Nizami ünvanlı “yeraltı muzey

 

   Bakı metropolitenininNizami” stansiyası paytaxtımızda 1967-ci ildən fəaliyyət göstərən yeraltı nəqliyyatın ən məşhur dayanacaqlarından biridir. Bunu şərtləndirən başlıca səbəb stansiyanın daxilinin ecazkar mozaik pannolarla bəzədilməsidir.

   Qatarla bura gələn və dahi Üzeyir Hacıbəylinin məşhur “Sənsiz” romansının sədaları altında stansiyanın vestibülünə çıxan sərnişinlər başqa yerdə görə bilməyəcəkləri gözəllik aləmi ilə qarşılaşırlar. Milli memarlıq ənənələrindən istifadə olunmaqla yaradılan geniş vestibülün qatarlara tərəf gedən tağlı keçidlərinin-pilonların aralarında yerləşən Nizami Gəncəvi mövzulu çoxsaylı mozaik təsvirlər qeyri-adi bədii tutumuna görə diqqəti cəlb edir, sərnişinləri ayaq saxlayıb bu gözəlliyə baxmağa məcbur edir. Onların arasında məxsusi olaraq bu süjetli kompozisiyaları əyani görmək üçün ora gələnlər də az deyil. Budəfəki söhbətimiz həmin gözəllik məkanının - “yeraltı muzeyin yaranma tarixçəsi haqqındadır...

   Öncədən deyək ki, bu gün dünyada mövcud olan metro stansiyaları arasında daxili bəzəyinin gözəlliyi ilə sərnişinləri heyran edənlər az deyil. Mütəxəssislər hətta bu yeraltı gözəlliyin hamını cəlb edən və duyğulandıran estetikasının reytinq cədvəlini də müəyyənləşdiriblər. Dünyanın belə yeraltı gözəllik məkanları sırasında İtaliya, ABŞ, İspaniya, Rusiya, İsveç, Almaniya və Çinlə yanaşı Azərbaycan metrosunun adının da yer alması, əlbəttə, hər birimizi qürurlandırır.

   Memarı akademik Mikayıl Hüseynov (1905-1993) olan bu stansiyanın çoxsaylı mozaik pannolarla bəzədilməsi ideyası Xalq rəssamı Mikayıl Abdullayevə (1921-2002) məxsusdur.

   Memarın təqdim etdiyi layihə fərqli tutuma malik idi. Sonralar Mikayıl Abdullayev layihəni belə şərh edirdi: “70 metrə qədər uzanan yeraltı salonun baş divarında veriləcək təsvirin mövzusu bizi çox düşündürdü. Layihə üçün müxtəlif variantlar yoxlanıldı. Baş memarın ilk variantında yalnız postament üzərində Nizami büstünü qoymaq nəzərdə tutulmuşdu. Mənim fikrimə isə əvvəl qədim Gəncənin mənzərəsi-panoramı gəlirdi. Arada bir divardakı texniki xidmətlər üçün nəzərdə tutulan tək qapını qoşalayaraq hazırda Gelati monastırında (Gürcüstan - red.) saxlanılan XII əsr Gəncəsinin dəmir darvazalarının dublikatını həmin panorama calamağı qət etdim. Lakin layihənin maketində hiss olunurdu ki, bunların heç biri “Xəmsə”ni lazımınca ümumiləşdirə bilməz. Çünki salonda fikir mərkəzi alınmırdı. Yalnız dahi şairin, hündürlüyü üç metrdən artıq irihəcmli boyaboy portret obrazı interyerin ansamblında mövqe tuta bilərdi. Elə də oldu. Sərnişinləri üzüaşağı gətirən eskalatorun sonuncu pillələrindən görünməyə başlayan şairin əzəmətli fiquru 70 metrdən salonun daxilində fikir mərkəzi yaratmalı idi”.

   1973-cü ildə baş tutan bu yaradıcılıq mükaliməsinin nəticəsində yeraltı salonun “Xəmsə” mövzusunda işlənmiş 18 mozaik pannoşairin iriölçülü portreti ilə bəzədilməsi barədə razılığa gəlinir. Davamlı axtarışlardan sonra Mikayıl Abdullayev “yeraltı muzeyin ekspozisiyasına dahi söz xiridarının “Xəmsə”sinin bəşəri-fəlsəfi mahiyyətini əks etdirən süjetləri daxil edir. Salonun divarlarındakı mozaik əsərlərdə “Sirlər xəzinəsi”ndən “Bayquşların söhbəti”, “Kərpickəsənin nağılı” və “Sultan Səncər və qarı”, “Xosrov və Şirin”dən “Fərhad Bisutunda”, “XosrovŞirin”, “Fərhad və Şirin”, “Leyli və Məcnun”dan “Məcnun və atası”, “Leyli və Məcnun”, “Leylinin qəbri üstündə”, “Yeddi gözəl”dən “Simnarın faciəsi”, “Bəhram və əjdaha”, “Bəhramın hünəri” və “Fitnə”, “İsgəndərnamə”nin isə hər iki hissəsindən - “Şərəfnamə” və “İqbalnamə”dən üst-üstə beş səhnənin: “İsgəndər və çoban”, “Yeddi alim”, “Nüşabə və İsgəndər”, “Daranın ölümü”, “Nəqqaş Mani” səhnələrinin əks olunması qərara alınır.

