Boluda türk xalqlarının görkəmli bəstəkarlarının adları əbədiləşdirilib

 

 

   Türkiyənin Bolu şəhərinin Seben bələdiyyəsinin “Solaklar Qaya Evləri” ərazisində türk dünyasının korifey bəstəkarlarının xatirəsinə qurulan evlərin açılışı olub.

   Tarixi evlərdən birinə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin adı verilib. Qazaxıstandan Erkegali Rahmadiyev, Qırğızıstandan Kalıy Moldobasanov, Türkmənistandan Nuri Halmamedov, Başqırdıstandan Zagir İsmayılov, Tatarıstandan isə Nazib Jiganovun adları əbədiləşdirilib.

   Bu münasibətlə keçirilən mərasimdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Başqırdıstandan olan qadın bəstəkarlar, TÜRKSOY-un, BoluSeben rayonlarının rəhbər şəxsləri, yerli ictimaiyyətin nümayəndələri, QHT və media təmsilçiləri iştirak ediblər.

   Mərasimdə TÜRKSOY-un baş katibi Düsen KaseinovSeben bələdiyyə başqanı Süleyman Özbaş çıxış ediblər. Onlar Türkiyənin ən qədim yaşayış yerlərindən olan bu bölgədə türkdilli xalqların görkəmli bəstəkarlarının adlarının əbədiləşdirilməsini əlamətdar hadisə kimi dəyərləndiriblər. Əminliklə ifadə olunub ki, atılan bu addım türkdilli xalqların mədəniyyətinin qarşılıqlı şəkildə tanınmasında mühüm rol oynayacaq.

   Rəmzi lent kəsiləndən sonra tədbir iştirakçıları tarixi evlərlə tanış olublar.

  

 

Mədəniyyət.- 2017.- 26 aprel.- S.2.