Akademik Ağamusa Axundovun yubileyinə həsr olunmuş
konfrans
Aprelin 24-25-də AMEA Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü Ağamusa Axundovun (1932-2015) 85 illik yubileyi münasibətilə "Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq görkəmli alimin həyat və yaradıcılığından danışdı, A.Axundovun gənc yaşlarından müəllimlik etdiyini, alimlər yetişdirdiyini dedi.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli alimin 32 yaşında filologiya elmləri doktoru alimlik dərəcəsi aldığını diqqətə çatdırdı, onun Azərbaycanda riyazi dilçilik elminin ilk tədqiqatçısı olduğunu, “dilin estetikası” anlayışının da dilçiliyə gətirdiyini söylədi.
Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu bildirdi ki, çağdaş Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən olan akademik Ağamusa Axundov dilçilik elmimizin inkişafında önəmli rol oynayıb, öz elmi məktəbini yaradıb. O, 1964-cü ildə "Azərbaycan dilinin fonemlər sistemi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək SSRİ miqyasında filologiya sahəsində ən gənc elmlər doktoru olub. 1990-cı ildə Dilçilik İnstitutunun direktoru təyin olunub və 22 il bu vəzifədə çalışıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilib. 36 kitab, 500-ə yaxın məqalənin müəllifidir, onun "Azərbaycan dilinin fonetikası" adlı monoqrafiyası respublika Dövlət mükafatına layiq görülüb.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Qazaxıstan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru, professor Erden Kajibekov, akademiklər Abel Məhərrəmov, Teymur Bünyadov, Vasim Məmmədəliyev, Misirin Eyn-Şəms Universitetinin professoru Məhəmməd Haridi, Türkiyənin Hacettepe Universiteti Türk dili və ədəbiyyatı bölməsinin rəhbəri Şükrü Haluk Akalın çıxış edərək akademik Ağamusa Axundovun elmi fəaliyyətindən və onunla bağlı xatirələrindən danışdılar.
Konfransın bölmə iclaslarında dilçilik nəzəriyyəsi, fonetika, dil və üslub, ədəbiyyat və ədəbi dil məsələləri, türkologiyanın aktual problemləri, dil tarixi və qrammatika mövzularında məruzələr dinlənildi.
S.Qaliboğlu
Mədəniyyət.- 2017.- 26
aprel.- S.6.