Poeziyamıza gözəllik bəxş edən
şairə
Mirvarid Dilbazinin anadan olmasından 105 il ötdü
Rəngarəng yaradıcılığı ilə ədəbiyyatımızda
iz qoyan şairlərdən biri də Mirvarid Dilbazidir. O, düşündürən
poeziyası ilə XX əsr ədəbi yaddaşımızın zənginləşməsinə
mühüm töhfələr
verib.
Mirvarid Paşa qızı
Dilbazi 19 avqust 1912-ci ildə Qazax rayonunun Musaköy kəndində dünyaya göz açıb.
Erkən
çağlardan atasını
itirib, babası Mustafa
ağanın himayəsində
qalıb. Böyüdüyü mühit onun istedadlı bir gənc kimi formalaşmasına ciddi təsir göstərir.
Mirvarid
ilk olaraq Daş Salahlıdakı Heydər
əfəndinin ibtidai
məktəbində təhsil
alır və istedadı ilə müəllimlərinin diqqətini
çəkir.
1920-ci ildə maarif xadimi Mədinə Qiyasbəyli təhsilini davam etdirmək məqsədilə onu Bakıya - seminariyaya aparır. O, sonralar seminariya ilə bağlı xatirələrində
yazırdı: “Müəllimlərimiz
namuslu, vüqarlı və qeyrət məktəbi bitirmiş ziyalı vətənpərvərlər
idilər. Burada hər şey
şagirdin istedadı
ilə ölçülürdü.
Odur ki, o illərdə qız və oğlan seminariyalarında
oxuyanlar arasında çoxlu istedadlar yetişdi. Axşamlar Nəriman Nərimanov
arvadı Gülsüm
xanımla məktəbimizə
gəlirdi. Hamımız onların başına toplaşırdıq. Doktor bizə
şeir əzbərlədir
və nəğmə
oxutdurardı. Keçmişdən, gələcəkdən maraqlı
söhbətlər edirdi.
Xüsusilə, gələcək haqqında elə şirin danışırdı
ki, biz uşaqlar quş olub, o gözəl gələcəyə
uçmaq istəyirdik.
N.Nərimanov özü də
buna inanırdı.
O, fikrə gedəndə
biz çiyninə söykənir,
ona sığınırdıq.
Məktəbimizdən gedəndə isə
yaman darıxırdıq.
Doktor Nərimanov bizim üçün dünyanın
ən əziz, ən doğma və ən maraqlı insanlarından idi. Bir axşam yenə
məktəbin çıraqları
yandı. Biz böyük salonda doktor N.Nərimanovun ətrafına toplaşdıq.
O, bizdən gec ayrılıb getdi. Bir neçə ay gözümüz
yolda qaldı. O,
bir daha məktəbə gəlmədi.
1925-ci ildə Nərimanovun
ölüm xəbərini
eşitdik...”.
M.Dilbazi seminariyada təhsilini
başa vurduqdan sonra Biləcəridəki
onillik dəmiryol məktəbində oxuyur.
1928-ci ildə Bakının Zavokzalnı
küçəsindəki rus
məktəbinə dəyişilir.
Buradan məzun olduqdan sonra indiki Azərbaycan
Dövlət Pedaqoji Universitetinə qəbul olunur. Şairə “Bənövşələr üstündə
göz yaşları”
kitabında o günləri
belə xatırlayır:
“1929-cu ildə Ali Pedaqoji
İnstitutun Ədəbiyyat-ictimaiyyat
fakültəsinə daxil
oldum. Sabit Rəhman, Cəfər
Xəndan, Məmməd
Rahim də burada oxuyurdular. Müəllimlərdən Ə.Nazim, Ə.Sultanlı,
B.Çobanzadə yadımdadır.
Əli Sultanlı Qərb, Əli Nazim isə proletar ədəbiyyatından
dərs deyirdi...”
1928-ci ildə
“Maarif və mədəniyyət” jurnalında
çap etdirdiyi “Qadınların hürriyyəti”
adlı şeirlə ədəbi aləmə gələn şairə Azərbaycan qadınının
sosial vəziyyəti,
məişətdə və
cəmiyyətdə mövqeyi
məsələsinə həssaslıqla
yanaşırdı. “Bizim
səsimiz”, “İlk bahar” adlı kitablarında yer alan “Qurtuluş”, “Zəhra”, “Qadın”, “Ayişənin anası” və s. şeirlərində
cəmiyyətdə qadınlara
qarşı ədalətsizliklərlə
mübarizə ruhu hakimdir.
M.Dilbazi 1932-ci ildə ali
təhsilini başa vurur və təyinatla
Quba Partiya məktəbinə ədəbiyyat
müəllimi təyin
olunur. İki ildən sonra
Bakıya qayıdan şairə “Şərq qadını” jurnalında
ədəbi işçi
kimi fəaliyyətə
başlayır. SSRİ
Elmlər Akademiyası
Azərbaycan Filialının
Əlyazmalar fondunda şöbə müdiri
(1934-1938), Azərbaycan Dövlət
Nəşriyyatında tərcüməçi
(1938-1940) vəzifələrində çalışır.
II Dünya
müharibəsi M.Dilbazinin
yaradıcılığında mühüm yer tutur. Bir çox şairlərimiz
kimi, o da yaradıcılığında bu mövzuya geniş yer ayırıb. Bu illərdə şairənin
yeddi kitabı çap olunub. O, daha sonra “Məhsəti”,
“Əlcəzairli qız”,
“Partizan Aliyə” adlı poemalarını qələmə alıb. Müharibə mövzusunda yazdığı
şeirlərində ideya-məzmuna
xüsusi yer ayıran müəllif
forma əlvanlığına, obrazlı ifadəyə böyük səy göstərib.
Cənub mövzusuna həsr
etdiyi şeirlərində
isə sonsuz kədər, nisgil aparıcıdır. Bu şeirlərdə
bənzətmələr insanın
hiss və duyğularına
hakim kəsilir. “Araz, niyə lal axırsan, Könül evin viran kimi?”, “Niyə dedin, orda təksən”, “A qürbətdə bitən
çiçək, Körpə
gözün niyə doldu?” kimi poetik
ifadələr müəllifin
könül dünyasının
zənginliklərindən soraq
verir. Duyğularının tərcümanı olan və həyat
müşahidələrindən yoğurulan bu bədii nümunələr
oxucular tərəfindən
maraqla qarşılanıb.
Bəstəkarlardan Süleyman
Ələsgərov, Tofiq
Quliyev, Fikrət Əmirov, Şəfiqə
Axundova, Ağabacı
Rzayeva və başqaları şairənin
sözlərinə mahnılar,
romans və oratoriyalar bəstələyiblər.
Görkəmli şairənin xalq, vətən qarşısında xidmətləri yüksək qiymətləndirilib. O, “Şərəf nişanı” ordeni, “Qafqazın müdafiəsi üçün”, “Əməkdə fərqlənməyə görə” medalları ilə təltif edilib. 1979-cu ildə “Xalq şairi” fəxri adına layiq görülüb.
Mirvarid Dilbazi 12 iyul 2001-ci ildə vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət
2017.- 23 avqust.- S.13.