IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib

 

 

   “Azərbaycanda hər belə mötəbər tədbirin təşkili ən yüksək rəylər qazanır”

  

   Aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib.

   IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva iclasda çıxış edib.

  

   Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışı

  

   - Hörmətli tədbir iştirakçıları.

   IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılışına bir aydan az vaxt qalır və bu gün Təşkilat Komitəsinin yekun iclasını keçiririk. Biz gərək əmin olaq ki, paytaxtımız Oyunların açılışına və keçirilməsinə tam şəkildə hazırdır, bütün lazımi tədbirlər görülüb, addımlar atılıb, yarışların keçirilməsi ilə bağlı və bütün istiqamətləri əhatə edən tədbirlər planı cavabdeh strukturlar tərəfindən yerinə yetirilir.

   Azərbaycanda çox vacib irimiqyaslı beynəlxalq tədbirlər keçirilir və hər bir belə tədbirin təşkili ən yüksək rəylər qazanır. Biz hər bir məsələyə çox məsuliyyətlə yanaşırıq və Azərbaycanın maraqlarını, beynəlxalq imicini üstün tutaraq, ölkəmiz və xalqımız üçün layiqli nailiyyətlər əldə etməyə çalışırıq. Son illər Azərbaycanın paytaxtında bir çox böyük beynəlxalq idman yarışları - həm Avropa, həm də dünya çempionatları keçirilir. Ümumi rəyə görə bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir. 2015-ci ildə Bakıda birinci Avropa Oyunları böyük uğurla keçirilmişdi. Bu Oyunlar Avropanın Olimpiya tarixində yeni səhifə açmışdı. Ümumi rəyə görə Azərbaycan dövləti birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil etmişdir. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanmışdır və keçirilmiş Oyunlar kimi tarixdə qalacaqdır.

   Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Azərbaycan bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurur və bu sahədə böyük uğurlara nail olub. Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, islam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Heç bir dinin, o cümlədən islam dininin terrorla heç bir əlaqəsi ola bilməz. Din öz-özlüyündə terroru rədd edən amildir və islam dini sülh, mərhəmət dinidir. Hesab edirəm ki, bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm böyük bir idman bayramına çevriləcək, həm də müsəlman aləmində, müsəlman ölkələri arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

   Ölkəmiz artıq bütün dünyada idman məkanı kimi tanınır. Azərbaycanda idmanın, Olimpiya hərəkatının inkişafına dövlətimizin verdiyi dəstək bütün dünya tərəfindən çox yüksək qiymətləndirilir. Aparılan siyasətin nəticəsi isə göz qabağındadır. İlk növbədə, bu, əlbəttə ki, Azərbaycan idmançılarının son illər ərzində əldə etdikləri nailiyyətlərdir. Ötən il Rio Yay Olimpiya Oyunlarında bizim idmançılarımız 18 medal qazanaraq medalların sayına görə müsəlman ölkələri sırasında birinci yeri tutmağa nail olmuşlar. Siz yaxşı xatırlayırsınız ki, birinci Avropa Oyunları zamanı bizim yığma komandamız 56 medal qazanaraq ikinci yeri tutmuşdur. Əlbəttə, belə nəticələrlə bütün xalqımız fəxr edir və bu, Azərbaycan dövlətinin potensialının, Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları zamanı da idmançılarımız bizi sevindirəcəklər, bizə qələbə sevinci bəxş edəcəklər.

  

   “Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının ən layiqli səviyyədə keçirilməsidir”

  

   Oyunlarda 57 ölkəni təmsil edən 3 mindən çox idmançının iştirakı gözlənilir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmamışdır. Atletlər 10 gün ərzində 23 idman növü üzrə mübarizə aparacaqlar, Oyunların sonunda 1600 medalın təqdim edilməsi nəzərdə tutulub. Yarışlar 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə, ümumilikdə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir.

   Oyunların uğurla keçirilməsində könüllülərin rolu xüsusi yer tutur. Hamımız yaxşı xatırlayırıq ki, birinci Avropa Oyunları zamanı bizim gənclər çox gözəl, çox bacarıqlı, peşəkar iş nümayiş etdirdilər. Oyunlar zamanı onların xidməti bir çox qurumlar - həm beynəlxalq, həm də yerli qurumlar tərəfindən xüsusi vurğulandı. İslam Həmrəyliyi Oyunlarının keçirilməsində 8 mindən çox könüllü iştirak edir və əminəm ki, bu dəfə də gənclərimiz öz vətənpərvərliyini, peşəkarlığını, qonaqpərvərliyini, bacarıq və zəkalarını nümayiş etdirəcəklər.

