Əməkdar artist Mərdan Feyzullayev vəfat edib
Azərbaycan mədəniyyətinə itki üz vermişdir.
Respublikanın Əməkdar
artisti Mərdan Feyzullayev 2017-ci il
avqustun 13-də ömrünün
58-ci ilində vəfat
etmişdir.
Mərdan Feyzullayev 1959-cu il
fevralın 3-də Şəki
şəhərinin Kiş
kəndində anadan olmuşdur. 1979-1983-cü illərdə
M.Əliyev adına
Azərbaycan Dövlət
İncəsənət İnstitutunun
Dram və kino aktyorluğu fakültəsində,
1984-1989-cu illərdə B.Şukin
adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində
təhsil almışdır.
1983-cü ildə Şəki Dövlət Dram Teatrında
aktyor kimi yaradıcılıq yoluna
qədəm qoyan M.Feyzullayev, 1985-1989-cu illərdə
həmin sənət ocağında quruluşçu
rejissor, 1989-1998-ci illərdə
isə baş rejissor vəzifəsində
işləmişdir. Şəki
teatrında M.F.Axundzadənin
“Hacı Qara” komediyasında Xudaverdi, U.Şekspirin “Romeo və Cülyetta” faciəsində
Paris, K.Çapekin “Ağ
xəstəlik” əsərində
Professor, K.Morlonun “Böyük
Teymurləng” tarixi dramında Çingiz xan və s. obrazlar yaratmaqla yanaşı, həmçinin
C.Məmmədquluzadənin “Dəli yığıncağı”
və “Danabaş kəndinin məktəbi”,
H.Cavidin “İblis”, N.Dumbadzenin “Ağ bayraqlar”, M.Bulqakovun “Ustad və Marqarita”,
B.Vahabzadənin “Dar ağacı”,
Ə.Nesinin “Sən Qara deyilsən”, İ.Drutsenin “Kürən
yabı”, Ç.Aytmatovun
“Əsrə bərabər
gün”, Anarın “Təhminə və Zaur”, M.Bayciyevin “Duel”, V.Səmədoğlunun “Yayda
qartopu oyunu”, S.Vurğunun “Vaqif” tamaşalarına maraqlı
quruluşlar vermişdir.
Mərdan Feyzullayev 1999-cu ildən
Moskvada yaşayırdı.
Moskva şəhərində fəaliyyət
göstərən «Dərviş»
Azərbaycan teatrının
direktoru və bədii rəhbəri idi. Sənətçi
Moskvada “Na Perovskoy”,
Simonov adına dram teatrlarında,
“Kölgə”, Komediya,
“Zümrüd quşu”
teatrlarında müxtəlif
səhnə əsərləri
(E.Fedotovun “Moskvasayağı
reinkarnasıya”, Ə.Nesinin
“Öldür məni,
əzizim!”, S.Vannusun
“O şah, ya qeyrisi”, S.Mrojekin “Serenada”, R.Kiplinqin “Fil balası”, E.Şvartsın “Kralın
yeni libası” və s.), eləcə də “Dərviş” Teatrında M.F.Axundzadənin
“Lənkəran xanının
vəziri”, Elçinin
“Şekspir”, B.Vahabzadənin
“Gülüstan”, Ü.Hacıbəylinin
“Arşın mal alan”,
N.Gəncəvinin “Leyli
və Məcnun”, C.Məmmədquluzadənin “Anamın
kitabı” kimi janr etibarilə rəngarəng tamaşalar
hazırlamışdır.
Mərdan Feyzullayevin xatirəsi
onu tanıyanların qəlbində daima yaşayacaq.
Allah rəhmət eləsin.
Mədəniyyət 2017.- 23 avqust.-
S.10.