Görkəmli teatr
salnaməçisi
Azərbaycan teatrının tədqiqində görkəmli teatrşünas, sənətşünaslıq doktoru, professor, AMEA-nın müxbir üzvü İnqilab Kərimovun mühüm xidmətləri var. Alim milli teatr tarixinə, teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş çoxsaylı əsərlər yazıb.
İnqilab Saleh oğlu Kərimov 4 aprel 1931-ci ildə Göyçay rayonunda dünyaya göz açıb. 1948-1953-cü illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda fəaliyyətə başlayır. 1963-cü ildə “Sovet Azərbaycanının gənclər teatrı” mövzusunda namizədlik dissertasiyası, 1988-ci ildə “Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri” adlı doktorluq dissertasiyasını Moskvada müdafiə edir.
Məlumdur ki, teatr tarixini izləmək, təhlil etmək teatrşünaslıq elminin qarşısında duran ən mühüm məsələlərdən biridir. Görkəmli alim milli teatr tarixi, teatr sənətinin müxtəlif problemləri, tanınmış teatr xadimlərinin həyat və yaradıcılığı ilə bağlı 200-ə yaxın elmi əsərin, o cümlədən 25 monoqrafiya və kitabın müəllifidir. Onun müxtəlif illərdə işıq üzü görən “Əbdürrəhim bəy Haqverdiyev və teatr”, “Nəriman Nərimanov və teatr”, "Abdulla Şaiq və teatr", "Ağadadaş Qurbanov", "Gənclik və gözəllik teatrı", "Sənət yolu, dostluq yolu", “Azərbaycan-Türkiyə teatr əlaqələri”, “Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri”, “Teatr: taleyin ömrümə yazdığı qismət”, “Azərbaycan və gürcü səhnə ustalarının dostluğu” və s. elmi əsərləri teatrşünaslıq elminə, ümumilikdə isə Azərbaycan mədəniyyətinin tədqiqinə mühüm töhfələrdir.
Milli
teatrşünaslıq elmimizdə əhəmiyyətli yer tutan bu
tədqiqat əsərlərində Azərbaycan teatr tarixinin böyük bir mərhələsinə
dair tutarlı faktlar öz əksini tapıb. Teatrşünas Könül Əliyeva görkəmli sənətkarla
bağlı araşdırmasında yazır ki,
Azərbaycan teatrşünaslıq elmindən danışarkən
İ.Kərimovun adını xüsusi vurğulamaq lazımdır. Çünki o, milli teatr tarixinin professional tədqiqinin əsasını
qoyan teatrşünaslardan
olub. Həyatını Azərbaycan teatr
tarixinin araşdırılmasına
həsr edən alim hər bir
tarixi faktı dərinliyinə qədər
araşdırıb. Azərbaycan teatrşünaslıq
elminin inkişafı yolunda ardıcıl fəaliyyət göstərmiş
bu fədakar ziyalının keçdiyi
çətin və şərəfli yolu teatrşünaslıq tariximizin
salnaməsi hesab etmək olar.
İ.Kərimov Azərbaycan teatrının
öyrənilməsi ilə
yanaşı, eyni zamanda uzun illər
pedaqoji fəaliyyət
göstərib, öz
bilik və təcrübəsini gələcəyin
sənətşünaslarına öyrədib. Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetində
40 ildən artıq teatr tarixi, teatr
tənqidi və dram nəzəriyyəsi fənlərini
tədris edib. O,
eyni zamanda bədii yaradıcılıqla
da məşğul olub, “Necə qan ağlamasın” adlı hekayələr kitabı, “Xəyanətin
müsibəti” faciəsi,
ümumilikdə tərcümə
etdiyi və müxtəlif teatrlarda tamaşaya qoyulmuş 18 pyeslə Azərbaycan ədəbiyyatını, mədəniyyətini
zənginləşdirib.
Azərbaycan teatrşünaslığına
ciddi töhfələr
verən alim 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü seçilib
və həmin ilin 22 iyulunda dünyasını dəyişib.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 12
aprel.- S.15.