Azərbaycanın dekorativ-tətbiqi sənəti
“Halı” jurnalının səhifələrində
Londonda nəşr olunan “Halı”
jurnalının 190, 191 və 192-ci saylarında Azərbaycan
dekorativ-tətbiqi sənətinə və 17-20 oktyabr tarixində
Bakıda keçiriləcək V Beynəlxalq Azərbaycan
xalçası simpoziumuna həsr olunmuş məqalələr
dərc edilib.
Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” 14 noyabr 2016-cı il tarixli sərəncamının icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlər aparılıb. 35 illik tarixə malik dünyaca məşhur nəşr tərəfindən bu mövzuya yüksək maraq göstərilməsi nazirliyin xarici informasiya siyasəti və beynəlxalq xalça birliyi ilə davamlı əlaqələrin qurulması istiqamətində uzunmüddətli fəaliyyətinin nəticəsidir.
Nazir Əbülfəs Qarayevin tapşırığı ilə 2016-cı ilin noyabr ayında ölkəmizin bölgələrinə təşkil edilmiş səfər nəticəsində “Halı” jurnalının redaksiya heyəti baş redaktor Ben Evansın rəhbərliyi ilə kifayət qədər maraqlı və bu vaxtadək xalça mütəxəssislərinə məlum olmayan materiallar toplayıb. “Halı” jurnalı qarşıdan gələn simpoziumun rəsmi informasiya əməkdaşı olaraq hazırda dünya kolleksiyalarında saxlanılan nadir Azərbaycan tikmələri mövzusunda yeni kitab layihəsi üzərində işləyir.
Jurnalın 191-ci sayında Azərbaycan Milli İncəsənət Muzeyinin ehtiyat fondunda saxlanılan XVIII əsrə aid xalça tikmələri ilk dəfə olaraq dərc edilib. Azərbaycan xalçalılıq sənətinin erkən dövrünə aid əjdaha təsvirli tikmələr beynəlxalq ekspertlər üçün yüksək maraq kəsb edir və ilk dəfə simpozium zamanı ekspozisiyaya çıxarılacaq. Xarici mütəxəssislərin “qafqazlı” adlandırdığı digər xalça növlərindən fərqli olaraq sözügedən tikmələr Azərbaycan maddi mədəniyyətinin yeganə nümunələridir ki, beynəlxalq ədəbiyyatda bütövlükdə məhz “Azərbaycan tikmələri” kimi qeyd edilir.
Yerli və xarici mütəxəssislərin birgə səyləri nəticəsində Azərbaycanın tarixi ərazilərindən olan xalçaların daha dəqiq atribusiyasına start verilib. Çox hallarda xalçaların mənşəyinin hansı regiona (məsələn, “Şirvan” və ya “Qarabağ”) aid olduğundan əlavə olaraq həmin torpaqların müasir Azərbaycan dövlətinə məxsus olması da qeyd edilir. Jurnalın 192-ci sayında Qarabağın unikal “Əjdahalı” xalçasının Azərbaycan xalçası adı altında təqdim olunması beynəlxalq elmi dairələrdə Azərbaycanın xalq tətbiqi sənətinin özünü təsdiqləməsidir.
Bundan başqa, “Halı” jurnalı oktyabrın 21-dən 27-dək Azərbaycan və Gürcüstana ilk kommersiya turunu təşkil edəcək.
Mədəniyyət
2017.- 23 avqust.-
S.8.