Bir əsərin tarixçəsi

 

 

   Cəfər Cabbarlı dühasına layiq abidə

  

   Bu gün paytaxtımızı bəzəyən çoxsaylı abidələrin arasında görkəmli dramaturq Cəfər Cabbarlının (1899-1934) qranit heykəli yaranma tarixçəsinə görə başqalarından çox fərqlənir. Bunun ilk göstəricilərindən biri abidənin uzun müddət - 23 il ərzində hazırlanmasıdır.   

   Abidənin qoyulmasının bu qədər uzun çəkməsi çoxlarına qəribə görünə bilər. Bu “gecikmə”nin isə müxtəlif səbəbləri olmuşdur. Təbii ki, bu təkcə abidənin eskizinin qəbulundan son variantına qədərki bir-neçə material dəyişmə mərhələlərini əhatə etsəydi, onda buna haradasa təəccüblənmək olardı. Amma 1959-cu ildən 1982-ci ilə qədər davam edən bu zaman kəsiyi həm də başqa məsələlərlə bağlı olub...

   Görkəmli dramaturqun 60 illik yubileyi ilə əlaqədar hökumətin onun Bakıda qoyulacaq abidəsinin hazırlanması üçün 1959-cu ildə respublika müsabiqəsi keçirməsi yerli heykəltəraşlar tərəfindən maraqla qarşılanır. Bir çox tanınmış tişə ustasının iştirak etdiyi bu üçmərhələli müsabiqədə 44 yaşlı Cəlal Qaryağdı (1915-2001) və 35 yaşlı Mirələsgər Mirqasımovun (1924-2005) birgə hazırladığı eskiz-layihə təqdim olunan işlərin arasında ən yaxşı hesab olunur. Onlar ərsəyə gətirdikləri kompozisiyada Cəfər Cabbarlı şəxsiyyətində hifz olunan sənətkar böyüklüyünü yaddaqalan tərzdə ifadə etməyə nail olmuşdular.

   Lakin onlar birgə qalib adını qazansalar da, sonrakı mərhələdə yollarını ayırmalı olurlar. Bu işi abidənin əsas ideya müəllifi olan M.Mirqasımov təkbaşına davam etdirməli olur. O, “Nizami” kinoteatrının arxasındakı kiçik ərazidə ucaldılacaq abidənin bədii-texniki hazırlığına başlayır. Lakin o vaxtlar SSRİ hökumətinə rəhbərlik edən N.S.Xruşşovun məşhur “Manej hadisə”si dalğasında incəsənətdə və memarlıqda israfçılığa - bər-bəzəkçiliyə qarşı əsassız kəskin mövqe tutması abidə üzərində işin dayandırılmasına gətirir. C.Cabbarlının monumental abidəsi də böyük vəsait tələb edən əsər idi.

   Əslində, budondurulma” müəllifin də ürəyindən olur. Belə ki, o, irihəcmli heykəlin dar bir məkanda ucaldılmasının əleyhinə idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başlamasından sonra - 70-ci illərdə abidənin ucaldılması ilə bağlı zamanında qərarın hələ də icra olunmadığı məlum olur. Heydər Əliyevin göstərişindən sonra abidə üzərində aparılan bir qədər canlandırılır, amma yenə də sona çatdırılmır.

   Yalnız C.Cabbarlının 80 illik yubileyi ərəfəsində bir daha heykəl məsələsi gündəliyə gətirilir. Həmin 1979-cu ildə ümummilli lider heykəltəraş M.Mirqasımovun emalatxanasında olması bütün məsələlərin müsbət həll olunmasına yol açır. Görüş zamanı tişə ustasının abidə ilə bağlı fikirlərinə diqqətlə qulaq asan ulu öndər onun irəli sürdüyü və abidənin monumentallığını şərtləndirəcək yaradıcı-texniki məsələlərin tezliklə həll olunmasına göstəriş verir. İlk növbədə gələcək abidənin yerləşəcəyi məkan dəyişdirilir. Bunun uçun Dəmiryol vağzalı ilə Neft Akademiyası arasındakı meydan daha münasib və məqsədəuyğun hesab olunur. Heykəltəraşın abidənin estetik tutumunun gücləndirilməsi üçün bütöv qranit parçasından istifadə təklifi də qəbul olunur. Tezliklə onun Ukraynadan gətirilməsi üçün razılıq əldə olunur.

   Abidənin gips modeli tamamlanandan sonra heykəltəraş həyat yoldaşı Gültəkin xanımla birlikdə Novodanilov qranit karxanasına (Ukrayna) yollanır. Orada münasib qranit parçası seçiləndən sonra növbəti problem ortaya çıxır. Bu da 280 tonluq qranitin yaxınlıqdakı dəmiryoluna daşınması ilə bağlı olur. Belə ki, onu adi mülki nəqliyyat vasitələri ilə daşımaq mümkünsüzdü, bu prosesdə mütləq hərbi texnika istifadə olunmalıydı. Daha dəqiq desək, bu işi yalnız tank vasitəsilə həyata keçirmək mümkün imiş. Bunun üçünsə vilayət hərbi dairəsi komandanının razılığı alınmalıydı. Karxanada bu işin mümkünsüzlüyünü vurğulasalar da, onlar geri çəkilməyib, komandanla görüşməyə qərar verirlər. Əvvəlcədən nəticəsiz olacağı güman edilən görüş hamının, o cümlədən də Bakıdan gəlmiş qonaqların gözləmədiyi sonluqla bitir. Görüş zamanı qonaqları əvvəlcə çox ciddi görkəmdə qarşılayan komandan, onların Azərbaycandan gəldiyini eşidən kimi əvvəlki “soyuqluğunu mehribanlıqla əvəzləyir. Qraniti daşımaq üçün onlara istənilən sayda tank verəcəyini söyləyən hərbçi bunun səbəbini açıqlayanda onun özü ilə yanaşı qonaqlar da çox kövrəlirlər. Məlum olur ki, yüksək hərbi vəzifədə çalışan həmin hərbçi II Dünya müharibəsində Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları generalı Həzi Aslanovun əsgəri olmuşdur. Komandan əlavə edir ki, ömrü boyu azərbaycanlılara hansısa bir yaxşılıq etmək arzusu ilə yaşayırmış. Odur ki, o, dərhal qranitin daşınması üçün tank ayrılmasına göstəriş verir...

