“Sən də Azərbaycanı gör”
Türkiyə
mətbuatında ölkəmizin turizm
imkanları haqqında məqalələr dərc olunub
Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi, yaradılan müasir turizm infrastrukturu, həmçinin bir sıra dövlətlərin vətəndaşları üçün viza prosedurunun sadələşdirilməsi, elektron turist viza sisteminin tətbiqi ölkəmizə gələn xarici turistlərin sayının artmasına səbəb olub. Azərbaycanın Körfəz ölkələri üzrə (“Atlantis Holidays”), Almaniya (“Aviareps”), Rusiya (“Tur A Vent”) və Türkiyədə (“Gateway”) turizm üzrə nümayəndəliklərinin fəaliyyət göstərməsi də ölkəmizin bu sahədə imkanlarının daha geniş coğrafiyada tanınmasına zəmin yaradır.
“Azərbaycana getmək üçün 15 səbəb”
Ötən ilin fevral ayından Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyədə fəaliyyətə başlayan Azərbaycanın turizm təmsilçiliyi - “Gateway” şirkəti tərəfindən ölkəmizin turizm potensialının tanıdılması istiqamətində addımlar atılır. Mütəmadi olaraq qardaş ölkənin mətbuat səhifələrində ölkəmizlə bağlı yazılar dərc olunur, tanıtım layihələri icra edilir.
Aylıq nəşr olunan “Worldwide traveller” jurnalında “Azərbaycana getmək üçün 15 səbəb” adlı geniş məqalə dərc edilib. Məqalədə ölkəmizin zəngin tarixi, mədəniyyəti və mətbəxi ilə güclü turizm potensialına malik olduğu vurğulanır: “Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Azərbaycanı seçməklə bir çox ölkələrdə turistləri narahat edən təhlükəsizlik kimi problemlərdən yan keçmiş olacaqsınız. Həmçinin Bakı tam bir alış-veriş cənnətidir. Alış-veriş həvəskarlarının ən çox ziyarət etdiyi ticarət mərkəzlərinə şəhərin hər yerində rast gələ bilərsiniz”.
Məqalədə vurğulanır ki, Bakı dünya memarlığının müxtəlif üslubları ilə inşa olunmuş tarixi binalarla zəngindir. Bu gün də şəhərdə unikal memarlıq abidələri yaradılır. Heydər Əliyev Mərkəzi, Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi və “Alov Qüllələri”ni buna misal göstərə bilərik.
Yazıda Naftalan neftinin faydalarından danışılır, bu möcüzəvi məkana dünyanın müxtəlif yerlərindən, xüsusilə də Türkiyə, Avropa ölkələri və Rusiyadan turistlərin gəldiyi qeyd olunur. Bildirilir ki, İstanbuldan Gəncəyə təyyarə ilə 2 saata gəldikdən sonra 45 dəqiqə avtomobillə yol qət etməklə Naftalana çatmaq olar.
Məqalədə yerli mətbəxin çox zəngin olduğu diqqətə çatdırılır: “Azərbaycan şirniyyat və yeməkləri bura gələn hər bir kəsin ağız dadını dəyişir. Turizm sahəsində mətbəx əsas şərtlərdən biridir. Əgər mətbəx ağız dadına uyğundursa, deməli, həmin məmləkəti ziyarət etməyə dəyər. Plovlar, dolmalar, balıq yeməkləri, səbzilər, salatlar bizə yad olmayan yeməklərdir”.
Bildirilir ki, ölkələrimiz ortaq dil, din, tarix, mədəniyyət və mətbəxə sahibdirlər: “Bu oxşar cəhətlər səyahətlər zamanı insanın özünü evindəki kimi rahat hiss etməsinə şərait yaradır. Bütün bunlarla yanaşı, qardaş Azərbaycanda xoş vaxt keçirmək üçün ruhunuzu oxşayacaq musiqilər, bu ölkəni daha yaxından tanıda biləcək muzeylər var. Qeyd olunan bu səbəblərdən Azərbaycan Türkiyədən ciddi turist axını gözləyir...”
Ölkəmizin təbliği istiqamətində layihələr həyata keçirilir
Türkiyənin populyar mətbuat orqanlarından olan “Hürriyyət” qəzetində isə Mədəniyyət və Turizm Nazirliyinin qardaş ölkədəki turizm təmsilçiliyinin icraçı direktoru Nurlana Çakmakın “Azərbaycan türkiyəli turistləri gözləyir” adlı geniş məqaləsi dərc olunub.
Müəllif Azərbaycanın son illər böyük inkişaf yolu keçdiyini, paytaxt Bakının daha da gözəlləşdiyini qeyd edir. Azərbaycanın sadəcə neft və qaz ehtiyatları ilə tanınan ölkə olmadığı, qədim tarixi, mədəniyyəti, təbii gözəllikləri və zəngin mətbəxi ilə də şöhrət qazandığı vurğulanır. Qeyd olunur ki, nümayəndəlik tərəfindən ölkəmizin təbliği istiqamətində bir sıra layihələr həyata keçirilir, bu kontekstdə “Türkləri Azərbaycanda gözləyirik” və “Sən də Azərbaycanı gör” adlı kampaniyaya start verilib.
Diqqətə çatdırılır ki,
Bakıda aprelin 10-dan mayın 10-dək Ticarət
festivalı (“shopping festival”) keçirilir. Festivalda alıcılar “Tax free” sistemindən (ƏDV-nin qaytarılması) yararlana
bilərlər.
Məqalədə çox güclü dostluq və qardaşlıq bağları olan Türkiyə və Azərbaycan arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyi, qarşılıqlı olaraq investisiya yatırıldığı vurğulanır. Azərbaycanın enerji resursları ilə zəngin ölkə kimi əsas gəlirlərini neft və qaz hasilatından əldə etsə də, iqtisadiyyatın qeyri-neft sektorunda isə turizmin önəmli sahə kimi inkişafı qeyd olunur.
O da bildirilir ki, Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi, yaradılan müasir turizm infrastrukturu, bir sıra ölkələrin vətəndaşları üçün viza verilişinin sadələşdirilməsi, elektron turist vizası sisteminin tətbiqi xarici turist sayının artmasına səbəb olub.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 21
aprel.- S.8.