110 yaşın zirvəsindəki zəka nuru

 

 

 

   Unudulmuş «Tərlan», möhtəşəm «Qız qalası», «Musiqi haqqında söhbət» üçlüyünün bəyzadə müəllifi

  

   Bu dünyanın o qədər izahagəlməz sirləri var ki. Bu sirlərdən biri də təkcə öz ailəsinin, nəslinin deyil, həm də xalqının fəxri ola biləcək insanların daha çox hünər göstərə biləcəyi dövrdə yer üzünə gəlişidir. Belə şəxsiyyətlərin bir ömrə sığışdıra bildiyi nailiyyətləri, gerçəkləşdirə bildikləri barədə oxuyanda görürsən ki, həqiqətən də onlar seçilmiş insanlardır. Onların dünyaya gəlişi də bir missiyadır.

   Bu il 110 yaşı tamam olan görkəmli bəstəkar, elm və mədəniyyət xadimi, Xalq artisti Əfrasiyab Bədəlbəylinin ömür yolu kimi...

  

   Əfrasiyab Bədəlbəyli elə bir ailədə doğulmuşdu ki, onun hər hansı sahədə öncüllərdən olacağı, xüsusi istedadı olmasa belə, seçdiyi sənətin mükəmməl bilicisi olacağı şəksiz idi. Üzeyir bəyin xalası oğlu, pedaqoq, maarifçi Bədəl bəylə Qacar nəslindən olan, dövrünün müsəlman-Azərbaycan cəmiyyətinin tərzində əsl xanım tərbiyəsi almış, gözüaçıq, geniş dünyagörüşlü Rəhimə xanımın izdivacından doğulan bütün övladlar Azərbaycan cəmiyyətinin inkişafına çalışacaqdılar, hər biri - incəsənət xadimi də, həkimi də, iqtisadçısı da həmişə öz soyadına layiq əməllərin sahibi olacaqdı. Nəsildən, ailə tərbiyəsindən gələn bu genetik ötürmə Bədəlbəylilərin üçüncü, dördüncü nəslində də davam edəcəkdi.

   * * *

   Əfrasiyab 1912-1916-cı illərdə əvvəlcə Bakıda rus-müsəlman məktəbində təhsil alır. Sonra təhsilini 1-ci realnı məktəbində (1917-1924) davam etdirir. Elə o illərdə Bakıda ilk Teatr Texnikumu açılır. Orada oxuyan ilk 13 tələbə ilə yanaşı, gənc Əfrasiyab da hələ realnı məktəbin şagirdi ikən texnikumda dinləyici qismində təhsil alır, bu tədris ocağında təşkil edilən tamaşalarda həvəslə iştirak edir. Əslində bunda qeyri-adi bir şey yox idi. Üzeyir bəyin qucağında böyüyən, atası həvəskar aktyor kimi tamaşalarda çıxış edən gənc və yaraşıqlı oğlanın həyat yolu şəksiz teatrdan düşəcəkdi. Əfrasiyab düz bildiyini edən, bildiyini bölüşən, bölüşəcəyi mövzu barədə öz sözü olan bir gənc idi. Üstəlik, ilk yazı təcrübəsi hələ 10 yaşında ikən bir dərgidə çap olunmuşdu.

   O illərdə, milli opera və operettaların səhnədən götürülməsini aktual hesab edən bolşevik «hoqqabazlığı» baş qaldıranda 17 yaşlı Əfrasiyab düz bildiyi bir işə qol qoyur: 17 yaşlı gəncin «Kommunist» qəzetində «Operalarımızın islahatı işində tələsməyə heç bir ehtiyac yoxdur» adlı etiraz dolu məqaləsi dərc olunur. Beləcə, Əfrasiyab Bədəlbəylinin milli kökə, milli musiqiyə, həm də milli teatra bağlılığı artıq ilk pöhrəsini göstərir.

   * * *

   Əfrasiyab da, ailəsi də bilirdi ki, onun həyat yolu səhnədən, teatrdan keçəcək. Amma necə? Ta qədimdən Şərqdə də, Qərbdə də çoxtərəfli istedad sahibləri intuitiv olaraq belə bir yol seçiblər: təməl bilik olaraq ya musiqini, ya da dilləri öyrənmək lazımdır. Əfrasiyab isə bunların ikisini birdən seçir: 1924-cü ildə Dövlət Türk (Azərbaycan) Musiqi Texnikumuna və Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olur.

   Bir tərəfdə - ərəb, fars dilləri, digər tərəfdə - skripka sinfi. Gözəl pedaqoq Bretinitskinin sinfində təhsil alan Əfrasiyabın ifası elə mükəmməlləşir ki, tam bir ildən sonra o, artıq orkestrdə çıxış edir. Amma Əfrasiyab skripkanı çiyni üstə qaldırmazdan əvvəl tarı köksünə sıxmışdı axı... Bu məharət onun yeni yaranmış xalq çalğı alətləri orkestrində tarzən qrupunun konsertmeysteri olması ilə nəticələnir.

   * * *

   Əfrasiyabın mayası musiqi ilə yoğurulmuşdu. Amma teatr məhəbbəti də böyük idi. Cəfər Cabbarlı ilə, digər teatr xadimləri ilə dostluq, teatrı bilmək və musiqini duymaq qabiliyyəti öz bəhrəsini verir. 19 yaşında Cəfər Cabbarlının «Od gəlini» pyesinə musiqi bəstələyir. Dramaturq-bəstəkar tandemi «Sevil», «Almaz», «1905-ci ildə», «Yaşar» pyeslərinə musiqi bəstələnməsi ilə davam edir. Təəssüf ki, həmin tamaşaların musiqisi barədə geniş danışa bilmirik. Lakin «1905-ci ildə» tamaşasından Sonanın «Azad bir quşdum...» mahnısının bu gün də müstəqil ömür sürməsi və xanəndələrin repertuarında olması hələ ciddi konservatoriya təhsili almamış gənc bəstəkarın istedadına sübutdur.

