Tarixi obyektiv
yazmaq və ciddi oxumaq lazımdır
Ən böyük problemlərdən biri tarixin elmi tədqiqatlardan uzaq, süni şəkildə dərinləşdirilməsinə edilən cəhdlərdir. Tarixi bu yolla dərinləşdirmək yerinə obyektiv araşdırmalar aparmaq gərəkdir
Ən mürəkkəb tarixi-siyasi dövrlərdə də bir millətin öz varlığını sürdürməsi üçün tarix şüuru çox vacib amildir. Bu, tarixşünaslıq elminin məşğul olduğu vacib məsələlərdən biridir. Günümüzdə bu sahədə vəziyyət necədir? Ümumiyyətlə, tarix şüuru necə meydana gəlir, tarix necə yazılır, tarixşünaslıq hara gedir? Türkiyədə yaşayan tarixçi soydaşımız, TOBB (Türkiyə Palata və Birjalar Birliyi) İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti Toğrul İsmayılla söhbətimiz bu barədədir.
- Toğrul müəllim, sizcə, tarixşünaslıq elminin hazırkı durumunu necə dəyərləndirmək olar? 70 illik sovet ideoloji sistemindən qopan Azərbaycanda müstəqillik dövründə bu sahədə nə kimi irəliləyişlər, dəyişikliklər olub?
- Öncə bir məqamı təəssüflə demək istərdim ki, istər Türkiyə, istərsə də Azərbaycanda tarixşünaslıq ən az inkişaf etmiş elm sahələrindən biridir. Doğrudur, Azərbaycanda hələ sovet dövründə Tarix İnstitutu vardı, eləcə də Türkiyədə Atatürk dövründə qurulan Dil və Tarix Qurumu fəaliyyət göstərir. Hər iki qurum bu cür məsələlərin həlli üçün vacib funksiyalar daşıyır. Amma diqqət etdiyimiz zaman görürük ki, bu qurumlar belə tarixşünaslıqla bağlı çalışmalara az önəm verir. Tarixi qaynaqların da ciddi şəkildə analizi yetərli deyil. Azərbaycanda bunu anlamaq mümkündür. Uzun illər sovet sistemi, kommunist ideologiyası Azərbaycan tarixinin öyrənilməsində ciddi əngəllərdən biri olub. Bu mirasın indi davam etməsini isbatlayan detallar var: hələ də Azərbaycanda türk, azəri, azərbaycanlı kimi məsələlər üzərində kimlik müzakirələri gedir. Halbuki bu məsələ çoxdan həllini tapmış olmalı idi. Azərbaycanda yaşayan əhalinin böyük əksəriyyəti türkdür, eyni zamanda digər etnik qrup və topluluqlar var. Bununla birlikdə Azərbaycan tarixçiliyində ortaya iki təzad çıxır: bir yandan Azərbaycan tarixini oxuyuruq ki, bu da coğrafi tarixdir (məkan və ya dövlətin tarixi), o biri yandan da millətin tarixini. Yəni xalqın tarixi və dövlətin tarixi - bunlar ayrı-ayrı mövzulardır. Bunlarla bağlı təxəyyüldən uzaq, ciddi şəkildə tarixi araşdırmalar aparılmalıdır.
- Azərbaycan zaman-zaman torpaqlarını itirib, bu gün torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. Azərbaycanın tarixi coğrafiyası haqqında məlumatlar bizim tarix kitablarımızda, dərsliklərimizdə nə dərəcədə obyektiv şəkildə əksini tapa bilir?
