Etibarlı tərəfdaşlıq hər
iki ölkə üçün
önəm daşıyır
Azərbaycan-ABŞ
diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu
Aprelin 12-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilən tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə iki ölkə əlaqələrindən bəhs edən sərgi ilə tanış oldular.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta mərasimdə çıxış edərək diplomatik əlaqələrin qurulması tarixindən danışdı. O, ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi ötən 25 il ərzində ölkəmizin yanında olduğunu bildirdi. Vurğulandı ki, keçən müddət ərzində 6 min azərbaycanlı müxtəlif proqramlar çərçivəsində ABŞ-da təhsil alıb. Eyni zamanda amerikalı müəllimlər Azərbaycanda müxtəlif təhsil müəssisələrində fəaliyyət göstəriblər. ABŞ-ın “Sülh korpusu”nun 600 könüllüsü Azərbaycanda ingilis dilinin tədrisində iştirak edib. Bundan başqa, amerikalı və azərbaycanlı hərbçilər dünyanın müxtəlif qaynar nöqtələrində birgə xidmət ediblər.
Robert Sekuta həmçinin əlavə etdi ki, Vaşinqton enerji resurslarının şaxələndirilməsində həmişə Azərbaycanı dəstəkləyib. O, ölkəmizlə enerji layihələri üzrə daimi məsləhətləşmələrin aparıldığını, bu layihələrin Avropanın enerji təhlükəsizliyi üçün vacib olduğunu diqqətə çatdırdı.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Azərbaycan hökuməti adından təbriklərini çatdırdı. Bildirdi ki, ötən müddətdə Azərbaycanla ABŞ etibarlı tərəfdaşlar kimi bir çox sahələrdə sıx əməkdaşlıq ediblər: “İki ölkə rəhbərləri arasında aparılan mütəmadi müzakirələri, Birləşmiş Ştatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri olduğunu nəzərə alsaq, bu etibarlı tərəfdaşlığın necə önəm daşıdığını söyləyə bilərik. Biz bu problemin həlli prosesinin sürətləndirilməsini və uğurla nəticələnməsini səbirsizliklə gözləyirik”.
Nazir Azərbaycan ilə ABŞ arasında humanitar sahədə də uğurlu əməkdaşlığın olduğunu diqqətə çatdırdı. O, ikitərəfli əlaqələrin gələcəkdə turizm sahəsində də inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
Tədbir konsert proqramı ilə davam etdi.
Konsertdə amerikalı caz
ifaçısı Qabriel
Stravelli və Azərbaycanın Əməkdar
artisti Sevda Ələkbərzadə çıxış
etdilər. Onların duet ifasında “Saçlarına
gül düzüm” mahnısı xüsusilə
maraqla qarşılandı.
İfaçıları azərbaycanlı caz pianoçusu Elçin Şirinov və amerikalı musiqiçilər Devid Kuk, Patrik Oliri,
Erik Xelvorson müşayiət
edirdilər.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 14
aprel.- S.3.