Alman məskənlərinin 200 illiyi ilə bağlı tədbirlər proqramı müzakirə olunub

 

 

 

   Məlum olduğu kimi, bu il Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi UNESCO səviyyəsində qeyd olunacaq. Bu əlamətdar tarix Azərbaycan, Gürcüstan və Almaniyanın birgə təşəbbüsü ilə təşkilatın yubileylər proqramına daxil edilib.

   Həmçinin Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2016-cı il tarixli sərəncamına əsasən tədbirlər planı hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyinin Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə həyata keçirəcəyi tədbirlərə Almaniyanın müvafiq qurumları da cəlb olunub.

   Aprelin 19-da Mədəniyyət və Turizm Nazirliyində nazir müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə alman məskənlərinin 200 illik yubiley tədbirlərinə hazırlıqla əlaqədar iclas keçirilib.

   Toplantıda Göygöl (alman məskəni olmuş keçmiş Helenendorf) rayonundan Milli Məclisin deputatı Rövşən Rzayev, Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Höccət Əsədullayev, Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Fuad İbrahimovnazirliyin aidiyyəti şöbələrinin əməkdaşları iştirak ediblər.

   İclasda Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi müzakirə olunub. Bu istiqamətdə Göygöl şəhərində Alman İcmasının Tarixi Muzeyialman kilsəsinin, həmçinin bir sıra tarixi əhəmiyyətli binaların bərpası və görkəmli alman bəstəkarı Yohann Sebastyan Baxa həsr olunmuş musiqi festivalının təşkilinə dair təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Mədəniyyət.- 2017.- 21 aprel.- S.5.