“Emalatxanada
görüş”lər davam
edir
Xəbər verdiyimiz kimi,
Mədəniyyət və
Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı
ilə həyata keçirilən “Emalatxanada
görüş” layihəsinin
ikinci mərhələsinə
start verilib. Layihənin
konsepsiyası gənc
sənətşünasların iştirakı ilə tanınmış rəssamların
emalatxanalarda iş prosesləri ilə yaxından tanış
olmaq, canlı ünsiyyət və həmin mühitdə müzakirələrin aparılmasına
təkan verməyi özündə ehtiva edir.
Bu mərhələdə
ilk görüş aprelin
6-da Əməkdar rəssam
Sakit Məmmədovun emalatxanasında keçirilmişdi.
Aprelin 18-də Əməkdar rəssam, tanınmış
heykəltəraş Hüseyn
Haqverdi ilə görüş keçirildi.
Görüşdə Azərbaycan
Dövlət Rəsm Qalereyasının əməkdaşları
Nərgiz Əsgərova,
Vaqif Muğallı, Əminə Manafova, Həmidə Süleymanova,
Tahirə İsmayıllı,
eləcə də Dövlət Rəssamlıq
Akademiyasının, Mədəniyyət
və İncəsənət
Universitetinin sənətşünaslıq
fakültələrinin tələbələri
Nərmin Kərimli, Anar İbrahimov, Sevinc Quliyeva, Sevinc Cəfərova, Emil Ağayev, Nərgiz Əbdürrəhmanova, Elçin
Hüseynov, Ülkər
Əliyeva iştirak edirdilər.
Öncə gənc sənətşünaslar
Hüseyn Haqverdinin yaradıcılığı ilə
yaxından tanış
oldular, sonra onları maraqlandıran suallarına ev sahibindən cavablar aldılar. O, bildirdi ki, tanınmış rəssamlar nəslinin nümayəndəsi kimi bu sənət onun taleyidir. Qeyd etdi ki, rəssam
Həsən Haqverdiyevin
ailəsində böyüyüb.
Atası
övladlarının rəssam
olmalarını istəyib,
bunun üçün
qayğı göstərib.
H.Haqverdi həm heykəltəraş,
həm də rəssamlıq sənətinin
bir yerdən qaynaqlandığını, ikisinə
də eyni istəklə yanaşdığını
söylədi. Akademik təhsil
alsa da, avanqard, mücərrəd
sənətə meyl etməsini ayrı-ayrı
üslublarda işləmək
istəyilə əsaslandırdı.
“Yaratdığınız
sonuncu heykəl hansıdır?” sualına
cavab olaraq heykəltəraş dedi:
“Sonuncu düzlətdiyim
heykəl mərhum Xalq yazıçısı
Maqsud İbrahimbəyovun
qəbirüstü abidəsidir.
Bu heykəli qranitdən
7 aya yondum. İşə çox məsuliyyətli
yanaşırdım. Məncə,
uğurlu bir iş alınıb”.
H.Haqverdi sənətkarın hər zaman içdən azad olmasının tərəfdarıdır.
Belə olmasa, onda heç
bir yaradıcılıq
baş verə bilməz. İlham pərisi məsələsinə
gəlincə isə belə dedi: “Hər sənətkarın
gözəl və ağıllı bir qadına, ömür yoldaşına ehtiyacı
var”.
Heykəltəraş əsərlərini daha çox daşdan düzəltdiyini
bildirdi. Onun sözlərinə
görə, Azərbaycanda
heykəl düzəltmək
üçün təbii
daşlar var. Sənətkar
ağlay və qranitdən əsərlər
yaradıb. Həmçinin əsərlərini müxtəlif
ağaclardan yonur.
Deyir ki, hər ağacdan,
materialdan heykəl düzəltmək olar.
Di gəl ki, gərək hansı əsərin hansı materialdan düzələcəyini
biləsən: “Məsələn,
çoxdandır Xocalı
mövzusunda heykəl
düzəltmək istəyirəm.
Ənənəvi materialda həmin
əsəri təsəvvür
edə bilmirəm.
Mənə elə gəlir
ki, o əsər dəmirdən olacaq”.
“İdeyalar,
mövzular necə yaranır və onları necə gerçəkləşdirirsiniz?” sualını sənətkar
“Olur ki, gözəl bir ideya, mövzu tapıram, ancaq onun biçimini tapa bilmirəm. Bir də görürsən uzun zamandan sonra
biçim yaranır.
Bəzən mövzu elə
biçimlə birlikdə
gəlir” - deyə cavablandırdı.
Bildirək ki, “Emalatxanada
görüş” layihəsinə
gənc sənətşünasların
cəlb edilməsində
məqsəd onlarda təqdimat aparma və yaradıcı müzakirə vərdişlərinin
təkmilləşməsinə stimul yaratmaqdır.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 21
aprel.- S.11.