Mis əşyanın düzəldilməsi üçün 14 adda qatqı gərəkdir”

 

 

   Azərbaycan tarixən misgərliyin mərkəzlərindən biri olub. E.ə. VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanırdı. Misgərliyin bir sənət sahəsi kimi yaranması Orta əsrlərdə bir sıra böyük şəhərlərimizin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarmışdı. Azərbaycanda misgərliyin yüksək inkişaf etdiyini Avropa və Rusiya muzeylərində saxlanılan misdən hazırlanan örnəklər bir daha göstərir.

   1474-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olan venesiyalı səyyah Kontarini qeyd edirdi ki, burada hər gün hökmdarın əhatəsində 400 nəfərə mis qablarda yemək verilir. XIX və XX yüzilin əvvəllərində Azərbaycan misgərlərinin hazırladıqları mis məmulatlar müxtəlif sərgilərdə nümayiş etdirilərək mükafatlandırılıb. Maraqlı faktlardan biriodur ki, mis üzərində işləyən sənətkarlar öz imzalarını buraya həkk etdikləri üçün dünya muzeylərində saxlanılan Azərbaycan mədəniyyətinin bu təkrarolunmaz incilərini başqa xalqların öz adlarına çıxması mümkün deyil.

   Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olubbeş qrupda ümumiləşdirilir: xörək qabları, süfrə qabları, su qabları, ağartı qabları və məişət əşyaları.

   Azərbaycanda misgərlik sənətinin mərkəzləri Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahıc (İsmayıllı) və s. olub. XIX yüzildən başlayaraq Lahıc misgərliyin başlıca mərkəzinə çevrilib. Lahıc ustalarının misdən hazırladıqları, qarışıq və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyə və başqa ölkələrdə tanınıb.

   30 ildən çox Lahıc Misgərlik Kombinatının rəhbəri işləmiş, bu sənətin yaşadılması və təbliği ilə məşğul olmuş tətbiqi sənət ustası Yusif Kamilov bildirir ki, tarixən Lahıcda 90-dan çox xalq sənəti olub. Onlardan misgərlik, qalayçılıq, dəmirçilik və xalçaçılıq daha geniş yayılıb.

   Onun sözlərinə görə, mis qabların düzəldilməsi göründüyü kimi sadə deyil. Hər bir qab, məişət əşyası bir-birinə keçirilən müxtəlif hissələrdən ibarətdir: “Məsələn, güyüm 14 hissədən əmələ gəlir. Samovar 22 hissədən yaranır. Hər bir hissə ayrı-ayrılıqda düzəldilir, sonra bir-birinə qalayla yapışdırılıb, üstündən çəkiclə döyəclənir. Sonradan yüz adam da baxsa, oradakı bitişik hissələri görə bilməz”.

   Y.Kamilov vurğulayır ki, tarixən Lahıcda 100-dək adda məişət əşyası düzəldilib. Sovet dönəmində isə burada 40 adda məhsul istehsal edilirdi. O dövrlərdə Lahıc ustalarının səs-sorağı təkcə SSRİ-də deyil, dünyanın müxtəlif ölkələrində eşidilirdi: “O vaxt biz Yerli Sənaye Nazirliyinə tabe idik. Məhsullarımız SSRİ-nin hər yanına göndərilirdi. Çoxlu sifarişlərimiz olurdu. Misdən düzəltdiyimiz 50 və 70 litrlik samovarlar hər yanda tanınırdı”.

   Mis qab varsa, orada qalayçılığın olması qaçılmazdır. Bu baxımdan Lahıcda misgərlikdən sonra ən yüksək inkişaf etmiş sənət qalayçılıq olub. Yusif müəllim bildirir ki, 5-6 ildən bir hökmən mis qablar qalaylanmalıdır. Misin paslanmaq, paxırlanmaq özəlliyi olduğu üçün onun qalaylanması gərəkdir. Ona görə də tarixən Lahıc ustaları Azərbaycanın bütün bölgələrini gəzərək məişətdə istifadə edilən mis əşyaları qalaylamaqla məşğul olublar: “Bunun üçün öncə mis qab odda qızdırılır, sonra naşatır tozu ilə silinir, ardınca qalay çəkilir. Düzdür, bu sənətə indi tələbat azdır, çünki məişətdə işlədilən mis qabları başqa materialdan olan əşyalar tutub. Bununla belə, Bakının bir neçə yerində Lahıcdan olan qalayçılar öz işləriylə məşğuldurlar. Görürsən, kimdəsə ata-babasından qalan mis əşyalar var, gətirib qalayladır, ömrünü uzadırlar”.

   Müsahibim qeyd edir ki, dünyanın tanınmış muzeylərində Lahıc sənətkarlarının yaratdığı sənət örnəklərinə rast gəlmək mümkündür: “Misgərlik sənəti Azərbaycandan başqa İranda, Əfqanıstanda, Özbəkistanda və Türkiyədə də geniş yayılıb. Onlar mis qabların üzərində müxtəlif rəsm və naxışlar çəkirlər, bu isə misgərliyə ayrıca üstünlük qazandırır”.

   Misgərliyin yaşaması üçün tələb olunan amillər var. Bunlardan biri kömürçülükdür. Kömür olmasa, misgər görə bilməz. Y.Kamilovun sözlərinə görə, sovet dönəmində bu yaxşı təşkil olunmuşdu: “O vaxt Azərbaycanda 12 meşə idarəsi vardı. Onlar həm də kömür istehsalı ilə məşğul olurdular. Meşə idarələrinin istehsal etdikləri kömürün hamısını demək olar, biz alırdıq. Bu, ildə 80-100 ton ağac kömürü demək idi. Üstəlik, ağac kömürü çatmırdı, bir elə də koks alırdıq. İndi durum başqadır, yenə də ustalar ağac kömüründən istifadə edirlər. Onlar kömürü ayrı-ayrı adamlardan alırlar”.

   Misgərlik təkcə misin əldə edilməsi demək deyil. Mütəxəssis bildirir ki, bir mis əşyanın düzəldilməsi üçün 14 adda qatqı gərəkdir. Sovet vaxtı ittifaqın müxtəlif şəhərləriylə əlaqələr yüksək səviyyədə idi. Tələb olunan materiallar oralardan alınaraq Lahıca gətirilirdi.

   “Lahıc misgərlik sənəti”nin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini böyük hadisə adlandıran Y.Kamilov əslində bu qədim qəsəbənin təkcə Azərbaycan yox, dünya mədəniyyətinə verdiyi dəyərlərə görə həmin siyahıya salınmağa layiq olduğunu vurğulayır.

   Müsahibim vurğulayır ki, Lahıcdan olan sənətkarlar vaxtilə müxtəlif bölgələrə yayılıb. Ağdamda öncədən lahıclılar yaşayırdılar, qaçqınlıq dövründə öz dədə-baba kəndlərinə pənah gətirdilər, indi Lahıcda yaşayırlar. Lənkəranda, Masallıda bu sənət yaşadılır. Mis qabda yemək insana çox faydalıdır. Y.Kamilovun sözlərinə görə, indi də Lahıcdan olan sənətkarların yaratdıqları əsərlər həm turistlər, həm kolleksiyaçılar, həm də muzeylər tərəfindən alınır.

  

   Soltan

 

 

Mədəniyyət.- 2017.- 21 aprel.- S.11.