Kino içində kino
Avqustun 2-də Azərbaycanda Kino günü qeyd olunur. Dünya kinosundan cəmi iki-üç yaş kiçik olan kinomuzun bayramında elə kinoda kino barədə yazmaq istədik.
Hollivud: həmişə
öndə
1928-ci il. Amerika. Kinonun nə demək
olduğunu geniş tamaşaçı kütləsi
tam anlamadığı bir
zamanda "İncəsənət
adamları" filmi ekranlara çıxır.
Aktrisa olmaq üçün Corciya ştatından Hollivuda gələn polkovnik qızı Peggi Pepper Billi ilə tanış olur. Billi ilə "Komet"
studiyasının komediyalarında
çəkilməyə razılaşan
Peggi "Yüksək
sənət" studiyasının
diqqətini cəlb edir. Beləcə, qəfil başlanan
sevgi macərası şöhrət uğrunda
savaş, əsl sənət nədir sualına cavab tapmaq üçün münaqişənin fonunda
kiçilir.
...Sonralar kino barədə
xeyli film çəkiləcək.
Düzünü deyim ki, adını çəkib
qısa məzmununu paylaşdığım "İncəsənət
adamları" filmini
nə görmüşəm,
nə də film üzərində çalışanların
adını eşitmişəm.
Amma “film
içində film” kateqoriyasına
daxil edilən ekran əsərlərindən
ikisi (biri serial olsa da) seyrçi
yaddaşımda dərin
iz buraxıb. Qleb Panfilovun "Başlanğıc"
filmi, bir də Valeri Todorovskinin "Yaz ağzı" ("Ottepel")
serialı.
Panfilovdan Todorovskiyədək
Görkəmli kino rejissoru
Qleb Panfilovun 1970-ci ildə prokata çıxan "Başlanğıc"
filmi rejissorun və onun həyat
yoldaşı, teatr və kino aktrisası
İnna Çurikovanın
ilk böyük uğuru
oldu. 32-ci Venesiya kino festivalında
quruluşçu rejissor
"Gümüş ayı",
baş rolun ifaçısı isə
"Qızıl ayı"
mükafatına layiq görüldü.
Maraqlıdır ki, Qleb Panfilov əvvəlcə kənddən kiçik şəhərə gəlib
toxuculuq fabrikində işə başlayan və təsadüfən istedadı parlayan Paşa Stroqanova haqqında film çəkmək
istəmirmiş. Lakin o, Fransanın
milli qəhrəmanı
Janna D’Ark barədə
film çəkmək üçün
SSRİ Kinematoqrafçılar İttifaqından razılıq
ala bilmədiyi üçün
başqa üsula əl atır. İncəsənətə böyük həvəsi
olan toxucu qız Paşa Stroqanovanın taleyi barədə ssenari yazır. Paşa özfəaliyyət dərnəyində məşğul
olur, zahiri görünüşünə görə ona həvəskar truppanın
tamaşalarında yalnız
Küpəgirən qarı
obrazı tapşırılır.
Amma günlərin bir günü Fyodor İqnatyev
adlı birisi növbəti tamaşadan sonra Paşaya yaxınlaşıb onu öz filmində əfsanəvi Janna D’Ark roluna çəkmək istədiyini bildirir.
"Başlanğıc"
filmi foto sınaq çəkilişləri,
eləcə də çəkiliş meydançasında
baş verən hadisələrlə boldur.
Rejissor
"film içində film" üslubu ilə həm müasir, həm də tarixi mövzuya müraciət edərək,
maraqlı film çəkməyə
müvəffəq olur.
Geniş
şöhrət qazanan
"Başlanğıc" həm də o zaman sovet filmlərinə
xas bir etalonu
sındırdı. Aktrisa
İnna Çurikova uzun illər boyu rus sovet
kinosunda "hökmran
olmuş" dalğalı
saçlı, sarışın,
azacıq sivri burunlu, üzündən təbəssüm heç
vaxt əksik olmayan slavyan mənşəli gənc qadın qəhrəmanlara
heç bənzəmirdi.
"Başlanğıc"
qeyri-standart görkəmli,
lakin böyük yaradıcılıq potensialına
malik İnna Çurikovanın sənət
karyerasının təməli
oldu.
