Tofiq Tağızadə -
nə qədər açmağa
çalışsan da, bir
sirr olaraq qalası ekran azmanı
Filmlərindəki obrazların cəmi kimi, flaqman-kameraman, fenomenal rejissor, universal kino xadimi. “Kino-dəstgah”, “kino-geniy”, “sinema-adam” kimi ləqəblər “hədəfi”.
Kinematoqrafiya aləminin
“əlbəsə”sindən tutmuş “söz-göz” fəlsəfəsinədək yüzə-yüz
bələd fenomen...
Sənətkarlığı da, həyatı
da qəribəliklərlə
dolu Tofiq Tağızadənin bu ömürlük məhəbbət
işinə gəlişində
də, gedişində
də “sıradanbir”lik
yox. Böyük
kino təsərrüfatının
“qara işlər”inə
çox yubanmasa da, müstəqil rejissorluq görəvinə
bir qədər gec - otuz beş yaşında gəlib. Amma bu işə Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun
(Moskva) Kinorejissorluq fakültəsini bitirib
(1953), “Azərbaycanfilm” kinostudiyasında
- zahirən “başıaşağı”
təzə işçi
kimi, daxilənsə, çox yüksək fazalı bir energetika ilə başlayıb. İki il keçmiş
(1955) Azərbaycan ekranına
“Görüş” adında
mükəmməl bir
film verib.
Kinoşünaslarımızın ümumqənaətinə görə, T.Tağızadə
Azərbaycan kinosuna özünəməxsus yeni
nəfəs, orijinal baxış gətirmişdir.
O öz istedadı sayəsində qapalı sovet zəmanəsinin kameralara yasaq etdiyi milli duyğularımızı,
“məxfi”ləşdirilməyə cəhd edilən mədəni-mənəvi nüanslarımızı
da ekran “reklam”ına çıxarmağa, problemləri
ekran-salon “tərəf-müqabil”liyinə
təqdim etməyə
çalışıb. Onun filmlərini
seyr etdikcə, bu qənaətlər tam şəkildə təsdiq
olunur. Kino-seans zamanı bu “tərəf”lər arasında,
az qala,
proporsional bir izləmə situasiyası
yaşanır; biri bilavasitə, o biri bilvasitə. Qəribə səslənsə də deyim ki,
T.Tağızadə bütün
filmlərində gözə
işləyib, baxışlar
dramaturgiyası yaradıb.
Onun özünün seçdiyi
aktyorlarda və əlbəttə, ssenarilərə
əsaslanaraq yaratdığı
obrazlarda baş “qəhrəman” gözlər,
baxışlar, bütün
psixolojilikləri sərf-nəzər
edən nəzərlərdir.
Sözsüz ki, bunların təqdimatında
kinooperatorun da rolu az deyil, ancaq axı,
baş proqram-layihə
sahibi rejissordur! İndi, gəlin, bu sayaq nümunələrə
elektron-media vasitələrindən
tam fərqli olan qəzet, yazı-pozu imkanları daxilində baxaq. Bəri başdan bunu
da deyim ki, sözügedən nüans onun çəkdiyi filmlərin
hər birində qabarıq alınıb - yəni bu seçimdə
heç bir xəyali-əyani püşkə
ehtiyac yoxdur. Və yəqin ki, o filmlərin hər birindən göz önünə çəkib
“göstərəcəyimiz” o ən dramaturji məqamların iki-üçündən
artığına da ehtiyac yoxdur.
Məsələn;
“Arşın
mal alan” (1965). Bu filmdəki Gülçöhrə
ilə Əsgəri istisna edib (axı,
filmlərdə bütün
enerji, maddi-mənəvi
maya baş qəhrəmanların təqdiminə
xərclənir!), bütün
xəyal-göz diqqətimizi
qulluqçu Tellinin, qardaşqızı Asyanın
və nökər Vəlinin üz-gözlərinə
yönəldək. Gözümüzü
çəkmədən fikirləşək:
əgər bu minbir sözlü gözlər olmasaydı (və ya məsələ
yalnız aktyorların
“dubl”larsız baxışları
ümidinə qalsaydı),
o iki qızın qəlblərindəki ər
umu-həsrəti, ailə
arzu-murazlarını təkcə
sözün bəyanı
ilə bu qədər heyrətamiz bədiilik-reallıq-sentimentallıqla qavraya biləcəkdikmi?..
