Dünya kitab və
müəllif hüquqları günü qeyd edilib
Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxu zalında oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə 23 aprel - Dünya kitab və müəllif hüquqları günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri şöbə müdiri Mehriban Məmmədova açaraq əlamətdar günün tarixindən danışıb. Qeyd olunub ki, Dünya kitab və müəllif hüquqları günü UNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında U.Şekspir, M.Servantes və İ.Q.Veqanın xatirəsinə ehtiram olaraq təsis edilib.
II Nügədi 3 saylı məktəbin ədəbiyyat müəllimi Abdulla Məmmədov, kitabxananın əməkdaşı Validə Əmiraslanova çıxışlarında mütaliənin əhəmiyyətindən söz açıblar.
* * *
Xaçmaz rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Şəxsiyyətlər muzeyində mütaliə günləri keçirilib. “23 aprel - Dünya kitab və müəllif hüquqları günü”, “Kitab oxuyan təmkinli olar, sağlam qərar verər” və s. mövzularda kitab sərgisində elmin bütün sahələrini əhatə edən ən yeni nəşrlər nümayiş etdirilib.
Sərgidə Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyatı keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunmuş kitablar, Xaçmaz yazarlarının, dünya klassiklərinin əsərləri təqdim edilib.
Mədəniyyət.- 2017.- 28 aprel.- S.11.