Heydər Əliyev Sarayında “Dan ulduzu” ansamblının konserti

 

   Aprelin 19-da Heydər Əliyev Sarayında Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzuinstrumental ansamblı konsert proqramı ilə çıxış etdi.

   Əməkdar artist Tariyel Abbasovun bədii rəhbərliyi ilə keçən konsertdə xalq artistləri Samir Cəfərov, Gülyaz Məmmədova, əməkdar artistlər Lalə Məmmədova, Aybəniz Haşımova, Zakir Əliyev, Rəşad İlyasov, müğənnilər Əli Mirəliyev, Nadir Qafarzadə, Zamiq Hüseynov, Nigar Şabanova, Zabitə Alıyeva, Arzu Əliyeva və başqaları çıxış etdi.

   Gecədə ansamblın yaranma tarixindən söz açıldı, bu illər ərzində ansamblda fəaliyyət göstərən sənətkarlar yad edildi.

   Dan ulduzukamera-instrumental ansamblı 1966-cı ildə Əməkdar incəsənət xadimi Gülarə Əliyeva tərəfindən yaradılıb. Ansambl üçün Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Rəcəbov və digər bəstəkarlar əsərlər yazıblar. Həyatını musiqiyə həsr edən Gülarə Əliyeva bu ansamblda milliAvropa alətlərini bir araya gətirməklə musiqidə milli koloritli sintez yarada bilmişdi. Kollektiv gənc ifaçıların yetişməsində böyük rol oynayıb. Bugünkü tanınmış ifaçıların bir çoxu buDan ulduzunun yetirmələridir. Onların sırasında Yalçın Rzazadə, Flora Kərimova, Ruhəngiz Musəvi, Xədicə Abbasova və digərlərinin adını sadalamaq olar.

   Vaxtilə dünyanın bir çox şəhərlərində qastrol səfərlərində Azərbaycan musiqisini təmsil edən kollektiv bu gün də məmnunluqla dinlənilən kollektivlər sırasındadır.

   Təqdim edilən konsert proqramında ansamblın ifasının tamaşaçılar tərəfindən alqışlarla qarşılanması da sevginin ifadəsi idi.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 21 aprel.- S.5.