Mədəniyyət və Turizm
Nazirliyində Mətbuat Şurasının sədri ilə görüş
Əflatun Amaşova nazirliyin “Fəxri
mədəniyyət işçisi” döş nişanı təqdim edilib
Aprelin 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ilə görüşüb.
Nazir Əflatun Amaşovu 60 yaşının tamam olması münasibətilə təbrik edərək, ona ən xoş arzularını çatdırıb.
Əbülfəs Qarayev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi mətbuat orqanları ilə əməkdaşlığa hər zaman böyük önəm verir, mədəni irsimizin, incəsənətimizin, ölkəmizin turizm imkanlarının təbliğində, dünyaya tanıdılmasında medianın rolunu yüksək qiymətləndirir. Bu xüsusda Mətbuat Şurası ilə əməkdaşlığın, birgə layihələrin cəmiyyət üçün əhəmiyyəti diqqətə çatdırılıb, Azərbaycan jurnalistikasının inkişafında, peşəkarlıq səviyyəsinin artmasında qurumun rolu xüsusi qeyd edilib.
Milli Məclisin üzvü kimi Azərbaycan mətbuatının inkişafına xidmət edən prioritet məsələlərin parlamentdə gündəmə gətirilməsi ilə bağlı təşəbbüslərinin, aktual mövzu və problemlərlə bağlı çıxışlarının təqdirlə qarşılandığını deyən nazir Əflatun Amaşovun Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri kimi fəaliyyətini də müsbət qiymətləndirib: “Hər dəfə Gürcüstana səfər edərkən orada yaşayan soydaşlarımızın problemləri ilə maraqlanır, qonşu ölkədəki tarixi-mədəni irsimizin qorunması və bərpası ilə bağlı narahatlığınızı dilə gətirir, rəsmi qurumlarla səmərəli görüşlər keçirirsiniz”.
Əbülfəs Qarayev ölkə mədəniyyətinin təbliği sahəsində xidmətlərinə görə Əflatun Amaşova Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanını təqdim edib, ona möhkəm cansağlığı, uzun ömür, işlərində yeni-yeni uğurlar arzulayıb.
Əflatun Amaşov ona göstərilən yüksək ehtirama görə nazir Əbülfəs Qarayevə və Mədəniyyət və Turizm Nazirliyinin kollektivinə minnətdarlığını bildirib. Qeyd edib ki, bundan sonra da ölkəmizin ictimai, siyasi, mədəni və digər sahələrin təbliği istiqamətində yorulmadan fəaliyyət göstərəcək.
Görüşdə Gürcüstanın müxtəlif bölgələrində Azərbaycanın mədəni irsini yaşadan abidələr, muzeylərin fəaliyyəti, bu sahədə problemlərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Tiflis Azərbaycan Teatrının və Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmiri və bərpası məsələləri xüsusi vurğulanıb.
Mədəniyyət.- 2017.- 26
aprel.- S.2.