İslam dünyası gənc klassik musiqi
ifaçılarının müsabiqəsi yekunlaşıb
Xəbər verdiyimiz kimi, Bakıda “Kainat” Gənclik Mərkəzinin ənənəvi layihəsi üzrə, İSESCO-nun, Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının VI Beynəlxalq müsabiqəsi keçirilib.
Aprelin 20-də Bakı Musiqi Akademiyasında (BMA) müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub.
Budəfəki müsabiqəyə Azərbaycanla bərabər 12 ölkəni - Türkiyə, Özbəkistan, Qazaxıstan, Tacikistan, Rusiya Federasiyası (Başqırdıstan, Tatarıstan, Dağıstan), Malayziya, Misir, Qırğızıstan, Küveyt, Mərakeş, İran və İndoneziyanı təmsil edən gənc istedadlar qatılıblar.
Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan etməsi və ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında münasibətləri, xüsusilə də mədəni əlaqələri daha da möhkəmləndirəcək. Son illər ölkə rəhbərliyinin böyük dəstəyi sayəsində Azərbaycan iri beynəlxalq mədəniyyət tədbirlərinə - festivallara, müsabiqələrə, forumlara uğurla ev sahibliyi edir. Nazir müavini mədəniyyətimizin dünyada təbliğində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə və münsiflər heyətinin sədri, BMA-nın prorektoru Yeganə Axundova altıncı dəfə keçirilən müsabiqənin coğrafiyasının ildən-ilə genişləndiyini bildiriblər. Vurğulanıb ki, layihə təkcə gənclərin istedadını nümayiş etdirmək cəhətdən deyil, həm də onları bir-birinə yaxınlaşdırmaq baxımından əhəmiyyətlidir.
Diqqətə çatdırılıb ki, fortepiano və orkestr nominasiyaları üzrə ümumilikdə 113 gənc iddiaçı dinlənilib.
Sonra müsabiqənin qaliblərinin adları açıqlanıb və onlar mükafatlandırılıb.
Sonda qaliblərin iştirakı ilə qala-konsert təqdim olunub.
Mədəniyyət.- 2017.- 26
aprel.- S.12.