“Bakı əsrlərin aynasında”
Rusiyalı
kinematoqrafçıların sənədli filminin
təqdimatı
Aprelin 21-də Nizami Kino Mərkəzində “Bakı əsrlərin aynasında” sənədli filminin təqdimat mərasimi keçirildi. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında rusiyalı kinematoqrafçılar tərəfindən ekranlaşdırılıb. Filmin ssenari müəllifi Sergey Şaçin, rejissoru Nataliya Zavoznenkodur.
Təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, mədəniyyət və ictimaiyyət xadimləri iştirak edirdilər.
Tədbirdə çıxış edən telejurnalist, tanınmış səyyah Azər Qərib qeyd etdi ki, tamaşaçılar bu sənədli film ilə Bakının gözəlliklərini rusiyalı kino mütəxəssislərinin gözü ilə seyr edəcəklər. O, filmin ərsəyə gəlməsində dəstəyi olan hər kəsə minnətdarlığını bildirdi.
Filmin ssenari müəllifi Sergey Şaçin Bakının tarixindən, maddi-mədəniyyət abidələrindən, müasir dövrdə inkişafından danışdı. Bildirdi ki, Bakıya səyahət etdikdən sonra bu filmi çəkmək qərarına gəlib: “Bu filmin çəkilməsi ideyası Bakı küçələrində gəzinti ilə başladı. Bakının gözəl memarlıq abidələri var. Buranın insanları da çox istiqanlı, mehriban və qonaqpərvərdir. Elə buna görə də Bakı mənim ikinci sevimli şəhərim oldu. Bakıdan qayıtdıqdan sonra qərara gəldim ki, bu gözəlliklər haqqında film çəkmək lazımdır”.
Rejissor Nataliya Zavoznenko isə Bakı sakinlərinin qonaqpərvərliyindən söz açdı. Bildirdi ki, əsrlər keçməsinə baxmayaraq, Bakı hələ də öz qədimiliyini, gözəlliyini qoruyub saxlayıb.
Sonra ekran əsəri nümayiş olundu. Filmdə Bakıdakı abidələrin tarixindən və şəhərin müasir inkişafından bəhs olunur. Ekran əsərində şəhərin zəngin tarixinə, gözəlliklərinə və paytaxtımızda aparılan abadlıq-quruculuq işlərinə geniş yer verilib.
Fariz
Mədəniyyət.- 2017.- 26
aprel.- S.5.