
bəstəkarla görüş
keçirilib. Görüşdə musiqişünas Thea Derks “Nasimi passion” əsəri haqqında məlumat verib.
Firəngiz Əlizadə seçdiyi
mövzu, Azərbaycanın
böyük mütəfəkkiri
İmadəddin Nəsimi
barədə danışıb.
Dahi mütəfəkkirin Yaxın
Şərq ədəbiyyatına
gətirdiyi mütərəqqi
ideyalar və fəlsəfi düşüncə
tərzindən söz
açıb.
Bildirilib ki, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta əsr sufi fəlsəfəsi
yanaşı işlənib.
Bəstəkar iştirakçıların əsərlə bağlı
suallarını cavablandırıb.
Konsert zamanı əsərin
sözləri tərcümə
edilərək ekranda göstərilib. Bu da dinləyicilərə həm musiqini dinləməyə, həm
də əsərin sözlərini başa düşməyə, onu dərindən anlamağa imkan verib. Əsərdə Şərq təfəkkürünün
və onun fəlsəfi ideyalarının
özəyini təşkil
edən tendensiyaların
müasir üsullarla sintezi təqdim olunub.
“Nasimi passion” qeyri-ənənəvi tərkibə
malik ansambl üçün nəzərdə
tutulsa da, onun ifasında əsasən sufi
məclislərində istifadə
olunan musiqi alətlərinə müraciət
olunub. Əsas prinsipi hər ölkəyə xas tembr səslənməsinin
saxlanılmasından ibarət
olan layihədə bir tərəfdən ney, tütək, kanon, qoşanağara və milli “səs”, digər tərəfdən isə violonçel, skripka və alt kimi klassik alətlər öz tembr rəngarəngliyi
ilə dinləyicini valeh edib.
Almaniya Dövlət Teatrının
solisti Əvəz
Abdulla özünə xas
fərqli ifası ilə tamaşaçıların
ruhunu oxşayıb.
Onun ifası sufi zikrlərindəki
əsas ab-havanı və dinləyicidə vizual təəssürat yaratmağa imkan verib.
Bəstəkar
əsər vasitəsilə
Avropa dinləyicisini tanış olmayan və hər zaman maraq mərkəzində olan sirli bir
mühitə qərq edib. Mistik ruhani fəlsəfə
ilə müasir bəstəkar texnikası
və modern düşüncə
dərin vəhdət
təşkil etdiyi əsər tamaşaçıların
alqışları ilə
qarşılanıb.
Konsertdən sonra musiqiçilər
və solistlər əsərdən söz açaraq fikir mübadiləsi aparıb,
hisslərini bölüşüblər.
Onlar əsərin möhtəşəm
olduğunu bildiriblər.
Bəstəkar
və musiqi meneceri Gabriel Teschner vurğulayıb ki, Firəngiz Əlizadə Azərbaycan musiqisini Qərb musiqisi ilə yüksək səviyyədə sintez edib: “Biz iki fərqli musiqi mədəniyyətinin bəstəkar
tərəfindən incəliklə
birləşdirilməsinin şahidi
olduq. Firəngiz Əlizadə altı yüz il
əvvəl yazıb-yaratmış
Nəsiminin qəzəllərini
tamaşaçıya yüksək
səviyyədə təqdim
etdi. Mən Firəngiz Əlizadənin
əsərinə valeh
oldum. Musiqi nəşriyyatı olaraq onunla əməkdaşlıq
etməkdən çox
məmnunuq”.
İngiltərəli dirijor Martin Brabbins
diqqətə çatdırıb
ki, bu, fövqəladə
əsər idi. “Firəngiz Əlizadənin
əsərinə dirijorluq
etməyə şadam.
Bəstəkar əsərdə öz hisslərini yüksək səviyyədə
təqdim edib. Orkestr musiqisi çox zəngin, xor partiyası möhtəşəm
idi. Solistimiz də əla
idi. Əvəz Abdullanın baritonunun
keyfiyyəti çox yüksəkdir. Amsterdamdakı
bu konsert, bu gecə möhtəşəm
idi”, - deyə o bildirib.
Almaniya Dövlət Teatrının
solisti Əvəz
Abdulla bildirib ki, əsərdə muğamla
Sebastyan Baxın musiqisinin birləşdirildiyi
məqam skripkada ifa olunmağa başlayanda insan valeh olur, bunun
üçün böyük
ustalıq tələb
olunur. O deyib: “Nəsiminin qəzəllərini,
onunla bağlı çəkilən filmi uşaqlıqdan sevirəm.
Bu gün Firəngiz
xanımın əsərini
ifa etməkdən çox razıyam. Bir neçə ay əvvəl təklif alanda Firəngiz xanım mənə dedi ki, bu,
musiqidir, amma təkcə sözləri
ifa etməklə kifayətlənməməlisən. Canlı obraz yaratmalısan. Düşünürdüm ki, bu obrazı necə canlandırım. Amma
bu gün gördüm ki, istədiyimizə nail ola bilmişik”.
Mədəniyyət.- 2017.- 12
aprel.- S.11.