Molla Pənah Vaqif və “Vaqif” pyesi
Molla Pənah Vaqif - 300
(III yazı)
Səməd
Vurğunun “Vaqif” pyesində oxucu da, tamaşaçı da
Molla Pənah Vaqifə bəslənən böyük el məhəbbətinin
şahidi olur. Əsərdə bu həqiqət
Qacara da bəlli olur və o, dərk edir ki, Vaqif mənsub
olduğu xalqın sevgisini qazanmışdır. Vaqifə dəyən zərbə bütün Azərbaycana
dəyəcəkdir. Məhz buna görə də Qacar
belə deyir:
Aparın, aparın onu zindana,
Göz dağı çəkdirin
Azərbaycana!
Beləliklə, Qacar
Vaqifi məhv etməklə bütün Azərbaycana «dağ
çəkmək» istəyir.
Son illərdə bəzi
qələm sahibləri Qacarın işğalçı və
xalqımızın düşməni kimi təqdim
olunmasını yolverilməz sayır və onun Qarabağa
yürüşlərini vahid Azərbaycan dövləti
yaratmaq siyasəti ilə izah edirlər.
Əlbəttə, hər
bir qələm əhlinin özəl fikirlərinə hörmətlə
yanaşılmalıdır və biz də bu ənənəyə
sadiq olduğumuzu bildiririk. Bununla
yanaşı, birinci yazımızda Qacarın Qarabağı ələ
keçirmək istəməsinin əsas səbəblərini
göstərməyə çalışmışıq.
Qacarın Cənubi Qafqaz, xüsusən Azərbaycan uğrunda
mübarizəsi yurdumuzu odlara qalamış digər fatehlərin
niyyətlərindən fərqlənmir. Qacar Azərbaycana
münasibətində də fateh və
işğalçıdır.
Səməd
Vurğun Qacarın simasında müstəbid obrazı
yaratmışdır. O öz qəddarlığından
həzz alır. Bütün bəşəriyyəti
məhv etməyə hazır olduğunu bildirir və
bütün bunları özünün fiziki şikəstliyi
ilə izah edir. O, fiziki şikəstliyinin
intiqamını bütün bəşəriyyətdən
almaq istəyir. Əslində isə Qacar daha
çox mənəvi şikəstdir. O, Vidadinin
yalvarışlarını nəzərə alaraq Vaqifi
«bağışlayır», ölüm fikrindən
daşındığını bildirir. Bir an
sonra isə özünün yeni hökmünü elan edir:
Ancaq kəsəcəyəm yazan əlini,
Bir də həcv deyən
acı dilini.
Qacar əsir
aldığı gürcülərə - Şalikoya və
onun qardaşına da bu cür «səxavət» vəd edir.
O, Şalikonu və qardaşını bir-birilə
vuruşmağa təhrik edir. Qalib gələn
azad ediləcəkdir.
Müəllif burada
iki doğma qardaşı bir-birilə vuruşmağa
çağıran Qacarın şəxsində müstəbidlərin
olduqca alçaq bir xüsusiyyətini nəzərə
çarpdırır. O, şəhər və kəndləri
yandırır, xalqları, sənətkarları məhv edir,
mədəniyyət abidələrini dağıdır,
qapılar bağlayır, ocaqlar söndürür,
sirdaşları bir-birindən ayırır, göz
yaşlarından çaylar yaradır və bütün
bunlardan həzz alır.
«Vaqif» dramı xalq həyatının
özünəməxsus cəhətlərinin təsviri
baxımından da diqqəti cəlb edir. Elə əsərin
əvvəlində şair Molla Vəli Vidadinin həyat tərzi
ilə tanış oluruq. Ömrünün
ixtiyar çağlarını yaşayan Vidadi
ömür-gün yoldaşı Tükəzbanla çox
mehriban dolanır. Tükəzban qarı isə
bizə ağbirçək nənələrimizi
xatırladır.
Bu ailə zəngin
deyil. Lakin sosial vəziyyətindən
asılı olmayaraq qonaqpərvər bir ailədir.
«Ürək geniş olsun!» zərb-məsəli
bu ailənin şüarıdır. Cavad
xanın elçilərini xoş üzlə qarşılayan
Tükəzban aftafanı sacayağın üstünə
qoyub çay hazırlayır. Sacayaq-aftafa
həmişə samovar görmüş oxucunu,
tamaşaçını təəccübləndirir. Bu da Səməd Vurğunun həssaslığı
ilə bağlıdır. Şair
yaxşı bilirdi ki, Vidadinin yaşadığı dövrdə,
yəni XVIII əsrdə hələ samovar azərbaycanlı
ailəsinin məişətinə daxil olmamışdı.