   Təbii ki, rəssamın işi salonda yerləşdiriləcək süjetlərin müəyyənləşdirilməsi ilə bitmirdi. Ən çətini və önəmlisi bu mozaik pannoların yeraltı tikilinin divarlarında “itməməsi”, monumentallığa yüksəlməsinin əldə olunması idi. Çünki təsvirlər kətan üzərində rənglə yox, tikilinin divarında fərqli estetikaya malik kiçik rəngli smaltalarla ərsəyə gətirilməli idi. Başqa sözlə desək, bu prosesin uğurlu nəticəsi həm də sənətlərin - memarlıqla təsvirli mozaikanın sintezi ilə təsvirlərin təsirliliyini əldə etmək olmalıydı. Bunun ilk növbədə miqyas seçimindən asılı olduğunu professionallıqla duyan və fəhmən hiss edən Mikayıl Abdullayev Nizaminin kompozisiyada dominant rolunu oynayan portretini miqyas etibarilə on səkkiz süjetdən iki dəfə böyük işləməklə arzulanan sintezin monumentallığının əldə olunmasına kökləyə bilmişdir, desək, həqiqəti söyləmiş olarıq.

   Rəng palitrası bir qayda olaraq əlvanlığına görə başqalarından fərqlənən və milli bədii ənənələrlə səsləşən görkəmli fırça ustası bu mozaik pannolarda smaltanın şərti-lakonik rəng çalarlarından istifadə etməklə, bütünlükdə kompozisiyaların miniatürsayağı - incə və cəlbedici kolorit almasına nail olmaq arzusundaydı. Qarşı-qarşıya duracaq mozaikalar arasında baxış məsafəsinin çox yaxın - yeddi metr olması da müəllifdən əsərlərin bir-birinə mane olmamasını şərtləndirən daha incə çalarlı rəng keçidləri tapmağı tələb edirdi. Amma o vaxtlar satışda olandaha çoxcingiltili” rənglərə malik smaltalarla buna nail olmaq demək olar ki, mümkünsüzdü. Bu məsuliyyətli və mürəkkəb yaradıcı işin Bakı şəraitində icrasını həyata keçirəcək ustaların tapılması da çox çətin məsələydi. Odur ki, rəssam fərqli çıxış yolu axtarmağa məcbur olur.

   Həmin günləri xatırlayan M.Abdullayev yazır: “Elə bu səbəbdən SSRİ Rəssamlıq Akademiyasının Leninqraddakı mozaika emalatxanasına müraciət etməli oldum. Bu emalatxananın imkanları çox böyükdür: smalta əridən yüksək hərarətli xüsusi sobalar var. Burada işləyən ustalar müəllif eskizlərinin ən xırda çalarlarını belə təkrar edə bilirlər. Heç təsadüfi deyil ki, sovet rəssamlarının fəxri Aleksandr DeynekaMayakovskayametro stansiyasının tərtibatından tutmuş “Xokkeyçilər” və “Xoş səhər” mozaik pannolarına qədər otuz ildən artıq bir müddətdə yaratdığı bütün mozaik işlərinin icrasını adətən Leninqraddakı həmin emalatxanaya etibar etmişdir”.

   Beləliklə, rəssam eskizlərinin orijinal ölçülü mozaik pannoya çevrilməsi həmin nüfuzlu emalatxananın ustalarına tapşırılır. Davamlı səylərin nəticəsində şimallı mozaikaçılar rəssamın çəkdiyi eskizlərin kolorit incəliyini əldə etməklə, əsl sənət nümunəsi sayıla biləcək pannolar yarada bilirlər. MetronunNizami” stansiyasının 31 dekabr 1976-cı ildə baş tutan açılışında həmin mozaik pannoların əksəriyyəti artıq hazır idi. Üç il sonra - 1979-cu ildə isə qalan bir-neçə panno da “yeraltı muzey”də öz yerini tutdumetronun tərtibat işi bununla başa çatdı.

   Bu mozaikaların estetik tutumunu dəyərləndirməli olsaq, ilk növbədə onların duyulası bədii stilizə və ümumiləşdirmələrlə yanaşı, həm də rəng yığcamlığına və incəliyinə, cəlbedici siluet ifadəliliyinə malik olduğunu vurğulamalıyıq.

   Qırx ilə yaxındır ki, metronunNizami” stansiyasının daxilinə xüsusi gözəllik bəxş edən tərtibatın dünya reytinqlərində yüksək yer alması bir daha memar M.Hüseynov və rəssam M.Abdullayevin birgə yaradıcılığının nəticəsi olan “Xəmsə” ünvanlı monumental sənət nümunəsinin unikallığını təsdiqləyir.

   Yeri gəlmişkən deyək ki, paytaxtın mürəkkəb hidrogeoloji şəraitli bir yerində qərarlaşmış bu “yeraltı muzeyin pannolarını əvvəlki görkəmində saxlamaq o qədər də asan məsələ deyil. Odur ki, mozaikalar və onları saxlayan dəmir-beton konstruksiyalar daima nəzarətdə olmalı, korroziyaya uğramış hissələr vaxtında bərpa olunmalı və yaxud yenilənməlidir. Elə 2016-cı ilin sonlarından burada aparılan əsaslı təmir işləri də bu məqsədə xidmət edir. Əlavə edək ki, indiki bərpa işində M.Abdullayevin tələbəsi olmuş Zöhrab Cabbarov, keramika üzrə mütəxəssis Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev iştirak edirlər...

  

   Ziyadxan Əliyev

   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət 2017.- 23 avqust.- S.12.