“Dədə
Qorqud” (1975). “Qoşa badam sığmayan dar ağızlım”, “bəy
ərənlər, “dünya-mənimdir”
- deyənlər!”, “Xanım,
hey!” və sair bu kimi gözəl
kəlmələr, kəlamlar.
Bəs, digər saysız-hesabsız
məsələləri, həcm
darlığı üzündən
ssenarist qələmindən
“yayınmış” mətləbləri
necə verməli?
Əlbəttə, rejissorun
fəhm-fantaziya “göz”ü
ilə! Bəs buradakı yaramazlıq
eşqilə parlayan bir cüt göz
- Yalıncığın bərəlmişləri
necə görsədilir?!
Hər iki-üç
kirpikçalımımızda dəyişən kadrlarda
“nə ağlarsan, nə sızlarsan, nə bozlarsan” simfoniyası bəstələyən
baxışlar! Filmin dili ekranın “o tay”ındakı dustaq “tamaşaçı”ya “oğul,
oğul!..” deyə inildəyirkən,
gözləri “bu tay” tamaşaçılara
(xalqa) belə-belə
fikirlər aydırır:
“göz yaşlarına
gömül, “mərə
kafir”lərin bizə verdiyi tarixi zülmlərdən ayıl,
bir ol, yüzbir
doğul!.. Bu söylənməz
sözləri Dədəmizin
“evdən çıxıb
yürüyəndə sərv
boylum” deyə öydüyü gözəlin
- “boyu uzun Burlaxatun”un bəbəkləri
nəql edir...
Növbəti
“göz ovu” məsələsini belə
başlamaq istərdim:
T.Tağızadənin “Uzaq
sahillərdə”ki (1958) gözlərindən
heç nə yayınmayıb. Özü də buradakı
gözlər seyri-təsviri
dialoqdan çox, qeyri-tətbiqi monoloq ərz edir. Əksəriyyəti konspirativ
(bu an “konslager”ativ deyimi də keçdi fikrimdən) “status”lu baxışlar
(bir çox kadrlardakı Anjelika-Mixaylo
cütlüyünün faşizmə
nifrət, bütün
gözəlliklərə məhəbbət
izharlı nəzərləri
istisna edilməklə).
Mayor Şultsun “şeytandır,
iblisdir!”, Mazellinin “...deyərsən
sinyor Ma “Faust”u ucadan oxuyurdu”, Rosselininin “Oo... xatırladım, gülsatan
qız”, Luicinin “Həmin dalğa, həmin koordinat” və sonda Veselinin
atasının Mehdiyə
“Yox, mən də səninlə qalacağam!” epizodlarındakı
gözlərin hər
biri ayrılıqda müstəqil bir kino-baxış vahidi, ansamblda isə Göz ilə Sözün mükəmməl
duallıq qalereyası...
Və canlı həyat pavilyonlarından, o dövrlərdə
(elə həmişə)
kino-teatr salonlarından,
tele-ekran qarşılıqlarından
eşidilən -
“Za kadr”vari düşüncələr...
Yazı-pozu və kino-televizionçular
leksikonunda tez-tez işlədilən “kadrarxası”,
“mətnaltı”, “şüuraltı”
kimi işgüzar terminlərə - Tofiq Tağızadə fəndlərinə
binaən - daha birisini əlavə etmək olar: “fikirarxası”. Bunun açması üçün
onun filmlərindən
beş-üç epizodu
xatırlamaq kifayət
edər. Deyim ki,
həmin kadrların daha dərindən incələnməsi üçün
o filmlərin yaradıldığı
dövrün siyasi cövri-cəfalarının da
fərqinə varmaq gərək. Məsələn,
1959-cu ildə çəkdiyi
“Əsl dost” filmində
onun bəlli “müttəfiq”lik “dostu” haqda “milli” sovet
tostu deməkdən başqa nə çarəsi qalırdı?
