Türk Şurası İpək Yolu - ortaq turizm paketi

 

 

 

   Dost ölkələrin mədəni irsini təbliğ edən turizm layihəsinə start verilib

  

   Türkdilli ölkələrin mədəni irsini təbliğ edən turizm layihəsinin icrasına başlanılır. Türkdilli ölkələrin dövlət başçılarının 2015-ci ilin sentyabrında Astanada keçirilən zirvə görüşündə qəbul etdikləri qərara uyğun olaraq, dörd ölkənin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın birlikdə ilk dəfə həyata keçirdiyiTürk Şurası İpək Yolu - ortaq turizm paketi” layihəsinin icrasına başlanılıb.

   Üç ilə yaxın hazırlıq işləri aparılan layihə miqyasına görə seçilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin turizm məsələləri üzrə nazirliklərinin dəstəyi və turizm şirkətlərinin birgə iştirakı ilə həyata keçirilən layihədə ortaq turizm paketinin ilkin versiyası 14 günlük nəzərdə tutulub.

   Bununla əlaqədar İstanbulda təşkil olunan mətbuat konfransında Türk Şurasının baş katibi Ramil Həsənov layihənin əhəmiyyətindən danışaraq deyib ki, bu paket dünya turizm bazarında yeni məhsuldur. Baş katib Uzaq Şərqdən Avropaya qədər geniş ərazini əhatə edən turizm layihəsinin mədəniyyət turizmi olaraq, türk dünyasını tanımaq istəyən insanları bir araya gətirən alternativ istiqamət olduğunu vurğulayıb.

   Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın mediaturizm şirkətləri təmsilçilərinin qatıldıqları layihənin ilk mərhələsinə “Azərbaycan Hava Yolları”, “Air Astana” və “Türk Hava Yolları” şirkətləri dəstək verirlər. Türkiyədən startı verilən layihə çərçivəsində iştirakçılar Azərbaycan, Qazaxıstan və Qırğızıstana səfər edəcəklər.

 

Mədəniyyət.- 2017.- 28 aprel.- S.9.