- Ən böyük problemlərdən biri son illər tarixin elmi tədqiqatlardan uzaq, süni şəkildə dərinləşdirilməsinə edilən cəhdlərlə bağlıdır. Bu sahədə bədnam qonşuların pis nümunəsindən uzaq durmalıyıq. Tarixi bu yolla dərinləşdirmək yerinə obyektiv araşdırmalar aparmaq lazımdır. Bundan çəkinmək də lazım deyil. Çünki ilk yazılı tarixlərdən etibarən türklərin tarixi bilinəndir. Tarix kitablarında qədim Azərbaycandan söz edirik, amma bu zaman çox vaxt sərhədi, coğrafiyası dəqiq bəlli olmayan məkandan bəhs edilir. Halbuki Azərbaycanın hara olduğu toponimlərdən bilinən bir məsələdir. Amma sərhədlərini tam bilmədiyimiz qədim tarixi məkandan başlayıb, ardınca 400 min kvadrat km ərazidən söz edib, sonra da 86 min kvadrat km ərazisi olan Azərbaycan Respublikası ilə tariximizi tamamlamağa çalışırıq. Doğrudur, Güney Azərbaycan məsələsi də diqqətdən kənarda qoyulmur. Amma bütün bunlar bir təzad yaradır. Ona görə də dediyim kimi, tarixçilikdə, tarixi araşdırmalarda əsas iki faktor var: ya siyasi tarix, ya da millətlərin tarixi. Bu gün Azərbaycan türklərinin tarixinin dünya türklüyündən kənarda oxunması imkansızdır. O zaman, məsələn, Zaqatala bölgəsindəki Sarı türgeşlər etnoniminin haradan gəldiyini bilə bilməzsiniz. Və ya dünya tarixindən qoparıldığı halda qədim tarixdə Tomris haqqında rəvayətin, massagetlərin, sakların kim olduğunu və yaxud Qafqaz Albaniyasında Sakasenanın haraya bağlı olduğunu bilə bilməzsiniz. Ona görə də, belə mücərrəd tarix yerinə konkret tarixi araşdırmalar lazımdır. Bunu edərkən də tarixin qədimliyini xüsusi hədəf seçmək lazım deyil. Yəni qədimlik, əslində, bir şeyi ifadə etmir. Əsas məsələ obyektivlik, tarixi faktlar üzərində çalışmaqdır. Qədimliyə baxsaq, ermənilər Cənubi Qafqaza gəlmədir. Amma indi burada bir dövlətləri var. İndi bu zəmində diskussiya açsaq, kimsə kimsəyə sübut edə bilməz ki, siz buraya gəlməsiz. Demək istədiyim odur ki, tarix artıq mövcud olan tarixdir və onun tarix kimi öyrənilməsi lazımdır.
- Sizcə, tariximizin düzgün araşdırılmasında, faktlara əsaslanmasında əngəl yaradan əsas səbəblər hansılardır?
- Bu, daha çox
hələ Azərbaycanda tarix konseptinin tam
oturuşmamasından irəli gəlir. Tarix
İnstitutu bu istiqamətdə
çalışır, ciddi
dönüşlər var, amma
yetərli deyil. Bu vəziyyətə,
dediyim kimi, bir qədər sovet dövrünün mirası kimi
də baxmaq olar. Çünki o dövrdə
bizə sərbəst araşdırma aparılmağa icazə
verilmirdi. Mən bunu öz sahəmdən deyə bilərəm. Məsələn, Ermənistanda, Gürcüstanda
tarixi coğrafiya ilə
bağlı yüzlərlə kitab
yazıldığı halda bizdə bu kitablar barmaqla
sayılacaq qədər idi. İndi kitablar
yazılır, araşdırmalar var, amma uzunmüddətli bir ənənənin
olmaması yetərli tarixi bilgilərə
enməyə imkan vermir.
Bunun üçün
zamana ehtiyac var. Dövlət də buna
dəstək verməlidir. Tarix elmin elə bir sahəsidir
ki, o, gəlir gətirmir,
bəlkə də heç zaman gəlir gətirməyəcək. Amma bir millətin milli varlığını sürdürməsi
üçün tarix
şüuru, tarix bilinci çox vacibdir. Süni bir tarix şüuru
bir milləti yarada bilməz. Bu zaman kimlik problemi
ortaya çıxar.
- Milli kimlikdən söz düşmüşkən, sovetlərin
xalqımıza uydurma
kimlik kimi tətbiq etdiyi azəri kəlməsinin istifadəsi günümüzdə
də davam etməkdədir. Xüsusilə,
Türkiyədə tez-tez
bu sözü eşidirik...
- Bu təhlükəli
kəlmə deyil. Məsələn, əsrin əvvəllərində
M.Ə.Rəsulzadə kimi
digər yazarlar da azəri kəlməsini işlədiblər.
Amma məsələnin
bir neçə əsas məqamlarına toxunmaq istəyirəm: bu gün XXI əsrdir. Birincisi, Azərbaycanın heç bir rəsmi sənədində
azəri kəlməsi
yoxdur. İdeoloji tərəfdən baxdıqda, 30-cu illərdən
bizim türklük kimliyimizi unutdurmaq üçün azərbaycanlı
termini ortaya atıldı.
Bu, Azərbaycanda yaşayan digər etniklərə deyil, məhz yerli xalqa, türklərə şamil edildi. Əgər söhbət dövlət
mənsubiyyətindən gedirsə,
ölkədə yaşayan
hər kəs azərbaycanlıdır. Uzağa getməyək,
20-30-cu illərin arxivlərinə
baxsaq hər şey aydın olur və bizə
türk deyilir.
Azərbaycanlı olmaq Azərbaycanda
yaşayan hər kəsin haqqıdır.
