“Motsart və Salyeri” Xalq teatrının
təqdimatında
Şərur rayon Xalq teatrı böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” faciəsi əsasında tamaşa hazırlayıb. Rayon Mədəniyyət sarayında ictimaiyyətə təqdim edilən əsər Azərbaycan teatr səhnəsində ilk dəfə tamaşaya qoyulub. Quruluşçu rejissor Nəsimi Məmmədzadə həm də əsas rollardan birinin ifaçısıdır.
Salyeri tanınmış və istedadlı bəstəkardır. Lakin paxıllıq, həsəd, şöhrətpərəstlik, eqoizm kimi sifətlər onun mənəvi kasıblığını ortaya qoyur. O, sənətdə ondan istedadlı olan Motsartdan öyrənmək əvəzinə onu zəhərləyib öldürür. Müəllifin insanlara aşılamaq istədiyi əsas fikir bundan ibarətdir ki, bu mənfi əxlaqi sifətlər cəmiyyət üçün təhlükəlidir.
Əsər dramatizmi ilə seçilir. İtalyan bəstəkarı Antonio Salyeri (1750-1825) və böyük Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (1756-1791) haqqında çoxlarına məlum olan rəvayət bu əsərdə də əksini tapıb.
Tamaşada
rolları Azərbaycanın Əməkdar artisti
Neymət Sultanov (Motsart),
aktrisa İlkanə Cavadlı və
başqaları oynayır. “Motsart və Salyeri” kimi psixoloji
faciənin xalq teatrında tamaşaya
qoyulması kollektivin uğurudur.
Səhnə əsəri tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2017.- 12
aprel.- S.12.