   Bu günə qədər Təşkilat Komitəsi tərəfindən Oyunların uğurla keçirilməsi üçün bir çox tədbirlər görülüb və ümumiyyətlə, demək olar ki, şəhərimiz Oyunların açılışına hazırdır.

   Nəqliyyat sisteminin koordinasiyası ən vacib məsələlərdən biridir. Bunu keçmiş təcrübəmizdən də bilirik və biz burada bir neçə istiqamətdə çalışmalıyıq. İdmançıların idman obyektlərinə vaxtında və təhlükəsiz çatmaları, tamaşaçıların müxtəlif idman infrastrukturlarına gediş-gəlişi və əlbəttə, Oyunlar zamanı şəhər sakinlərinin rahat hərəkət etməsi təmin olunmalıdır. Əlbəttə, ümumi təhlükəsizlik məsələlərinə xüsusi diqqət göstərilməlidir. İnformasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunması, turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi kimi məsələlərə diqqət yetirilməlidir. Hərtərəfli tibbi xidmətin təmin edilməsi vacibdir. Bir sözlə, heç bir məsələ diqqətdən kənarda qalmamalıdır.

   Qeyd etdiyim kimi, bu gün bizim son iclasımızdır. Gərək biz əmin olaq ki, bütün məsələlərə diqqətlə yanaşmışıq və Oyunların ölkəmizdə uğurla keçməsinə tam şəkildə hazırıq. Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var, könüllülər hazırdır. Əminəm ki, ölkəmizin zəngin, şanlı tarixində növbəti mühüm nailiyyəti əldə edə biləcəyik.

   * * *

   Sonra IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov hazırlıq prosesi haqqında daha geniş informasiya verib. Bildirilib ki, yarışların cədvəli tam hazırdır, komanda yarışlarının püşkatma mərasimi keçirilib. Yarışlar 17 müxtəlif idman obyektində keçiriləcək. Atletlər kəndi rəsmi olaraq may ayının 1-də açılacaq. Oyunların proqramına daxil edilmiş 165 idman yarışına tamaşa etmək üçün 500 mindən çox bilet satışa çıxarılıb.

   Daxili işlər naziri Ramil Usubov və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov təhlükəsizlik məsələləri haqqında məruzə ediblər.

   * * *

   Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva mötəbər idman tədbiri ilə bağlı ölkəmizə çoxlu sayda turistlərin səfərinin gözlənildiyini diqqətə çatdırıb, onlar üçün mədəni proqramların, turizm marşrutlarının hazırlanmasının əhəmiyyətini vurğulayıb.

  

   Oyunlarla bağlı geniş mədəni və turizm xidməti proqramı hazırlanıb

  

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bu sahədə görülən işlər barədə danışıb:

   - Çox hörmətli Birinci vitse-prezident.

   Hörmətli Təşkilat Komitəsinin üzvləri.

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, himayəsi və dəstəyi, birbaşa Sizin rəhbərliyinizlə həyata keçirilən regional və beynəlxalq layihələr ölkəmizin qlobal səviyyədə nüfuzunu daha da artıraraq, Azərbaycanı mədəniyyətlərarası dialoqun inkişafı sahəsində xalqları, dövlətləri, sivilizasiyaları bir araya gətirməyə yönəlmiş mühüm bir missiyanı həyata keçirən multikultural və tolerant bir ölkəyə çevirib. Düşünürəm ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunun növbəti əyani və inşallah, uğurlu sübutu olacaq.

   Bildiyiniz kimi, daxili və gəlmə turizmə əlavə stimul yaratmaq, yerli istehsalı və sahibkarlığı hərəkətə gətirmək, qeyri-neft sektorunun yeni yolla canlanmasına nail olmaq məqsədilə Bakı şəhərində və Azərbaycanda bir neçə yeni turizm layihəsi həyata keçirilir. Bunların sırasında Sizin tapşırığınız əsasında Novruz bayramı ərəfəsində və hazırda Sabir bağı ərazisində, Köhnə qala divarlarının yanında və İçərişəhərdə davam etdirilən, ölkəmizin zəngin mədəni irsini, mətbəx nümunələrini, xalq tətbiqi sənətini, bir növ tarixi-milli kimliyimizi əks etdirən yarmarka təşkil olunub. Bu yarmarkanın vətəndaşlarımız və turistlər tərəfindən böyük maraq və rəğbətlə qarşılandığı nəzərə alınaraq, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi müddətdə də davam etdirilməsi nəzərdə tutulur.

   Bundan əlavə, Oyunların keçiriləcəyi günlərdə turistlər üçün Bakı şəhərində və regionlarda yerləşən tarix-mədəniyyət qoruqları, müxtəlif profilli muzeylər və xüsusi hazırlanmış turizm marşrutları üzrə ekskursiya xidmətləri təşkil olunacaq. Muzey və qalereyalar Oyunlar zamanı ölkəmizdə olan turistlərə daha uzun müddətdə xidmət göstərməsi üçün iş rejimlərini müvəqqəti uzadılmış şəkildə həyata keçirəcəklər.