Və elə burdaca qeyd edək
ki, ömrünün
son çağlarında ekranlaşdırdığı
“O dünyadan salam” filmində bu rejissorun ustalıqla düzənlədiyi qəbiristanlıqdan
qaçış epizodu
respublikaların elə
həmin SSRİ “müttəfiq”stanından
“xortdayıb” qaçmasını
ehtiva edir. Yaxud, “Babamızın babasının babası”
(1981) filmindəki məzlum
babanın sinninin
“Lenin baba”mızın yaşından
da artıq olduğunu vermək üçün quzu mələrtisindən başqa,
daha nə kimi “tryuk”a əl
atmaq olardı?..
Ovaxtların proletar “elitar”ları
KİV-də Gəray
bəyin özünü
(tipoloji aspektdə - bəyliyi) güllələdiyi
epizodda onun içəri girib qapını bağlamasını
mental keçmişimizin “kitabının
bağlanması” və
həmin an-ardınca komsomol Bəxtiyarın (elə həmin aspektdə - bolşevizmin)
digər bir qapını açmasını
rejissorun “sovetlər perspektivi”ni təsdiq tryuku kimi təqdir-tərif
edirdilər. Milli ara-bərə söhbətlərində
isə bu kimi nüanslar “bir şirinin xatirinə yüz acı” deyiminə bab dəyərləndirilirdi;
tutalım, yeddi komsomol “yoldaş”ın bir bəyi qətlə
yetirə bilməməsi
və onun özünə açdığı
atəşdən də
öldürücü səslənən
qəhqəhəsi! Hələ
“komsomol kişi”sinin qadına əl qaldırması...
Gəlin, onun “Uzaq sahillərdə” kino-şedevrinə
bir də yanaşaq. Həm də ona görə ki, Tofiq Tağızadənin özü də kinoya - bu böyük
sənət səltənətinə
müharibə alovlarından
keçib (barmaqlarından
birini səngərdə
qoyub) qayıtmışdı.
Bu filmdə isə
belə bir milli sənət “barmağı” da var ki, çoxları
hələ ovaxtlar da bunun fərqinə
varmamışdı. Bu, bizim doğma Mehdi -“Mixaylo”muzu, bir çox rusofil rejissorlar kimi yarısovet (rus) balası kimi yox, tərtəmiz
Azərbaycan övladı
kimi təqdim edilməsi cəsarətliliyindən
ibarət bir ibrət! Nə vardı - ssenaridən kənara çıxıb,
“Mixaylo”ya bir-iki “qardaş sovet” kəmərbəstələri qoşub-quraşdırıb,
onun “böyük qardaş” filiallarını
yaratmağa...
Yox, istedadlılığı qədər də prinsipial, “hər şey ali sənət üçün!” kredolu bu rejissor başdan-başa özgən-özgür bir ömür yaşadı. O qədər güzəştsiz ki (əlbəttə, yüksək sənət naminə), kinostudiya və pavilyonlarda az qala filmlərindəki bir-birindən maraqlı obrazlar qədər “maraqlı” düşmənlər “qazandı”. Belə bir dövr də (“Hər aşiqin dövranı var”) gəldi ki, ömrünün sonlarına yaxın bir “kimsə”dən “daha bu studiyaya gəlmə” eşitməli və “axı, mən bu studiyanı yaradanlardan biri olmuşam!” deməli olub...
Və... o qədər maraqlı sənətkar və şəxsiyyət haqda bu qədər...
Tahir Abbaslı
Mədəniyyət
2017.- 25 avqust.-
S.13.