   Əfrasiyab yeni musiqi əsərlərini, “28 Aprel marşı” simfonik poemasını bəstələmişdi, milli operalara dirijorluq edirdi. Amma onu da bilirdi ki, ali təhsil almaq lazımdır. 1932-ci ildə Moskva Dövlət Konservatoriyasının Dirijorluq fakültəsinə daxil olur. Bir ildən sonra Bakıya qayıdır. Daha bir il keçəndən sonra Leninqrada gedir, konservatoriyanın nəzdindəki musiqi texnikumunun bəstəkarlıq şöbəsinə daxil olur. İşə bax ki, dirijorluqda oxuyarkən variasiyalar, sonatina, etüdlər, süitalar bəstələyir, bəstəkarlıqda oxuyandasa Leninqrad OperaBalet Teatrının baş dirijorunun assistenti kimi çalışır.

   * * *

   Bu yerdə Əfrasiyab Bədəlbəylinin və Azərbaycan milli balet sənətinin tarixindəki bir uyarsızlıq diqqəti çəkir. Azərbaycan baletinin tarixi Əfrasiyab Bədəlbəylinin 1940-cı il 8 apreldə ilk tamaşası keçirilən «Qız qalası» baletindən hesablanır.

   Halbuki o, 1938-ci ildə təhsilini başa vurub geri qayıdandan sonra qardaşı Turqud Bədəlbəylinin librettosu əsasında uşaqlar üçün birpərdəli «Tərlan» balet-nağılını yazmış və Bakı Xoreoqrafiya Məktəbinin tələbələri 1939-cu ildə bu tamaşanı buraxılış tamaşası kimi oynamışdılar. Yeri gəlmişkən, baletə bəstəkarın qardaşı Şəmsi Bədəlbəyli quruluş verib...

   * * *

   Əfrasiyab Bədəlbəylinin Azərbaycan musiqisinin inkişafında, operabalet teatrının repertuarının zənginləşməsində misilsiz xidmətləri var. Şövkət Məmmədovanın təşəbbüsü ilə rus, Avropa operalarının mətnləri, ariyaları Azərbaycan dilinə çevrilərkən Əfrasiyab bəy həmin librettoların tərcüməsində iştirak edir. Bir zamanlar onun «Nizami» operası teatrın repertuarından düşməyib. Onlarla teatr tamaşasına musiqi bəstələyib. Fikrət Əmirovun «Sevil», Soltan Hacıbəyovun «Gülşən» baletinin ilk dirijoru olub. Əşrəf Abbasovun «Qaraca qız» baletinin librettosunu həyat yoldaşı, ilk balerinamız Qəmər Almaszadə ilə birlikdə yazır. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasına, radio komitəsində musiqi redaksiyası rəhbərlik edir.

   * * *

   Əfrasiyab bəy həm də ədəbiyyatçı, dilçi və tərcüməçi idi. 1953-cü ildə «Musiqi haqqında söhbət» çap olunur. Böyük maraq doğuran bu kitabçada o, musiqi terminlərinin izahını, janrformalar, musiqi alətləri, qrupları barədə yığcam məlumat verirdi. Maraqlıdır ki, qandan gələn maarifçilik ruhu onu SSRİ-də ilk olaraq belə bir kitab tərtib etmək əziyyətinə qatlandırmışdı. Üstəlik, o illərdə Azərbaycanda musiqi terminləri rus, ya da digər əcnəbi dillərdə işlədilirdi. Əfrasiyab bəy 1956-cı ildə ilk «Musiqi terminləri lüğəti»ni çap etdirməklə Azərbaycan musiqişünaslıq elminin dirçəlişinə, milliləşməsinə rəvac verdi. Azərbaycan musiqisinin inkişafını düşünən bəstəkar-tədqiqatçının bir böyük xidməti də «Muğam-68» respublika müsabiqəsinin təşkilindəki xüsusi zəhmətidir. Həmin müsabiqənin sənət vəsiqəsi verdiyi gənclərin çoxu bu gün Azərbaycan muğam sənətinə töhfələr vermiş tanınmış sənətkarlardır. Əfrasiyab bəyin 60-cı illərin sonu 70-ci illərin əvvəlində milli televiziyaradio ilə muğamxalq musiqisi haqqında silsilə söhbətləri neçə-neçə insana milli musiqimizi öyrənərək sevməyi öyrədib.

   * * *

   Onun bütün şüurlu həyatı sovet dövrünə təsadüf etdi. Həmin dövrdə çox az bəyzadə öz soyadını dəyişmədi. Bədəlbəylilər də onlardan biri idi. Amma həmin illərdə nəsli-kökü bəyzadə olsa da, çox az insana bəy deyə müraciət etdilər. Əfrasiyab bəy də belə bəyzadələrdən idi. O, hakim ideologiyanın mənəvi basqısına rəğmən Vətən sevgisi ilə, yurdsevərliklə öz xalqına, milli mədəniyyətinə var gücü, qəlbi, beyni ilə xidmət etməyi bacaran böyük ziyalılardan idi.

   Zəka nuru Azərbaycan musiqisinə hələ də işıq salan Əfrasiyab bəy, 110 yaşının zirvəsindən sənə salamımız var!

  

   Gülcahan Mirməmməd

 

 Mədəniyyət.- 2017.- 21 aprel.- S.10.