   Müvafiq qurumlarla, təhlükəsizlik, nəqliyyat təşkilatları ilə əldə olunmuş razılığa əsasən, Oyunların keçiriləcəyi günlərdə turist avtobusları müəyyənləşdirilmiş “şəhər turu” marşrutu üzrə paytaxtımızın qonaqlarına öz xidmətlərini təqdim edəcək.

   Turistlərin suallarını cavablandırmaq, onlara lazımi köməyin operativ şəkildə həyata keçirilməsi məqsədilə könüllülərdən ibarət “Ask me - Məndən soruş” layihəsi təşkil olunacaq. Bu gənclər kütləvi yerlərdə fəaliyyət göstərəcəklər.

   Oyunlar zamanı ölkəmizə təşrif buyuracaq turistlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lazımi informasiyanın verilməsi, müvafiq köməyin göstərilməsi, bir növ ilkin bələdçilik funksiyasını yerinə yetirmək məqsədilə Bakı şəhərində yerləşən əsas mehmanxanalarda növbəli qrafik əsasında fasiləsiz fəaliyyət göstərən qərargahlar yaradılacaq.

   Bu yaxınlarda “Paşa Sığorta”nın və Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında “Sirli Bakı” mobil tətbiqi layihəsi hazırlanıb. Xüsusi texnologiyaya əsaslanan bu proqram Bakının tarixi irsini sakinlərə və şəhərin qonaqlarına tanıtmaq məqsədi daşıyır. Proqramın tətbiq olunduğu hər hansı bir cihazla tarixi abidələrin qarşısında quraşdırılmış informativ stendləri “skan” etməklə ziyarətçilər onlar haqqında üç dildə (Azərbaycan, rus, ingilis) müfəssəl məlumat əldə edə biləcəklər.

   Qeyd etmək istərdim ki, “Go-map” naviqasiya sistemi təkmilləşdirilərək istifadəçilərin ixtiyarına verilib. Bu naviqasiya sistemi vətənimizin qonağı olan hər bir kəs üçün elektron xəritə üzərindən virtual bələdçilik vəzifəsini yerinə yetirəcək. Məlumat vermək istəyirəm ki, bu gün “Go-map” sistemindən gündə 25 min nəfər istifadə edir.

   IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə aprel ayında, hazırda ərəb ölkələrində keçirilən bütün turist sərgilərində bizim bütün təmsilçilərimiz vasitəsilə Oyunlar haqqında geniş məlumat yayılır və bu proses Oyunlar zamanı da davam etdiriləcək. Eyni zamanda, “Euronews” və CNN telekanallarında müvafiq reportajların yayımlanması haqqında razılıq əldə olunub. “Baku Guide” kitabçasının xüsusi buraxılışı təmin olunub və bütün mehmanxanalara çatdırılacaq.

   Hörmətli Mehriban xanım, Sizin tapşırığınıza əsasən, eyni zamanda, konsert və teatr müəssisələrində xüsusi proqramların təşkili ilə bağlı işləri həyata keçirdik. Proqramların qısa məzmunu daha çox islam mədəniyyətinin və Azərbaycan xalqının ənənəvi mədəniyyətinin təqdim edilməsindən ibarətdir.

  

   Konsertlər, tamaşalar, filmlər, sərgilər...

   

   Heydər Əliyev Sarayında mayın 13-dən etibarən Dövlət Rəqs Ansamblının çıxışları, Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın konsertləri təşkil olunacaq. Eyni zamanda, Türkiyənin tanınmış rəqs ansamblı - “Anadolu atəşi” də çıxış edəcək. Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin əsərlərinin tamaşaları təqdim olunacaq. Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamı”, Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm qrupu”nun, caz ifaçılarının xüsusi konsertləri təşkil ediləcək. Mayın 20-dən etibarən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, həmçinin Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Arşın mal alan” əsərləri əsasında hazırlanan tamaşaların nümayişi nəzərdə tutulur.

   Teatr tamaşalarında həm gənc Azərbaycan müəlliflərinin, həm də klassik müəlliflərin əsərləri əsasında qurulmuş səhnələr təqdim olunacaq. Məlumat vermək istəyirəm ki, bütün teatrlarda Prezidentin tapşırığına əsasən, sinxron tərcümə təşkil edilir. Teatrlarda gedən tamaşaların mətnini həm rus, həm ingilis dilində izləmək mümkündür.

