“Qarabağ - əsrlərin
salnaməsi”
“İrs” seriyasından yeni
nəşr çapdan çıxıb
“İrs” seriyasının yeni nəşri olan “Qarabağ - əsrlərin salnaməsi” kitabı işıq üzü görüb. Nəşrdə tarixi yurd yerimizin keçmişi və bu günündən, habelə XX əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, Dağlıq Qarabağın işğalından, Xocalı soyqırımından bəhs olunur.
Kitabın fəsillərinin hər birində mövzu elmi, tarixi mənbələrə istinadla təqdim olunur.
“Azıx mağarası” fəsli oxucuda bu məkanın qədimliyi haqqında dolğun təsəvvür yaradır. Qarabağın bəşəriyyətin ilk yurdlarından biri olduğu diqqətə çatdırılır.
“Məğrur albanlar” fəslində qeyd olunur ki, Qarabağ min ildən çox Qafqaz Albaniyası dövlətinin tərkibində olub. Alban çarları ilə qarabağlıları möhkəm vassallıq əlaqələri bağlayırdı. Bu əlaqələr birgə hərbi yürüşlərdə qurulur, çar əyanları və qohumluq vasitəsilə qorunub saxlanılır, vahid din hesabına möhkəmlənirdi. Alban mənşəli qarabağlılar üçün bu dövlət doğma idi və Qafqaz Albaniyasının ikinci paytaxtı Bərdə onların torpağında yerləşirdi.
Kitabın “Monqol istilası” fəslində müvafiq dövrdə Qarabağın strateji əhəmiyyəti, onun 1318-ci ildə elxanilərin Qızıl Orda Xanları ilə mübarizə mərkəzinə çevrilməsi əksini tapıb.
Oxucular nəşrdə, həmçinin XV-XVIII əsrlərdə Azərbaycanda müxtəlif müharibələr zamanı Qarabağın mövqeyi (“Müharibələrarası dövr” fəsli), Qarabağ xanlığının əsasının qoyulması, burada dövlətçilik istiqamətində görülən işlər (“Pənahəli xan Qarabağlı”), Ağa Məhəmməd şah Qacarın hücumu və Şuşanın müdafiəsi (“Yenilməz Şuşa”), XIX əsrin mürəkkəb siyasi prosesləri, Rusiya imperiyasının tərkibinə ilhaq olunduqdan sonra Qarabağın vəziyyəti, ermənilərin buraya köçürülməsi, Rusiya imperiyasının “parçala və hökm sür!” siyasəti (“Çətin seçim”) haqqında tarixi materiallarla da tanış ola bilərlər.
“Əcdadların torpağı uğrunda” fəslində isə XX əsrdə Qarabağın ictimai-siyasi, mədəni mühiti və sosial həyatı əks olunub. XX əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində yaşanan dəhşətli faciələr, işğal altında qalan ərazilərimizdəki abidələrin məhv edilməsi (“Nə unutmaq, nə də bağışlamaq” fəsli) haqqında məlumatlar verilib.
Yüksək poliqrafiya və nəfis tərtibatla işıq üzü görən nəşrdəki mətnlər çoxsaylı fotolar və illüstrasiyalarla müşayiət olunur. 2015-2016-cı illərə aid fotoşəkillər “Caviar-Press” agentliyi tərəfindən təqdim edilib. Tarixi fotoşəkillər “İRS” jurnalının arxivindəndir.
Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Paşa Həyat Sığorta” ASC-nin və “Silk Way Group” şirkətinin dəstəyi ilə “IRS Publishing House” tərəfindən nəşr edilib.
Layihənin rəhbəri baş redaktor Musa Mərcanlı, elmi məsləhətçiləri tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri namizədi Səbuhi Əhmədovdur. Kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.
Xatırladaq ki, “İrs” seriyasından
indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan - minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan -
Şərqin əfsanəsi”, “Məftun edən şəhər”,
“Bakı simfoniyası” kitabları nəşr olunub.
Mədəniyyət.- 2017.- 26
aprel.- S.15.