“Əgər uşaq
istedadlıdırsa, mütləq özünü
təsdiq edəcək”
Musiqi insana ən yaxın olan incəsənət növüdür. O, bütün sənət növləri içərisində ən güclü emosional təsir qüvvəsinə malikdir. Musiqi eyni zamanda digər incəsənət növləri kimi mühüm estetik tərbiyə vasitəsidir. Musiqi təhsili uşaqların hərtərəfli formalaşmasına, mənəvi aləminin inkişafına və zənginləşməsinə kömək edir. Bu il 85 illik yubileyini qeyd edən Bakı şəhəri Rəşid Behbudov adına 2 nömrəli onbirillik Musiqi məktəbi də öz ənənələri olan, Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfələr verən təhsil ocaqlarındandır. Məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva ilə söhbətimizdə təhsil ocağının fəaliyyətinə nəzər saldıq. Görüşümüz həm də Qəmər xanımın ad günü ərəfəsinə təsadüf etmişdi. Bu əlamətdar günü sevdiyi kollektivlə birgə qeyd edən həmsöhbətimin həyat haqqında düşüncələri də maraqlı oldu.
- İllər insana çoxlu dostlar, sevdiyi insanlar qazandırır. Bu insanlar arasında ilk növbədə bacılarımı qeyd etmək istərdim. Valideynlərim dünyalarını tez dəyişiblər. Onlar Azərbaycanın ictimai həyatında fəal, dövlətinə, xalqına layiqincə xidmət edən insanlar olublar. Mənə hər zaman bacılarım dəstək olub. Valideynlərimizin yoxluğu sanki bizim dostluğumuza, bir-birimizə sevgimizə rəvac verib...
- İllər sizə nə verib?
- Yaşanan illər insana gözəl duyğular, təcrübə, müdriklik, bütün insanlara qarşı ədalətli olmaq hissi verir. Bu kollektivlə keçirdiyim illər də mənim üçün belə yadda qalıb. Hər zaman burada işləyən insanların fəaliyyətini dəyərləndirməyə çalışıram. Çünki yaxşı fikir, gözəl söz insanı ruhlandırır. Sevinirəm ki, rəhbərlik etdiyim kollektiv məktəbimizin adını uca tutmaq üçün hər zaman səy və məsuliyyətlə çalışır.
- Bu məktəbə rəhbər təyin olunmağınızı necə xatırlayırsınız?
- 1986-cı ildən
bu məktəbin direktoruyam. Məndən öncə gözəl
insan, əsl ziyalı Zivər xanım İbrahimova məktəbə rəhbərlik
edib. O, qəfil dünyasını dəyişdi
və bu qocaman təhsil ocağının idarəçiliyi
mənə həvalə
olundu. Məni təşkilatçı kadr kimi tanıyırdılar.
Konservatoriyanı bitirdikdən
sonra 10 il
Mədəniyyət Nazirliyində
çalışmışdım. Musiqi məktəbinə rəhbərlik
təklifinə ehtiyatla
yanaşırdım. Ona görə
ki, ailəmdə yolunu çoxdan gözlədiyimiz qızım
dünyaya gəlmişdi.
Amma bütün bu inamsızlığa unudulmaz
sənətkarımız Müslüm
Maqomayevin bircə məsləhəti ilə
son qoyuldu. O zaman
həyat yoldaşı
ilə Bakıya istirahətə gəlmişdi
və görüşümüz
zamanı mənə dedi: “Sənin təşkilatçılıq qabiliyyətin və məsuliyyətin yüksəkdir.
Sən bu işi bacaracaqsan”.
Artıq 31 ildir bu məktəbdəyəm, gözəl
kollektivimiz formalaşıb.
Məktəbimizdə yüksək savadlı,
professional pedaqoqlar çalışır.
Onların bu keyfiyyətləri
birləşib əsl
kadrı üzə çıxarır. Məktəbimiz son illər çox dəyişikliklərə məruz
qalıb. Bu dəyişikliklər Mədəniyyət
və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət
və Turizm Baş İdarəsinin böyük dəstəyi
ilə gerçəkləşib.
Yubileyimiz ərəfəsində
biz bu qayğını
bir daha hiss etdik. Çalışırıq ki, hər ilin başlanğıcında
qarşımıza müəyyən
məqsəd qoyaq və ona nail olaq. Respublikamızda və xaricdə
keçirilən bütün
müsabiqələrdə iştirak
edirik. Çox güclü xor
kollektivimiz var və hər zaman müsabiqələrdə
böyük nailiyyətlər
qazanırıq. Xalq çalğı
alətləri ansamblımız
da fəaliyyət göstərir. Məktəbdə ansambl, kollektiv yaratmaq çətin işdir. Çünki müxtəlif səbəblərdən
şagirdləri bir araya gətirmək asanlıqla başa gəlmir. Məncə, məktəbin keyfiyyəti
burada özünü
daha açıq göstərə bilir.
Əgər məktəb müxtəlif
alətlərdə mükəmməl
ifa edə bilən şagirdlərini
cəmləyə bilirsə,
demək orada yüksək təhsil var.
- Əsl
pedaqoq olmaq üçün hansı keyfiyyətlər önəmlidir?
- Pedaqoq üçün əsas şərt məsuliyyətdir.
Məsuliyyət və uşaqlara
xoş münasibət
varsa, bütün işlər qaydasında olur. Şagirdlərə gəldikdə isə,
bizim məktəbə
paytaxtın müxtəlif
istiqamətlərindən uşaqlar
gəlir. Əgər uşaq
istedadlıdırsa, o mütləq
uğur qazanaraq özünü təsdiq edəcək.
- Məktəbi
bitirən şagirdlər
bu sahədə yollarını nə dərəcədə davam
etdirirlər?
- Bu bir qismətdir və eyni zamanda seçimə
təsir edən müxtəlif səbəblər
var. Mən deməzdim
ki, bizim məktəbi bitirən əksər şagirdlər
məhz musiqini seçirlər. Məktəbimizi əla qiymətlərlə
bitirən çox istedadlı məzunlarımız
da bəzən tamam başqa sahələrə üz tuturlar. Bəziləri gələcəkdə maddi baxımdan daha sərfəli ixtisasları seçirlər.
Amma zaman-zaman məktəbimizdən
musiqi üzrə
ABŞ, Almaniya, Kanada,
Rusiya və digər ölkələrdə
təhsilini davam etdirən şagirdlərimiz
olub. Bizim təhsil ocağını
seçənlər ildən-ilə
daha da artır.
Uşaqların həm milli,
həm də xarici musiqi alətlərinə
marağı var. Vaxt var idi məktəbimiz
fortepiano üzrə daha
çox tanınırdı.
Amma bu gün hər
iki istiqamət eyni xətt üzrə inkişaf edir. Bəzən özümüz də uşağın istedadına uyğun istiqamət veririk. Mənə görə, musiqi insanı yaşadır.
Bütün janrlar, bütün
musiqi alətləri gözəldir. Yetər
ki, bu gözəlliyi
duya bilən qəlblər olsun...
Qəmər xanım söhbətimizin
sonunda gənc pedaqoqlara öz məsləhətini də
verdi:
- İntizamlı və vicdanlı olmaq, öz üzərində işləmək bütün nailiyyətlərin açarıdır. Fəaliyyətim dövründə hər zaman gənc kadrlara istiqamət vermişəm və onlar bu məktəbdə əsl pedaqoq kimi formalaşıblar. Özlərindən yaşlı həmkarlarına hörmətlə yanaşıb onların təcrübəsindən bəhrələnsinlər.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 26
aprel.- S.12.