Sovet dönəmində
türklük kimliyini
rədd etdikdən sonra Azərbaycanda yaşayanların türk olmayıb sonradan türkləşdiklərini söyləməyə
başladılar: XI əsrdə
oğuzlar gəldi, bu köçəri xalq Azərbaycan xalqını türkləşdirdi
və s. Guya ölkəmizdə yaşayan
əsasən İrandilli
toplum - azərilər
olub. Azər farsca od,
azəri isə oda tapınanlara deyilir. Bir də müsəlman
topluluğa azəri deyilməsi də yanlışdır. Bir sözlə,
azərilik sovet və İran ideoloji sisteminin ortaya atdığı bir ideoloji görüşdür.
Bu da Azərbaycan
türklərini dünya
türklərindən qoparır.
Doğrudur, bizim ərazimizdə
oda sitayiş olub, Atəşgah var. Amma bu başqa
bir məqamdır.
Günümüzdə də azəri
kəlməsinin işlədilməsi
bizi kimliyimizdən uzaqlaşdırır. Bunun eyni
formasını Orta Asiyada da gördük.
Türküstan, türk kimliyi
qoparılaraq və qövm kimlikləri ortaya çıxarılaraq
özbəkistanlı, özbək,
qazaxıstanlı, qazax
və s. deyilir.
- Bir qədər də ümumi türk tarixinə nəzər salaq. Astanada fəaliyyət göstərən
Türk Akademiyasında
Ortaq türk tarixi kitabı hazırlanır və artıq XV əsrə qədər bölümü
hazırdır. Bildirilir ki,
tarixdəki mübahisəli
məqamlar kitaba salınmayıb. XV əsrdən
sonra türk dünyasında parçalanmalar
olduğuna görə
kitabın ondan sonrakı dövrü ortaq türk tarixi kimi deyil,
başqa adla adlandırılacaq...
- Tarix obyektiv olmalıdır. Münaqişələr doğru yazılmalıdır, amma obyektiv nəticəsi də ortaya çıxarılmalıdır. XV-XVI əsrlərdə türk dövlətlərinin bir-biriləri ilə məzhəb, bölgəsəl, dövlətlərarası mübarizəsini bölgə maraqları üzərindən deyil, ümumi türk tarixi üzərindən yorumlasaq, doğru nəticə əldə etmiş oluruq. Məsələn, Teymurun Bəyazidə qalib gəlməsini obyektiv yazmaq lazımdır. Şah İsmayılla Sultan Yavuzun savaşını da ümumi türk tarixi nöqteyi-nəzərindən dəyərləndirdiyimiz zaman iki böyük gücün bir-biri ilə mücadiləsi kimi qiymətləndirmək, obyektiv yanaşmaq lazımdır. İki dövlət bir-biri ilə mübarizə aparır, güclü qalib gəlir. Osmanlı güclü olduğunu ortaya qoydu. Amma Səfəvi də ondan zəif deyildi. Bəlkə də bundan nəticə çıxararaq tarixin bizə bir istiqamət verməsi baxımından bunun özü də önəmlidir. Əgər o zaman hökmdarlar türk şüuru ilə hərəkət etsəydilər, tarix bugünkü nəsillərə də doğru ötürülsəydi, bu cür bölünmə olmazdı. Yaxud Çingiz xan dönəmini bir türk dövləti kimi dəyərləndirdiyimiz zaman görürük ki, düşmənlərə qarşı amansız, itaət edənlərə qarşı olduqca ədalətli, çağının modern görüşlərinə sahib, qəbul etdiyi qadağalara belə tabe olan böyük hökmdar çıxır qarşımıza. Bu qanunlar o çağın Avropasında hələ yox idi. O zaman Avropada hökmdarlar Allahın yerdəki kölgəsi sayılır, heç bir qanuna itaət etmirdilər. Tarixi qaynaqların bir qismini islam yazarlarından alırıq. Onlar da Çingiz xanı müsəlman olmadığı üçün daha çox tənqid edirlər. Və yaxud Çingiz xanın dünya hakimiyyəti qurmaq istədiyi üçün türk olmaması məsələsi üzərində dururlar. Önəmli onun qövmü deyil. Qurmaq istədiyi dövlətin və məfkurənin ortaya qoyduğu məqamlardır. Onun qurduğu dövlətin dağılması ilə ortaya çıxan bütün dövlətlər türk dövlətləri oldu. Dövlət dili uyğurca olub. Və ya götürək Atillanı. O, Avropanın dediyi kimi, barbar deyil, olduqca müdrik, ədalətli, tutduğu yerlərdə xalqlara çox gözəl davranan bir hökmdar olub. Yəni ədalətli davranmadıqca böyük ərazini idarə etmək mümkünsüzdür. Bütün bu kimi səhvlərə yol verməmək üçün tarixi daha yaxşı yazmaq və daha ciddi oxumaq lazımdır.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2017.- 14
aprel.- S.13.