   Mehriban Əliyeva: Bu, yalnız Oyunlar zamanı olacaq, yoxsa hər zaman?

   Əbülfəs Qarayev: Xeyr, bu, daimidir. Oyunlarla əlaqədar həmin tamaşaları da tərcümə etdik, onları da təqdim edəcəyik.

   Xüsusi sərgilər də təşkil olunacaq: Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “İslam dünyasının musiqi mədəniyyəti Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarında” adlı sərgi. Heydər Əliyev Mərkəzində davam edəcək sərgilər cədvəl əsasında qurulacaq.

   Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyalarında islam irsi”, Azərbaycan Xalça Muzeyində “İlahi sənət: naxışlar, ilmələr”, Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Dövlət Din Tarixi Muzeyinin kolleksiyasından ibarət “İslam: sülh və birlik” adlı sərgilər və Muzey Mərkəzində “Azərbaycan islam abidələri” adlı fotosərgi açılacaq.

   Nizami Kino Mərkəzində "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərin festivalı keçiriləcək. “Niyyət”, “Buta”, “Nabat” bədii filmlərinin, “Bakı - İslam mədəniyyətinin paytaxtı”, “Bakı əsrlərin aynasında”, “Bakı Birinci Avropa Oyunları”, “Azərbaycan xalçası”, “Çövkən”, “Lahıc”, “Qobustan - bəşəriyyətin beşiyi”, “Hapıtlar”, “Eviniz nurla dolsun”, “Azərbaycan mətbəxi. Dad sonrası dad” sənədli filmlərinin nümayişi olacaq.

   Fürsətdən istifadə edərək, Sizə məruzə etmək istəyirəm ki, paralel olaraq bu ərəfədə - Oyunlardan qabaq Bakıda bir neçə böyük kütləvi tədbirin keçirilməsi də nəzərdə tutulur. Ayın 23-də Bakıda Mstislav Rastropoviçin adını daşıyan IV Beynəlxalq musiqi festivalı başlayır. Eyni zamanda, Bakı şəhərində aprelin 10-da başlamış Ticarət festivalı işini mayın 10-dək davam etdirəcək.

   Sizin rəhbərliyiniz ilə mayın 4-dən 6-dək Bakıda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Foruma təxminən 700-dək nüfuzlu şəxsin, dövlət və parlament rəhbərlərinin, nazirlərin qatılması nəzərdə tutulur. Onlar üçün də xüsusi mədəni proqram hazırlanmaqdadır və Sizə məruzə olunacaq.

   Ümumiyyətlə, qeyd etmək istərdim ki, Azərbaycanın daha öncə əldə etdiyi idman nailiyyətlərini qürurla xatırlayaraq, xüsusi əminlik hissi ilə ümid edirik ki, bu möhtəşəm idman yarışlarında idmançılarımız bayrağımızı ən uca zirvəyə qaldıracaq, himnimizi tez-tez səsləndirəcək və İslam Həmrəyliyi Oyunlarında təkrarolunmaz tarixi uğura imza atacaqlar. Bu yolda hamımıza uğurlar diləyirəm. Diqqətinizə görə çox sağ olun.

  

   Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva turistlərin ölkəyə gələndə mədəniyyət proqramına aid ilk məlumatı hoteldə aldıqlarını xatırladaraq bu məsələyə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb: “Hər bir hoteldə sadaladığınız bütün marşrutlar, tədbirlər haqqında qısa məlumat olmalıdır ki, qonaqlar istənilən anda bu informasiyanı ala bilsinlər”.

   * * *

   Sonra Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Oyunlara hazırlıq prosesində nəqliyyatla bağlı görülən işlər haqqında məlumat verib.

   İclasa yekun vuran Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ölkəmizin və paytaxtımızın Oyunların qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazır olduğunu bildirib. Vurğulanıb ki, bu sahədə bizim artıq böyük təcrübəmiz var: “Gələcəkdə də belə tədbirlərin keçirilməsi üçün bir çox müraciətlər var. Bizə müraciət edən beynəlxalq qurumlar əmindirlər ki, Bakıda, Azərbaycanda keçirilən böyük beynəlxalq tədbirlər doğrudan da bütün tələblərə - həm təhlükəsizlik tələblərinə, həm də təşkilati tələblərə cavab verəcək. Azərbaycan Prezidenti Oyunlara hazırlığı daim diqqət mərkəzində saxlayır, Təşkilat Komitəsinin işini yüksək qiymətləndirib. Bu, əlbəttə, bizim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Əminəm ki, birgə səylərimizlə IV İslam Həmrəyliyi Oyunları uğurla keçiriləcək, Azərbaycanın tarixində növbəti bir qələbə kimi qalacaq”.

 

 

Mədəniyyət.- 2017.- 26 aprel.- S.8.