Əsərdə
Vaqifin oğlu Əli bəyin toyu verilmişdir. Əli bəyin
öz toyunda oynaması (həm də başqasının təklifi
və təşəbbüsü ilə), gəlin gətirilərkən
onun başı üstündən tüfəng
atılması, Eldarın toya pay olaraq quzu gətirməsi və
s. adətlərin dərin kökləri vardır və bu
gün də xalq həyatında müəyyən yer tutur.
Pyesdə Yengənin dilindən bu
bayatı deyilir:
Anam, bacım, qız gəlin,
Əl-ayağı
düz gəlin.
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin...
Bu,
xalqımızın adətləri,
dünyagörüşü ilə bağlıdır. Uzun illər təcavüzə məruz qalmış
azərbaycanlılar düşmən qabağına
çıxmaq üçün məhz oğul
arzulamışlar. Həmin dövrdə,
Qacarın Qarabağa hücumu ərəfəsində bu arzu təbii
səslənirdi və əsərin ümumi ruhu ilə
çox bağlıdır.
Vaqif bu toyda öz gəlini
Gülnarın üzündən duvağı
götürür və belə deyir:
A qızım, üzündən
götür duvağı,
Qoy açıq
görünsün ayın qabağı.
Açıq
yaşamışdır bizim nənələr,
Kəfəndir, a
balam, sərapərdələr.
Nədir gözəllərdə bu
pərdə, bu rəng,
Can dustaq olanda gülərmi ürək?
Yazın laləsidir
al yanaqların.
Camalın
dünyadır, qucağın cənnət.
Utansın hüsnündən o kor
şəriət...
Tədqiqatçıların
əksəriyyəti Vaqifin bu hərəkətini qadına
münasibətdə yenilik kimi qiymətləndirmiş, həm
də onun öz yaradıcılıq ruhuna uyğun hal kimi təqdir
etmişlər. Əlbəttə, «Vaqif»in
tamaşaya qoyulduğu 1938-ci ildə «daloy çadra»
şüarı aktuallığını itirməmişdi və
gəlinin üzündən duvağın götürülməsi
tamaşaçıların alqışları ilə
qarşılana bilərdi. Lakin gəlinin
üzü duvaqlı gətirilməsi adəti bu və ya digər
şəkildə bu gün də yaşamaqdadır. Bəs qayınatanın öz gəlininə bu
cür sözlər deməsi nə dərəcədə
reallığa uyğundur? Onun gəlininin
üzündən duvağı götürməsini əsərin
yazıldığı dövrün tələbi kimi qəbul
edirik. Bəs dedikləri?
«Vaqif» tamaşasının
quruluşçu rejissoru Adil İsgəndərov öz xatirələrində
belə yazmışdır: «Əsərin («Vaqif» nəzərdə
tutulur - A.B.) ilk variantında Vaqifin toyu olurdu. Pyesin
birinci şəkli yox idi. Vaqif arvadına müraciətlə:
A quzum, üzündən
götür duvağı
Qoy açıq görünsün
ayın qabağı -
deyirdi. Mən Səmədə
dedim ki, ay Səməd, bu yaxşı
deyil. Sən gəl Vaqifin yerinə onun oğlu
Əli bəyi evləndir. Səməd yerindən
qalxıb məni qucaqladı:
... düz deyirsən.
Sən deyən kimi edək».
Deməli, Vaqif bu
sözləri özünün, hətta Səməd
Vurğunun iradəsindən asılı olmayaraq söyləmişdir.
Əsərdə
ata-oğul, qayınata-gəlin, qayınana-kürəkən
münasibətlərinin təsviri də xalqımızın əsrlərdən
gələn adət-ənənələrinə söykənir.
Bu adamlar bir-birinə nə qədər yaxın
olsalar da, görünməz bir pərdə onları bir-birindən
ayırır. Bu pərdə azərbaycanlılara
məxsus böyük-kiçik, ahıl-cavan, ər-arvad,
qadın-kişi münasibətləri ilə bağlı həya
hissidir.
Gülnar təbiətin
qoynunda böyümüş sadə bir kəndli
qızıdır. Əlbəttə,
Vaqifin özünə belə gəlin seçməsi məhz
onun el-obaya bağlılığı ilə izah
olunmalıdır. Gülnar öz həyat
yoldaşına qırılmaz tellərlə
bağlıdır. Onun aləmində
Əli bəyin «gözəl boyu, baftalı çuxası,
düyməli yaxası, at belinə qalxmağı, tərlan
kimi baxmağı» başqalarından fərqlənir. Əgər onun «tüfəngini yel əysə»,
«ayağına daş dəysə», «Gülnarın ürəyinə
ox batar».