...2013-cü ilin
dekabrında Rusiyanın
"Birinci kanal"ı
rejissor Valeri Todorovskinin "Yaz ağzı" serialını
yayımladı. 12 seriyadan ibarət film həm kino və
kino insanları haqqında idi. 1961-ci ildə baş
vermiş hadisələri
canlandıran filmin adı da təsadüfi
seçilməmişdi. Rus dilində "ottepel" sözü bir çox mənalarda işlədilir. Təbiətdə
qışın sonu, yazın ilk günlərində
havaların istilənməsini
ifadə edən bu söz həm
də keçmiş
SSRİ-də Nikita Xruşşovun
hakimiyyətə gəlişindən
sonra qısa müddətdə də olsa totalitar rejimin yumşalması, yaradıcılıq sərbəstliyinin
yaranma dövrünü
bildirən termin kimi işlədilir. Əslində, ideoloji buzlağın əriməsi
bu filmin qəhrəmanları, təsadüfən
filmə çəkilən
tələbə qızın,
böyük filmlər
çəkmək naminə
standart kolxoz komediyasında görkəmli
rejissora assistent olmağa razılaşan iddialı gənc rejissorun, çox yaxşı operatorun, baş rol oynamadan
qocalacağından qorxan
30 yaşlı təcrübəli
aktrisanın da taleyindən izsiz keçmir. Todorovski bu serialı
60-cı illərdə sovet
kinosunda yeni cığır açmış
atası - görkəmli
rejissor Pyotr Todorovskinin və onun həmfikirlərinin xatirəsinə həsr edib.
Bu kino ki var!..
Rejissor Eldar
Quliyevin "Var olun, qızlar!" filmi (ssenari müəllifləri Alla
Axundova və Hüseyn
Seyidzadə) 1972-ci ildə ekranlara
çıxdı. Film 1958-ci ildə dənizdə
boğulan dörd
azyaşlı qızı xilas edərkən
həyatını itirmiş yeniyetmə Tofiq Hüseynova həsr olunmuşdu. Həmin oğlan barədə çəkilən filmdə
baş rolu ifa edəcək İsa (aktyor Rafael Dadaşov)
o qızları axtarıb tapır və
özgə ömrünün hesabına yaşayan gənc xanımların hisslərindən
keçərək öz qəhrəmanını
tanımağa qərar verir. "Var olun, qızlar!"
bədii lentini "film
içində film" saymaq
da çətindir. Bununla belə,
kinematoqraf barədə
ştrixlərin yer aldığı film kimi də diqqəti cəlb edir.
Oqtay Mirqasımovun "Anlamaq istəyirəm"
filmi (1985) atalar-oğullar
münasibətindən, elm sahəsində uğurlar qazanmaqdan ötrü nələrə tablaşmaq,
kimlərə boyun əymək kimi həyat sınaqlarından
bəhs edir. Bu filmdə də
kino aləminə dair kiçik bir ştrix var. Baş qəhrəman Rüstəmin sevgilisi Rəna kinostudiyada işləyir. Bir tarixi
filmdə rejissor assistenti kimi çalışan Rəna
aspiranturanı atmış,
valideynlərindən küsmüş
Rüstəmin maddi vəziyyətini yaxşılaşdırmaq
üçün həmin
filmin kütləvi səhnələrində çəkilmək
üçün imkan
yaradır. Filmdə cəmi
bir neçə dəqiqə davam edən tarixi filmin çəkiliş prosesi kinematoqrafiyadan uzaq insanda da
kinonun necə yarandığı barədə
təəssürat oyadır.
Maraqlıdır ki, filmdəki
qocaman və əsəbi kino rejissoru roluna tanınmış rejissor Tofiq Tağızadə çəkilib.
Azərbaycan filmlərində kino barədə söz açıb Ceyhun Mirzəyevlə Vaqif Mustafayevin müştərək filminin
- "Bəyin oğurlanması"
filminin adını çəkməmək günah
olar. 1985-ci ildən telekanallarımızın
efirini bəzəyən
bu film güclü aktyor ansamblına görə ən sevilən kinolentlərdən
sayılır. Obrazlarının deyimləri zərb-məsələ
çevrilmiş filmin
süjetində kino yanaşı xətt kimi inkişaf edir. Qondarma ssenari əsasında
çəkdikləri filmin
uğuruna əmin olmayan çəkiliş qrupu kənddəki real toyu filmin süjetinə
çevirmək istəyirlər.
Əslində şəhərdən
gələn "kino çıxardanlar" öz
planlarının baş
tutmasının naminə
iki gəncin qovuşmasına nail olurlar.
* * *
...Kinematoqrafçıları
təbrik etmək, onlar haqqında xoş söz demək üçün xeyli yol, çoxlu
ifadə vasitəsi
var. Biz də onların
birini seçdik. "Film içində film"ə baxdıq.
Bayramınız mübarək!
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2017.- 2
avqust.- S.16.