“Kitabı tanıdın, kitabla
tanının”
II Buktreyler festivalının qalibləri
mükafatlandırıldı
Aprelin 21-də Beynəlxalq Muğam Mərkəzində II Buktreyler festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirildi. “Kitabı tanıdın, kitabla tanının” devizli festival kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə reallaşıb.
Tədbirdə çıxış edən Ruslan Sabirli festivalın cəmiyyətdə kitabın təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafına xidmət etdiyini söylədi. Bildirildi ki, buktreyler - bədii əsər haqqında qısa film-çarx həm kitab müəllifini, həm də buktreyler müəllifini tanıdır. Artıq ikinci dəfə gerçəkləşən festival gənc yazarların da tanınmasına imkandır. Builki festivalda ümumilikdə 36 nümunə təqdim olunub, eləcə də bəstəkarlar tərəfindən 4 buktreylerə xüsusi musiqi yazılıb. Bu ideyanın müəllifi gənc bəstəkar Azər Hacıəsgərlidir.
Məlumat verildi ki, təqdim olunan buktreylerlər əməkdar incəsənət xadimləri - “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, rejissor Elçin Musaoğlu, kinoşünas, rejissor Ayaz Salayev, kinooperator Kənan Məmmədov və Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-dramaturq İlqar Fəhmidən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bu il həmçinin festival iştirakçılarına rejissorlar Elxan Cəfərov, Elçin Musaoğlu və operator Nadir Mehdiyev tərəfindən ustad dərsləri keçilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev kino və kitabı birləşdirən bu layihənin müasir və günün tələbinə uyğun olduğunu vurğuladı. Kitabın təbliğini əsas götürən layihəyə marağın daha da artacağı bildirildi: “Festival ilk növbədə kitaba çağırışdır. Çox qısa bir filmdə kitaba maraq doğurmaq, fikir yönəltmək böyük istedad və düşüncə tələb edir”.
Layihənin reallaşmasında əməyi keçənlərə təşəkkürünü bildirən nazirin birinci müavini qarşıdakı festivallarda daha çox və keyfiyyətli, müasir, maraqlı nümunələrin olacağına əminliyini ifadə etdi: “Bu gün burada filmləri təqdim edilən rejissorlar gələcəkdə böyük ekran əsərləri yaradacaq gənclərdir. Buktreylerlərin müəlliflərini, həm də yazarları təbrik edir, yeni uğurlar arzulayıram”.
Millət vəkili Qənirə Paşayeva, münsiflərdən Ayaz Salayev, Kənan Məmmədov və başqaları çıxışlarında kitabın həyatımızdakı rolundan, mütaliənin vacibliyindən danışdılar, layihənin əhəmiyyətini yüksək qiymətləndirdilər.
Sonra festivalın qalibləri elan olundu. Birinci yerə
Elnur Rzayev ("Nəfəs" - Ramiz Rövşən), ikinci yerə Orxan Adıgözəlov ("Sənə
məktub yazıram"
- Aqşin Yenisey), Emin Həsənzadə
(“O2" - Müşfiq Xan),
üçüncü yerə
Cavidan Əlizadə
("İntihar" - Təranə
Vahid), Qalib Mirzəyev ("Gecəqondu
insanı" - Azər
Elşadoğlu) və
Vəli Məmmədov
("Çevriliş" - Sahilə İbrahimova) layiq görüldü.
Qaliblərə müvafiq olaraq
1000, 800 və 500 manat
pul mükafatı təqdim edildi.
Tədbir qalib buktreylerlərin
nümayişi ilə
davam etdi.
L.Azəri
Mədəniyyət.- 2017.- 26
aprel.- S.4.