Sənətə ülvi
tellərlə bağlı sənətkar
Azərbaycanın ilk peşəkar aktrisaları sırasında Xalq artisti Fatma Qədrinin xüsusi yeri var. Onun səhnədə ifa etdiyi rollar intəhasız zəhmətinin, sənətinə sonsuz vurğunluğunun bariz təsdiqi olub.
Fatma Qədir qızı Qədri 14 aprel 1907-ci ildə Odessa şəhərində dünyaya göz açıb. İbtidai təhsilini öncə mədrəsədə alır, burada iki il oxuduqdan sonra rus xalq məktəbində təhsilini davam etdirir. Çalışqanlığı ilə sinif yoldaşlarından fərqlənir. Ancaq ailəsinin kasıblığı, maddi çətinlik onu çox sıxır. Fatma Qədri sonralar həmin günləri belə xatırlayıb: “Həmyaşıdlarım al-əlvan geyinib gəzintiyə çıxanda, mən evdə oturub ağlayardım”.
Ancaq
vəziyyət belə davam etmir. Tale bu ailənin
də üzünə
gülür. Fatma 14 yaşında ikən
valideynləri Bakıya
köçür. O, sənədlərini
yeni açılan Azərbaycan Teatr Texnikumuna verir və qəbul olur. Sənətin sirlərini dərindən
öyrənir. Məktəbin direktoru Şövkət Məmmədova bu qərib qıza maddi dəstək verir. Texnikumun ilk məzunları aktyor diplomu alır.
Fatma Qədri 1927-ci ildə
Bakı İşçi
Teatrında (indiki Rus Dram Teatrı) səhnə fəaliyyətinə
başlayır. Cəfər
Cabbarlının “Sevil”ində
Gülüş və
Sevil, Hüseyn Cavidin “Şeyx Sənan”ında Xumar, Cəlil Məmmədquluzadənin
“Anamın kitabı”nda
Gülbahar, V.Hüqonun
“Paris Notrdam kilsəsi”ndə
Esmeralda və s. səhnə
obrazları yaradır.
1932-ci ildə teatr Gəncə şəhərinə
köçürülür və onun əsasında
Gəncə Dram Teatrı
təşkil olunur.
Fatma xanım burada az
çalışır. Xəstələnir və müalicə üçün Bakıya
dönür. Müalicədən sonra 1935-ci ildə Azərbaycan Dövlət
Dram Teatrına işə
dəvət edilir.
Həmin il
respublikanın Əməkdar
artisti fəxri adına layiq görülür. Dövlət Dram Teatrının səhnəsində
ilk rolu S.Vurğunun “Vaqif” tamaşasında Xuraman olur. O, ilk rolu ilə şöhrət
tapır. Xuramanın “Vaqif, ey sərvərim, ey tacidarım” misrası ilə başlanan monoloqu tamaşaçıların
sürəkli alqışları
ilə qarşılanır.
Görkəmli sənətkarın böyük ustalıqla yaratdığı rollardan
biri də S.Vurğunun “Fərhad və Şirin” tamaşasında Məryəm
rolu olur.
O, müsbət
rollarla bərabər mənfi rolları da məharətlə oynayıb. Ə.Haqverdiyevin “Pəri cadu”
əsərində Hafizə
xanımı belə obrazlardandır. Amansız və
zülmkar Hafizə məqsədinə çatmaq
üçün hər
cür hiyləyə əl atır. Odunçu Qurbanı cadu vasitəsilə yoldan çıxarır. Bir qul kimi ondan istifadə
edir. Sonda öz qəzəb
və hikkəsinin qurbanı olur.
1955-ci ildə İ.Səfərlinin
“Göz həkimi” pyesinin tamaşasında
professor Nina Nikolayevna rolunu
da böyük məharətlə oynayıb.
M.Hüseynin “Cavanşir” tamaşasında
Zübeydə Xatun, S.Rüstəmin “Qaçaq
Nəbi”sində Həcər
rollarını da eyni peşəkarlıqla canlandırıb. Dünya və
rus dramaturgiyasından
N.Ostrovskinin “Tufan”ında
Katerina, “Cehizsiz qız”ında Larisa, F.Şillerin
“Məkr və məhəbbət”də Luiza
teatr tarixində ən gözəl obrazlar kimi qalıb.
U.Şekspirin “Otello” faciəsində
isə onun oynadığı Emiliya rolu xüsusilə fərqlənib. Teatr həmin
tamaşa ilə Moskvada Azərbaycan ədəbiyyatı və
incəsənəti ongünlüyündə
(1959) iştirak edib.
Araşdırmalada göstərilir ki,
F.Qədrinin estetik gözəlliyə malik davranış və danışıq tərzi
Moskva tənqidçilərinin
rəğbətini qazanır.
Gənclərlə işləməyi sevən aktrisa uzun illər indiki Bakı Dövlət Universitetində
dram dərnəyinin rəhbəri
olub. Dəfələrlə yerli sovetlərə
deputat seçilib.
Əməyi yüksək
qiymətləndirilib, Xalq
artisti fəxri adına (1943) layiq görülüb. Teatra, sevdiyi sənətə ülvi və möhkəm tellərlə
bağlanan Fatma Qədri 1968-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn edilib.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 26
aprel.- S.14.