Gülnar
qayınatası Vaqifə də bir gəlin kimi mehribanlıq
göstərir. Onu öz atası hesab edir.
Kənddə saf bir
ailədə böyümüş Gülnar hər cür hiylə
və saxtakarlıqdan uzaqdır. Buna
görə qayınanası Xuramanın Vaqifə xəyanətini
eşidəndə sarsılır, bunu qayınatasına
utana-utana, çəkinə-çəkinə söyləyir.
Bu səhnələr
çox təbiidir və xalqımızın özünəməxsus
xüsusiyyətləri ilə bağlıdır. Vidadi Vaqifin ən yaxın dostu olsa da, onun ailə
daxilindəki işlərinə qarışmır, Gülnar
Xuramanın xəyanəti barədə danışanda
başqa otağa keçir. Lakin Gülnar
qayınanasına «hücum» çəkəndə bu təbiilik
pozulur. Şeyxlə Qarı Xuramanın
«razılığını» alıb gedəndən sonra
Gülnar ona belə deyir:
Ay ləçər!
Bu iş yaraşarmı heç nəslimizə,
İndi nə deyəcək
el-oba bizə?
Əlbəttə,
utancaq bir kənd qızı, beş-on günün gəlini
olan Gülnarın «ləçər» sözünü işlətməsi
təbii səslənmir.
Azərbaycan
xalqının tarixində qaçaqçılıq
mövcud olduğuna görə əsərdə Eldarın dəstəsi
ilə bağlı səhnələr də təbii
görünür. Tarixən
xalqımızın həyatında ayrı-ayrı şəxslərin
qaçaq düşməsi halları baş vermişdir.
Çox zaman şəxsin özünün
incikliyi onun qaçaq düşməsinə səbəb
olmuş, oxşar taleli, adamlar bir yerə
toplaşmışlar. Sonradan bu adamlar
hamının sevimlisinə çevrilmiş, xalqın
azadlığı və səadəti uğrunda mübarizə
aparmışlar. Qaçaq Nəbi,
Qaçaq Kərəm, Qaçaq Süleyman kimi.
Xalqımızın
özünəməxsus adətlərindən biri ağsaqqala
münasibətlə bağlıdır. Tarixən
ən ciddi məsələlər, konfliktlər
ağsaqqalın araya girməsi, vasitəçilik etməsi nəticəsində
sülhlə bitmişdir. Ağsaqqal
sözünü eşitməyənlər barədə son
sözü yenə ağsaqqal özü demişdir.
«Vaqif»də qoca bir kəndli
Qacarın yanına gəlib xahiş edir ki, günahsız
adamların, uşaqların oda qalanmasına imkan verməsin,
obaları xaraba qoymasın. El
ağsaqqalı onu da xatırladır ki, «bu dağlar qoynunda
aslan yatmışdır, burada Koroğlular at
oynatmışdır». Lakin Qacar
ağsaqqalı eşitmək istəmir, hətta onu təhqir
edir. Tökülən qanların
öyüd-nəsihətlə dayandırılmasının
mümkün olmadığını dərk edən
ağsaqqal öz dəstəsi ilə Qacara qarşı
vuruşan Eldarın yanına gəlir. O, Koroğlunun
Misri qılıncını Eldara bağışlayır və
Qacara qarşı mübarizəsinə xeyir-dua verir. Eldar diz çöküb qılıncı
öpür.
Əli bəyin qırqovul
ovlaması, Əminənin kürəkəninə hədiyyə
olaraq corab toxuması, Gülnarın Vaqifin məktubunu Eldara
verərkən kəlağayını açıb yerə
atması, Vaqiflə Vidadinin saz götürüb deyişmələri
də xalqın özünəməxsus xüsusiyyəti kimi
yadda qalır.
Pyesdə milli
qürur hissləri qabarıq verilmişdir. Bununla yanaşı «Vaqif» ümumbəşəri
ideyaları geniş əks etdirən ölməz sənət
abidəsidir. Əsərin geniş
şöhrət tapmasının, bütün dövrlərdə
öz təravətini saxlamasının əsas səbəblərindən
biri də burada dərin milli ruhla ümumbəşəri hisslərin
vəhdətinin yüksək bədii ifadəsidir.
(I yazı “Mədəniyyət” qəzetinin
13.03.2016, II yazı 22.02.2017 tarixli saylarında dərc olunub)
Adilxan Bayramov
filologiya elmləri
doktoru
Mədəniyyət.- 2017.- 21
aprel.- S.12.