   Beləliklə, qranit dəmiryolu ilə Bakıya çatdırılır. Bundan sonra gips modelin qranitə köçürülməsi prosesinə başlanılır. Bu işə Rusiyanın ən məşhur daş yonanlarından biri, RSFSR-in Əməkdar mədəniyyət işçisi Pavel Nosov cəlb edilir. Zahirən hər şeyin qaydasında getdiyi bir vaxtda davamlı həyəcanlı anlar yaşayan heykəltəraş infarkt keçirir, ölümlə üz-üzə qalır. Respublika rəhbərinin göstərişi ilə onun səhhəti daimi nəzarətə alınır o, tezliklə prosesə qoşulur.

   Nəhayət, bir-neçə aylıq yaradıcılıq işi uğurla nəticələnir. 1982-ci ilin martında - dramaturqun doğum günü qeyd olunan günlərdə abidənin (memarı Yusif Qədimovdur) təntənəli açılış mərasimi keçirilir. Həmin təntənədə çıxış edən Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev C.Cabbarlı şəxsiyyəti, onun şərəfinə ucaldılmış abidənin bədii məziyyətləri haqqında xoş sözlər söyləyir.

   Yüksək bədii-estetik xüsusiyyətlərə malik olan abidə bu gün - 35 ildən sonra da əvvəlki kimi təravətli duyğulandırıcı görkəmi ilə baxılmaqdadır. Plastik lakonikliyi kompozisiya bütövlüyünü özündə hifz edən qranit heykəldə dramaturqun şəxsiyyətinə xas olan insani-yaradıcı məziyyətlər cəlbedici inandırıcı təqdim olunmuşdur. Məntiqli heykəltəraş-memar hesablamalarının nəticəsidir ki, ümumi hündürlüyü 11 metrə çatan abidə geniş meydanda dominant rolunu oynamaqla monumental baxılmaqdadır. Məkanla plastik tutumun bir-birini tamamlaması həm bu abidədə sənətlərin sintezi probleminin uğurla həll olunduğundan xəbər verir.

   Qeyd edək ki, monolit biçimli bu abidənin forma-biçim həllini 160 (kürsü) 95 (fiqur) tonluq iki çəhrayı qranit təşkil edir. Piramidaya bənzər kürsü ilə dramaturqun fiquru arasında əlaqənin plastik həlli lakonik axıcıdır. Kürsü üzərindəki teatr maskasının təsviri ədibin əynindəki libasın səhnə pərdəsini xatırladan bir biçimdə təqdimatı çox qısa ömrü ərzində çoxsaylı dram əsərlər yazmış ədibin teatrla bağlılığına işarə kimi düşünülmüşdür. Qollarını sinəsində çarpazlayıb düşüncələrə qapılmış vəziyyətdə təsvir olunmuş dramaturqun duruşunda qürurverici əzəmət duyulmaqdadır. Heykəl ciddi bədii ümumiləşdirmələrlə işlənsə , həm obrazın ümumi siluetində, həm duruşunda baxışında gözoxşayan romantika duyulmaqdadır...

   Əlavə edək ki, bu əsər görkəmli şəxsiyyətlərə (N.Nərimanov, C.Məmmədquluzadə s.) həsr olunmuş abidələrin yaradılmasında zəngin təcrübəsi olan bir sənətkarın uzun illik zəhmətinin bəhrəsidir.

   Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımovun ailəsində dünyaya göz açan altı yaşında eşitmə qabiliyyətini itirəndən sonra taleyi zamanın sınağına çəkilən M.Mirqasımov sonrakı həyatını heykəltəraşlığa həsr etməklə, əslində özünü əbədi bir məsuliyyət daşıyıcılığına məhkum etmiş olub. Əbədiyyətə qovuşmuş heykəltəraşın əhatəli yaradıcılığı qədər geniş görünsə , sənət yolu əslində çox çətin yaşantılardan keçib. Ona körpəlikdən qəbir evinə kimi sirdaşlıq etmiş anası Ceyran xanım həyat yoldaşı Gültəkin xanım bu yaşantıya daha yaxından şahidlik etmişlər. Taleyin hökmü ilə heykəltəraşlıqda musiqiçi Bethovenin ömrünü yaşayan tuş gəldiyi bir çox gözlənilməz sınağın haqsızlığın acığına nikbin ovqatlı əsərlər yaradan Mirələsgər Mirqasımovu həqiqi mənada Azərbaycan heykəltəraşlığının ən mübariz romantiki hesab etmək olar...

  

   Ziyadxan Əliyev

   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2017.- 14 aprel.- S.12.